Türkiyə Cümhuriyyətində bu gün yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Qardaş ölkədə, təxminən, 61,5 milyon seçici səs vermək hüququna malikdir. 31 mart seçkiləri təkcə yerli hakimiyyət orqanlarına seçkilər kimi qəbul edilə bilməz. Türkiyə yeni bir demokraya imtahanı qarşısındadır. Qardaş ölkədəki hazırkı seçkilər Türkiyənin ümumi siyasətinə də öz təsirini göstərəcək.
Seçki ərəfəsində çox böyük fəallığın olması da göstərir ki, türk xalqı belə taleyüklü məsələlərə həssas yanaşır. Türkiyədə seçki prosesinin şəffaf olduğu heç kəsdə şübhə doğurmur. Bundan öncəki seçkilər, orada iştirak nisbətləri və nəticələr buna ən yaxşı sübutdur. 2023-cü ilin mayında keçirilən prezident seçkilərinin birinci turunda iştirak nisbəti 87,04 faiz, mayın 28-də keçirilən ikinci turda isə 85,71 faiz təşkil edib. Bu seçkilərdən sonra partiyaların seçki nəticələrini qəbul etməsi hər kəsin Yüksək Seçim Kurumuna (YSK) inandığına dəlalət edir.
Türkiyədəki mövcud seçki atmosferini bəzi xarici seçki texnoloqları “Yaxın Şərqdə bənzərsiz bir demokratiya” adlandırırlar, bir çox ölkələr üçün örnək olacaq bir demokratik tədbir kimi qiymətləndirirlər.
Şübhəsiz ki, ötən il parlament və prezident seçkilərini qazanan AKP və onun lideri Prezident Rəcəb Tayyib Ərdoğan bu sınaqdan da qələbə ilə çıxmaq və elan olunan “Yeni Türkiyə” çağırışını uğurla davam etdirmək istəyir. Bu görkəmli siyasətçinin ölkənin müxtəlif yerlərində keçirdiyi mitinqlər onun bu seçkilərə necə böyük əhəmiyyət verdiyini göstərir.
Bəzi ekspertlərin fikrincə, bu seçkilər həm də müxalifətin gələcəkdə yeni lider anlayışını da ortaya qoya bilər. Onun nəticələrindən asılı olaraq müxalifətin gələcəyini təyin edə bilər. Bu seçkilərdə məğlubiyyət həm də bəzi siyasi güclərin sonunun başlanğıcı ola bilər. Digər tərəfdən, qazanılacaq qələbələr müxalifətin davamlılığı və ya iqtidarın öz varlığının güclənməsi üçün önəmli olacaq.
Ən böyük reallıq İstanbul başda olmaqla böyük şəhərlərdən gələn nəticələr olacaq. 2019-cu il seçkilərində müxalifətin qazandığı İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə seçkiləri iqtidar partiyasına yenidən qazandırmaq üçün R.T.Ərdoğan iqtidarı və onun siyasi ortağı MHP başkanı Dövlət Baxçalı bütün gücünü ortaya qoymuşdur. MHP ilə bir ittifaqda (“Cumhur ittfaqı” ) birləşən AKP keçən il parlament və prezident seçkilərindəki qələbəsini təkrar edəcəyinə inanır. Türkiyənin digər vilayətlərində və böyük şəhərlərində bu ittifaqın və onlara dəstək verən siyasi partiya namizədlərinin qələbəyə yaxın olduqlarını anket sorğuları da göstərməkdədir. Məsələn, Qars bələdiyyəsinə MHP-nin namizədi Azərbaycan kökənli Ötükən Sengerin qələbə çalacağına inanılır. Anadolunun bir çox vilayətlərində, o cümlədən Aralıq dənizi və Qara dəniz sahilindəki vilayətlərdə iqtidarın qələbə problemi olmayacaq.
Bəzi analitiklər Türkiyənin gələcək taleyinin İstanbul, Ankara, İzmir, Bursa, Adana kimi şəhərlərdə həll ediləcəyi qənaətindədirlər.
