ABŞ-nin son planı Moskvada narahatlıq doğurur
ABŞ 2026-cı ildə Almaniyada daha geniş diapazonlu yeni raketlər yerləşdirməyə başlayacaq. Bu barədə çərşənbə günü axşam Ağ evin saytında dərc olunmuş ABŞ və Almaniyanın birgə bəyanatında deyilir. Söhbət xüsusilə çoxməqsədli SM-6 raketlərindən, “Tomaqavk” qanadlı raketlərindən və qeyri-nüvə avadanlıqlarında olan hipersəs raketlərindən gedir. Raketlər əvvəlcə müvəqqəti, sonra isə daimi yerləşdiriləcək. Rusiya artıq xəbərdarlıq edib ki, ABŞ-nin bu addımına adekvat cavab verəcək.
Qərb mətbuatı yazır ki, 1980-ci illərdən bəri ABŞ Avropada belə yerüstü raket sistemləri yerləşdirməyib. Almaniyanın “Der Spiegel” jurnalının yazdığına görə, bu məsələ ilə bağlı Vaşinqton və Berlin arasında danışıqlar ciddi məxfilik şəraitində aparılıb və eyni zamanda, Almaniya hakimiyyəti yeni Amerika sistemlərinin məhz onların ərazisində yerləşdirilməsində təkid edib. Qeyd olunur ki, 1970-ci illərin sonunda Almaniyanın o zamankı kansleri Helmut Şmidt də NATO-nun ikili həlli adlanan əsas tərəfdarlarından biri olub.
Politoloqlar bildirirlər ki, Alyansın ikili həlli planı hələ 1979-cu ilin dekabrında NATO sammitində keçmiş SSRİ-nin Avropa ərazisində orta mənzilli ballistik raketlərin - ilk növbədə RSD-10 Pioneer (SS-20) istehsalına cavab olaraq təsdiq edilmişdi. Daha sonra NATO üzvləri razılığa gəlmişdilər ki, Birləşmiş Ştatlar tədricən Qərbi Avropada (Almaniya da daxil olmaqla) 600-ə qədər mobil orta mənzilli raketləri yerləşdirəcək. Eyni zamanda, SSRİ-yə ABŞ-la bu sinif silahların məhv edilməsi ilə bağlı danışıqlara başlamaq təklif edilmişdi.
Xatırladaq ki, 1987-ci ildə SSRİ və ABŞ orta mənzilli nüvə qüvvələrinə dair müqavilə imzalamışdılar. Bu müqaviləyə əsasən, tərəflərə uçuş məsafəsi 500 ilə 5,5 min kilometr arasında olan yerüstü raketlərin, eləcə də buraxılış qurğularının sınaqdan keçirilməsi qadağan edilmişdi. ABŞ 2010-cu illərin əvvəllərində Rusiyanı müqaviləni pozmaqda ittiham etməyə başlamış, 2018-ci ilin sonunda isə o zaman prezident olan Donald Tramp müqavilənin ləğvi istiqamətində qəti addım atmışdı. Vaşinqton Moskvanı özünün yeni 9M729 qanadlı raketi ilə bağlı müqavilədə nəzərdə tutulan məsafəni aşmaqda ittiham etmişdi. Moskva bunu təkzib edərək, ABŞ-a qarşı iddialar irəli sürmüşdü. Digər məsələlərlə yanaşı, Rusiya Polşa və Rumıniyada yerləşən Mk41 raketdən müdafiə sistemlərinin “Tomaqavk” qanadlı raketlərinin buraxılması üçün də istifadə oluna biləcəyindən narahatlığını bildirmişdi.
