Akademiyada türkoloji dinləmə

post-img

AMEA Rəyasət Heyətinin növbəti iclasında gündəlik üzrə müzakirə olunan məsələlərdən sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərovun “Azərbaycanda türklük, türkçülük və türkologiya” mövzusunda məruzəsi dinlənilib.

Məruzədən öncə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə Prezident İlham Əliyevin lider­liyində Türk dünyasının mərkəzində yer aldığını, bu mövzunun artıq günümüzün reallığına çevrildiyini bildirib. O deyib ki, bu günlərdə Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə TDT-nin dövlət başçıları Azər­baycan Prezidentinin Türk dünyasının birliyinə, həmrəyliyinə, təhlükəsizliyinə və rifahına verdiyi böyük və davamlı töhfəni yüksək qiymətləndiriblər. Onu da xatırla­dıb ki, 98 il öncə Türk dünyasını ilk dəfə birləşdirən 1-ci Türkoloji Qurultay Bakıda keçirilib və Azərbaycan tarixən olduğu kimi, bu gün də dünya Türkologiyasının mərkəzi sayılır.

Sonra akademik Nizami Cəfərov mə­ruzə ilə çıxış edib. O qeyd edib ki, XX əsrin əvvəllərindən etibarən Azərbaycan­da türkçülük məfkurəsi sistemli bir şəkil almağa başlamış və Əlimərdan bəy Top­çubaşov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və digər türkçülərin səyləri nəticəsində inkişaf edərək günümüzə qədər gəlib çatmışdır. Alim bildirib ki, türk xalqlarının geniş inteqrasiyası ilə səciy­yələnən müasir mərhələdə ümumtürk mədəniyyəti və genezisinin öyrənilmə­sinə böyük zərurət var. “Bizim üçün əsas­landırılmış, ənənəvi türklük “Kitabi-Dədə Qorqud” eposudur. Azərbaycanda türklük xalqın etnososiokulturoloji əsası olaraq köklərini “Kitabi-Dədə Qorqud”dan alır. Coğrafi və dil müəyyənliyi var. Burada Azərbaycan Oğuzçuluğunun xüsusiyyəti çoxdur. Lakin xalq bu eposu unudub, XIX əsrin sonu – XX əsrin əvvəllərində xatır­lamağa, öyrənməyə başlayıb. Müəyyən dövrlərdə qadağan olunsa da, Ümummilli lider onu yenidən özümüzə qaytardı”, – deyə Nizami Cəfərov bildirib.

Azərbaycanda türkçülüyün uzun müddət daxildən və xaricdən ciddi mü­daxilələrə məruz qaldığını deyən alim türkologiyanın elm kimi Avropada, türkləri öyrənmək üçün formalaşdığını, Azərbay­canda isə türkologiyanın əsasını Bəkir Çobanzadənin qoyduğunu söyləyib.

Alim məruzəsində, həmçinin Azər­baycan dilçiliyi, ədəbiyyatşünaslığı, mədəniyyətşünaslığı, tarixşünaslığın­da azərbaycançılıq, türklük, müasirlik (ümumbəşərilik) parametrləri, daha az diferensiasiya, daha çox inteqrasiya for­mulu və digər məqamlara toxunub.

Mövzu ətrafında akademik Gövhər Baxşəliyeva, tarix elmləri doktoru Zemfi­ra Hacıyeva, professor İsmayıl Kazımov, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli və başqaları çıxış edərək fikir və təkliflə­rini səsləndirib, bu istiqamətdə Rəyasət Heyətinin iclasında məruzənin dinlənil­məsini yüksək qiymətləndiriblər.

XQ

Mədəniyyət