İstanbulda ana müxalifət partiyası CHP-nin namizədi Əkrəm İmamoğlu ilə AKP- MHP-nin ortaq namizədi Murat Kurum arasında gərgin mübarizə gedəcəyi görünür. Keçirilən müstəqil anket-sorğular göstərir ki, İstanbulda bu iki namizəd arasında səs fərqi bir-birinə çox yaxındır, bəzi sorğularda İmamoğlu, başqa sorğularda Kurum öndə görünür. Prezident Ərdoğan getdiyi bütün yerlərdə İstanbuldakı seçkiləri Kurumun qazanması üçün çalışıb. Müxalif adayın belə bir təbliğatçısı yoxdur və partiyasında olan çəkişmələr və DEM partiyası ilə əlaqələri durumu iqtidar partiyasının xeyrinə dəyişir.
Şübhəsiz ki, bu seçkilərdə digər siyasi qüvvələrin namizədlərinin alacağı səslər də rol oynayacaq. Tərəddüd edənlərin seçimi də seçkinin nəticələrində həlledici ola bilər. DEM, İYİ Partiya, YRP və Zəfər Partiyasının namizədlərinin aldığı səslərin də nəticəyə təsiri olacaq.
Ankarada CHP-nin namizədi Mansur Yavaşla “Cumhur İttifaqı”nın ortaq namizədi Turqut Altınok arasında gərgin mübarizə gedir. İzmirdə Hamza Dağ – Cəmil Tuqay yarışması diqqət çəkir. İzmirdə ənənəvi seçici iradəsini dəyişdirmək çox çətin olsa da, hakim partiya gücünü göstərəcəkdir.
Bu seçkilər Türkiyədə ümumi siyasət üçün də əhəmiyyət kəsb edir. Bəzi siyasi partiyaların gələcəyi sual altına düşə bilər. Türkiyənin bəlli yerləri ilə əlaqəsi kəsilmiş siyasət anlayışı bəzi partiyaları girov götürmüş kimi görünür. Müəyyən proqramı olmayan, prinsipsiz siyasəti ilə seçkiyə gedənlər qalib gəlmək mümkün olmadığını dərk edirlər. Hansısa siyasi qüvvədən səs almaq xatirinə milli və ənənəvi Atatürkçü düşüncədən uzaq olan siyasi təşkilatlar öz üzvlərinin belə dəstəyindən mərhum ola bilərlər.
Müxalifətin əsas təmsilçisi CHP, özünün yüzüncü ilində ən böyük böhranını seçicilərini itirməklə yaşaya bilər. Bu seçkilərdə İstanbul və Ankarada yenidən müxalifətin qalib gələcəyinin çox çətin olduğu fikri cəmiyyətdə, xüsusən də 2023-cü il seçkilərində müxalifətə 45 faiz səs verən seçicilər arasında getdikcə geniş yayılır və güclənir.
CHP və AKP-MHP cütlüyündən başqa seçkilərdə iştirak edən partiyalar da sanki imtahan verirlər. Uğursuzluqlar təsirsiz qalmayacaq, məsələn, bəziləri bu düşüncədədirlər ki, istənilən səs nisbətini ala bilməyən İYİ Partiyası üçün bu seçkilər sonun başlanğıcı ola bilər. Bu seçkilərin digər və ən mühüm təsiri ana müxalifətin mövqeyinə olacaq. Müstəqil ekspert Ali Çarkoğlunun sözlərinə görə, seçicilərin əksəriyyətinin yaşadığı İstanbul, Ankara, İzmir, Bursa və Adanada hakim partiya qalib gələrsə, “Türkiyədə müxalifətsiz siyasi mühit yarana bilər”.
Nəticələrindən asılı olmayaraq 31 mart 2024-cü il seçkiləri Türkiyə demokratiyasının təntənəsi olacaq. Qardaş ölkəyə xeyirli-uğurlu olsun.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri