Hindistan və Pakistan yenidən üz-üzə...

post-img

Dünən Pakistanın müdafiə naziri Xavaca Asif Kəşmirdə baş verən terror aktı ilə əlaqədar bildirib ki, onun ölkəsi ilə Hindistan arasındakı münaqişə nüvə qarşıdurmasına çevrilə bilər. “Dünya birliyi nüvə qarşıdurmasına çevrilə biləcək bu təhlükəli mübahisəyə diqqət yetirməlidir. Hər iki ölkə nüvə dövlətidir”, – nazir qeyd edib.

Xatırladaq ki, aprelin 22-də “LəşkəreTaiba” terror qruplaşmasının silahlı üzvləri məşhur turizm şəhəri olan Pahalqamda (Cammu və Kəşmir ittifaq ərazisi) terror aktı törədiblər. 25 Hindistan, 2 Birləşmiş Ərəb Əmirliyi və 1 Nepal vətəndaşı həlak olub, çoxlu sayda insan yaralanıb. Hücum edənlər qaçmağa müvəffəq olublar.

Terror aktının baş verdiyi Pahalqam populyar turizm məkanlarından sayılır. Bura uzun illərdir ki, Pakistanla Hindistan arasında mübahisəli ərazilərdəndir. Əhalinin əksəriyyəti dini inanclarına görə müsəlmanlardır.

Terror hadisəsi Pahalqamın yaxınlığındakı Baysaran adlı çəmənlikdə baş verib. Buranı “Hindistanın İsveçrəsi” adlandırırlar. Yeri gəlmişkən, son onillər ərzində Bollivudun bir çox populyar filmləri məhz Baysaranda çəkilib.

Yerli sakinlərdən birinin sözlərinə görə, hücum edənlər ya 2, ya da 3 nəfər silahlı şəxslər olublar. Terrorçuların nümayəndəsi sosial şəbəkələrdə yazıb ki, Hindistan hökuməti bölgədə mövcud dini və demoqrafik nisbəti dəyişdirmək üçün əraziyə 85 min “yad adam” (qeyri–müsəlmanlar nəzərdə tutulur-müəllif) gətirib və bu da yerli sakinlərin ciddi etirazına səbəb olur. Terrorçular, həmçinin xəbərdarlıq ediblər ki, rəsmi Dehli ədalətsiz hərəkətlərini davam etdirərsə, bura köçürülən yeni ailələr eyni aqibətlə üzləşəcəklər.

Hindistanın Baş naziri Narenda Modi yaraqlıların cəzalandırılacağını bildirib və ölənlərin yaxınlarına başsağlığı verib. Bundan əvvəl isə Pakistan rəsmiləri terror aktında həlak olan ailələrin kədərinə şərik olduqlarını bildirmişdilər.

Hindistan iqtidarı baş verən insidentə görə, əzəli rəqibi İslamabadı günahlandırmağa cəhd edib. Lakin İslamabad bunu qəti surətdə inkar edir və bu ittihamın tamamilə əsasasız olduğunu bildirir.

Pahalqamda baş verən ağır olay Pakistan və Hindistan dövlətləri arasındakı gərgin münasibətləri daha da pisləşdirib. Pakistan vətəndaşları 2 gündür ki, Hindistan ərazisini tərk etməyə məcbur edilirlər. Onlar iki ölkənin quru sərhədində yeganə fəaliyyət göstərən sərhədkeçid məntəqəsi Attari-Vagah vasitəsilə Hindistanı tərk edirlər. Müəyyən müddətdən sonra sərhədkeçid məntəqəsi bağlanacaq.

Hindistan hakimiyyətinin hərəkətlərinə cavab olaraq, Pakistan öz hava məkanını qarşı tərəf üçün bağlayıb. Pakistan həmçinin Hindistan səfirliyinin işçi sayının 30 nəfərə qədər azaldılmasını tələb edib və ticarəti tamamilə məhdudlaşdırıb. O cümlədən Hindistan mallarının Pakistan vasitəsilə 3-cü ölkələrə daşınması qadağan edilib.

Sonda qeyd edək ki, mübahisəli Kəşmir və Cammu vilayətlərini Hindistan öz ərazisinə qatmağa çalışır. Hazırda Kəşmirin şimalqərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. Hindistanla Pakistan arasında bir neçə dəfə ağır hərbi silahlı münaqişə baş versə də, bu problem hələ də öz həllini tapmayıb. Pakistan əhalisinin sayına görə İndoneziyadan sonra dünyanın böyük müsəlman ölkəsidir və müstəqil Azərbaycanın strateji tərəfdaşıdır. Rəsmi İslamabad Ermənistan–Azərbaycan, Qarabağ münaqişəsinin həllində daim prinsipial olaraq Bakını dəstəkləyib. Pakistan bu vaxta qədər işğalçı Ermənistan ilə diplomatik əlaqələr qurmayıb.

M.HACIXANLI
XQ

Dünya