İran XİN-in rəhbəri kim olacaq?

post-img

İranın “Tasnim” nəşri öz mənbələrinə istinadən İranın xarici işlər naziri vəzifəsinə ən çox ehtimal olunan namizədin adını açıqlayıb. Yeni seçilən Prezident Məsud Pezeşkianın siyasi məsləhətçiləri hesab edirlər ki, Abbas Araqçi Xarici İşlər Nazirliyinə rəhbərlik etməyə ən münasib namizəddir. Bildirilib ki, A.Araqçi artıq Pezeşkianın xarici siyasət məsələləri üzrə müşaviri funksiyasını yerinə yetirir. 

Yazılmamış qanunlara görə, İran pre­zidenti ölkənin Ali dini lideri Ayətullah Əli Xamenei ilə, ən azı, 4 nazirliyin rəhbər­liyinə namizədləri müzakirə edir. Bura kəşfiyyat, müdafiə, daxili işlər və xarici işlər nazirlikləri daxildir. Ali dini liderin təs­diqindən sonra namizədlər yekun siyahı­ya daxil edilir və onun əsasında Nazirlər Kabineti formalaşdırılır. İran konstitusiya­sına görə, Nazirlər Kabinetinə prezident rəhbərlik edir. 

Bəs Abbas Araqçi kimdir? O, 1962-ci il dekabrın 5-də Tehranda anadan olub, diplomatiya təhsili alıb. 1989-cu ildə Xa­rici İşlər Nazirliyində işə başlayıb, burada peşəkarlığı və fədakarlığı ilə diqqəti cəlb edib. 2013-cü ildən Araqçi xarici işlər na­zirinin müavini vəzifəsində çalışıb və altı beynəlxalq vasitəçinin (ABŞ, Böyük Bri­taniya, Fransa, Rusiya, Çin və Almaniya) nüvə proqramı üzrə danışıqlarında İran nümayəndə heyətinə başçılıq edib. Araq­çinin İranın maraqlarını müdafiə etmək bacarığı və məsələyə diplomatik yanaş­ması həmkarları tərəfindən də yüksək qiymətləndirilir. 

Onun İran xarici işlər naziri vəzifəsinə namizədliyini islahatçılarla mühafizəkar­lar arasında güzəşt kimi qiymətləndirmək olar. Hazırda İranın xarici siyasətində ölkənin daxili maraqlarını qoruyub saxla­maqla beynəlxalq ictimaiyyətlə səmərəli ünsiyyət qura bilən təcrübəli rəhbər la­zımdır. Araqçi çoxillik təcrübəsi və bey­nəlxalq diplomatiya sahəsində dərin an­layışı ilə bu tələblərə cavab verir.

Gözlənilir ki, Araqçi İranın beynəlxalq aləmdə etimadını bərpa etməyə çalışa­caq və diplomatik münasibətləri inkişaf etdirəcək. Əsas problemlər ABŞ-ın 2018-ci ildə Nüvə sazişdən çıxmasından son­ra, JCPOA-nın bərpasıdır. Hazırda bu, ən aktual mövzulardan biridir. Onu im­zalayan tərəflərin öz üzərinə götürdükləri öhdəliklər var və onlar icra edilməlidir. 

Avropa İttifaqı, Rusiya və Çin ilə iqti­sadi əlaqələrin inkişafı ilə bağlı məsələlər də öz həllini tapmaldır. Digər mühüm as­pekt Suriya, İraq və Yəməndəki regional münaqişələrin həlli ilə bağlıdır. Araqçinin danışıqlarda təcrübəsi və diplomatik ba­carığı Tehranın bu çətin regionda mövqe­yini sabitləşdirməyə kömək edə bilər.

Çox güman ki, Araqçının təyinatı onu həddən artıq çevik və güzəştlərə meyilli diplomatik məmur kimi qəbul edən İran daxilindəki mühafizəkarın müqaviməti ol­madan keçməyəcək. Bununla belə, onun siyasi cərəyanlar arasında manevr etmək bacarığı və açıq dialoqa hazır olması bu maneələrin aradan qaldırılmasında müəyyənedici amil ola bilər

PÜNHAN
XQ

Dünya