AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

post-img

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, institut və müəssisələrin direktorları, Rəyasət Heyəti aparatının şöbə müdirləri və digər əlaqədar şəxslər iştirak ediblər.

Müzakirə edilən birinci məsələ Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutduğunu, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkarlardan olduğunu, istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırdığını bildirib.

AMEA prezidenti milli-mənəvi dəyərlərin qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin Məhəmməd Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsində böyük rolu olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin ikinci hakimiyyəti dövründə Məhəmməd Füzulinin 500 illik yubileyinin ölkəmizdə geniş şəkildə keçirildiyini xatırladan akademik İsa Həbibbəyli bu tədbirin Azərbaycanda keçirilən dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olduğunu bildirib. O, Prezident İlham Əliyevin də Ulu Öndərin ənənələrini davam etdirərək ölkəmizin ədəbi, tarixi, ictimai və siyasi şəxsiyyətlərinin xalqa tanıdılmasına və tədqiqinə böyük diqqət ayırdığını qeyd edib.

AMEA-nın Direktorlar Şurasının yaradılması haqqında çıxış edən akademik İsa Həbibbəyli akademiyada idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi və konsensusun əldə olunması, meydana çıxan problemlərin səmərəli həlli yollarının axtarılması məqsədilə AMEA-nın Direktorlar Şurasının yaradılması zərurətinin meydana çıxdığını vurğulayıb. Tədbirdə AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyanın Direktorları Şurası yaradılıb və şuranın tərkibi təsdiq edilib.

İclasda, həmçinin repressiya qurbanı olmuş Xalid Səid Xocayevin XX əsrin 30-cu illərində Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin çapa hazırlanması və nəşri  haqqında məlumat verən akademik İsa Həbibbəyli Mahmud Kaşğarinin Türk dünyasının dahi şəxsiyyəti olmaqla yanaşı, bütün dünyada tanınan, həmişəyaşar alimlərdən olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Kaşğarinin müəllifi olduğu, türk dünyasının ilk ensiklopedik əsəri olan “Divani lüğət-it-türk” türkcənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyətli topludur. Kitabın ərəblərin türk dilini öyrənməsi üçün yazıldığını deyən akademik İsa Həbibbəyli lüğətin hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə zəngin olduğunu diqqətə çatdırıb. O, ərəb dilinin lüğət qaydalarına uyğun yazılmış, səkkiz bölmədən ibarət bu mükəmməl əsərin XI əsrdə söz varlığının genişliyini, müxtəlifliyini nümayiş etdirməklə yanaşı, həm də o dövrdə insan və cəmiyyət həyatı ilə, türklərin maddi və mənəvi mədəniyyəti ilə bağlı maraqlı qeydləri özündə cəmləşdirdiyini bildirib. 

Sovet hakimiyyəti illərində bu əsərin ilk dəfə özbək dilinə tərcümə olunduğunu söyləyən AMEA rəhbəri “Divani lüğət-it-türk”ün dilimizə özbək əsilli tədqiqatçı Xalid Səid Xocayev tərəfindən tərcümə edildiyini, lakin 1937-ci ildə Xalid Səid Xocayevin günahsız ittiham olunaraq həbs edilməsindən sonra divanın 1500 səhifəlik əlyazmasının indiyədək aşkara çıxarılmadığını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli uzun axtarışlardan sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xalid Səid Xocayevin tərcüməsinin ilk dəfə olaraq aşkar edildiyini və üzərində müvafiq transliterasiya və mətnşünaslıq işi aparıldıqdan sonra nəşrə hazırlandığını bildirib.

AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor  Nadir Məmmədli çıxış edərək nəşrə hazırlanan Xalid Səid Xocayevin Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin indiyədək nəşr olunmuş nüsxələrdən əhatəliliyi ilə seçiləcəyini və müqayisəli şəkildə hazırlanacağını, tərcümə prosesinə təcrübəli tərcüməçilərin də cəlb olunduğunu diqqətə çatdırıb.

Müzakirələrdə AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva sual və təkliflərlə çıxış ediblər.

İclasda repressiya qurbanı olmuş Xalid Səid Xocayevin Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin çapa hazırlanması və nəşrinin təmin edilməsi qərara alınıb.

Elm