Bununla belə, Vaşinqton 2019-cu ildə müqavilədən çıxdığını elan etdi. Altı ay sonra, avqustun 2-də sözü gedən müqavilənin müddəti rəsmi olaraq başa çatdı. Müqavilə pozulduqdan sonra Rusiya bildirdi ki, ABŞ bu cür sistemləri Avropada yerləşdirməyə qərar verənə qədər öz ərazisində yerüstü orta və daha qısa mənzilli raket sistemlərinin yerləşdirilməsinə könüllü moratoriuma riayət edəcək. Eyni zamanda, hələ 2019-cu ilin sentyabrında Rusiya Prezidenti Vladimir Putin ABŞ və NATO ölkələrinin Avropa və Asiyada əvvəllər qadağan olunmuş raketlərin yerləşdirilməməsi ilə bağlı razılığa gəlməsini təklif etmiş və Rusiya tərəfinin lazımi məsələləri müzakirə etməyə hazır olduğunu açıqlamışdı. Lakin NATO bu təşəbbüsü dəstəkləməmişdi. Alyans üzvləri hesab etmişdilər ki, 9M729 raketləri artıq Rusiyanın Avropa hissəsində yerləşdirilib və NATO buna adekvat cavab verməlidir. ABŞ və NATO orta mənzilli raketlərin Avropada yerləşdirilməsinə moratoriumun müzakirəsini yalnız 2022-ci ilin yanvar-fevral aylarında, Rusiya qoşunlarının Ukraynaya daxil olmasına bir neçə həftə qalmış müzakirə etmək barədə razılığa gəlmişdilər. Ancaq bu dəfə Moskva Qərbin təklifinə etinasız yanaşmışdı.
Artıq 2019-cu ildə Birləşmiş Ştatlar öz donanması, dəniz piyadaları və ordusu üçün onların variasiyalarını hazırlayaraq, orta və daha qısa mənzilli yerüstü sistemlər istehsal etməyə başlamışdı. Ötən il ərzində bu sistemlərin təlimlər çərçivəsində Filippin və Danimarkada yerləşdirildiyi bildirilir. Hərbi mütəxəssislərin sözlərinə görə, Amerikanın yerüstü orta və qısa mənzilli sistemlərinin Avropada daimi yerləşdirilməsi Rusiyanın moratoriumunun sonu demək olacaq. Belə iddia edilir ki, indiyə qədər ABŞ-da belə komplekslər az idi, lakin 2026-cı ilə qədər onlar istesahlı artıra və dünyanın müxtəlif bölgələrində onların kütləvi şəkildə yerləşdirilməsinə başlaya bilər. Mütəxəssislərin fikrincə, Birləşmiş Ştatlar və onun müttəfiqləri “soyuq müharibə”nin “ikili NATO həllini” təkrarlamağa ümid edirlər.
Moskva Almaniyada ABŞ raketlərinin yerləşdirilməsinə adekvat reaksiya göstərəcəyini bildirib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov vurğulayıb ki, ABŞ-nin Almaniya ərazisində uzaqmənzilli raketlər yerləşdirmək qərarı eskalasiyanın həlqələrindən biridir. O qeyd edib ki, Rusiya bu addıma “sakit şəkildə” cavab verəcək, lakin bu, hərbi cavab olacaq: “Bu hərəkətlər ilk növbədə ölkəmizin təhlükəsizliyinə xələl gətirmək məqsədi daşıyır. Reaksiyamızın xarakteri sakit, peşəkar şəkildə müəyyən ediləcək. Şübhəsiz ki, ordu bu mesajı artıq nəzərə alıb. Söhbət hansı konkret sistemlərdən getdiyini, əlbəttə ki, təhlil edəcəyik”.
Amerika raketlərinin yerləşdirilməsi qərarının “soyuq müharibə” təcrübəsini təkrarlaya biləcəyi sualına cavab verən Sergey Ryabkov deyib ki, bu vəziyyətdə razılaşmanın iki tərəfi olaraq NATO, ABŞ və Almaniyanın nəyə inandıqlarını mühakimə etmək çətindir: “Düşünürəm ki, bu təcrübəni təkrarlamağın mümkün olduğuna inanmırlar – vəziyyət kökündən dəyişib”. Eyni zamanda, Rusiya XİN rəhbərinin müavini qeyd edib ki, ABŞ-ın uzaqmənzilli raketləri yerləşdirmək planları hədə-qorxu elementlərindən biridir.
S.ELAY
XQ