Kuklaçıların 93-cü mövsümü hər yana səs saldı

post-img

Hər zaman səhnədə azyaşlı tamaşaçılara sevgini, sədaqəti və inamı təlqin edən Azərbaycan Dövlət Kukla Teatrı bu mövsüm də ənənəyə sadiq qaldı. Balacalara vəd etdiyi sürprizlərlə onların könlünü oxşadı, estetik tərbiyə ünvanı kimi üzərinə düşən öhdəliyi daha uğurla tamamladı. 

93-cü mövsümə iyulun 14-də “Dovşa­nın ad günü” nağıl-poeması ilə yekun vu­racaq sənət ocağının kollektivi il ərzində bir-birindən maraqlı tamaşalar göstərib, müxtəlif qastrol səfərlərində olub, yerli və beynəlxalq festivallarda iştirak edib. Teatrın baş rejissoru Anar Məmmədov bildirdi: 

– Bu mövsüm özümüz də iki festivala evsahibliyi etmişik. Bunlardan biri Azər­baycan və Türkiyə kuklaçılarını bir araya gətirən sənət bayramı – III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Fes­tivalı idi. Türkiyənin müxtəlif teatr və sənət mərkəzlərində və Azərbaycanda qonaq kukla tetrları bir araya gəlmişdi. Yaradıcı heyətimiz qardaş ölkə tama­şaçılarına M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” marione­tini və xalq nağılı əsasında səhləşdirilən “Məlikməmməd” kukla tamaşalarını təq­dim etdi. 

Sonra Türkiyədə keçirilən XX Bey­nəlxalq Bursa Qaragöz Kukla və Kölgə Oyunları Festivalına qatıldıq. Orada tür­kiyəli kukla və uşaq teatr təmsilçiləri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Özbə­kistan, Türkmənistan və Qırğızıstandan kuklaçılar yer almışdı. Beynəlxalq Kukla Teatrları Assosiasiyası və ona üzv olan ölkələrin nüfuzlu kukla teatrı mütəxəssis­lərinin də qatıldığı festival çərçivəsində yaradıcılıq istiqaməti üzrə müxtəlif möv­zularda müzakirələr aparıldı. 

Bundan başqa, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əh­mədzadənin rəhbərlik etdiyi qrup Gürcüs­tanın paytaxtı Tibilisi şəhərində keçirilən Uşaq və Gənclər Beynəlxalq Teatr Fes­tivalında uğurla iştirak etdi. Qastrol çər­çivəsində tamaşaların hazırlanması, təc­rübə mübadiləsi, ustad dərslərinin təşkili, eləcə də spesifik istiqamətlərdə kurs və qısamüddətli təlimlər keçirildi. Həmçinin Rəşad Əhmədzadə Kalininqradda realla­şan ənənəvi “Rus teatrı – xaricdə rus mə­dəniyyəti institutu kimi” adlı V Beynəlxalq Konfransda ölkəmizi təmsil etdi. 

Öz səhnəmizə gəlincə, mövsüm ər­zində biz 4 yeni tamaşa təhvil verdik. Bunlar “Dovşanın ad günü”, “Ələddinin sehrli çırağı”, “İtki”, “Melisa” tamaşaları­dır. Bundan başqa, teatrımızın ölkədaxili səfər proqramı da geniş oldu. İşğaldan azad olunan Şuşa, Laçın, Zəngilan, Fü­zuli, eləcə də Hadrud və Talışda çıxışlar etdik.

Baş rejissor yeniliklərin tətbiq edildi­yini də söyləyərək dedi ki, tərtibat baxı­mından fərqli vasitələrindən istifadə ilə hazırlanan əsər gənc yazar Sevinc El­sevərin “Lokomotiv və vaqonlar” pyesi əsasında hazırlanan eyniadlı tamaşadır. Bu yeni tamaşada uşaqlara köhnə qatar stansiyasındakı qoca və lovğa Lokomo­tivin timsalında xudbinlik və kobudluğun lazımsız xüsusiyyətləri, bu keyfiyyətlərin ətrafdakılar tərəfindən daim mənfi qarşı­landığı göstərilir. 

Səhnə əsərinin premyerası növbəti mövsümün əvvəlinə nəzərdə tutulur.

Ceyhun ALIŞLI
XQ

Mədəniyyət