ABŞ-da seçkilər və Bayden təntənəsinə 500 min dollarlıq bilet

post-img

Prezident Co Baydenin miqrasiya siyasəti Birləşmiş Ştatlarda süngü ilə qarşılansa da, növbəti prezidentlik müddətinə iddialı olan Ağ evin hazırkı rəhbəri bir addım da olsa, geri çəkilmək fikrində deyil. “The Washington Times” nəşrinin bu günlərdə işıq üzü görən sayında qeyd edilir ki, Baydenin hakimiyyətdə olduğu illərdə ABŞ-da miqrantların sayı rekord həddə çatıb. 

İctimai xadimlərin və siyasi elitanın respublikaçılar qanadının narahatlığına səbəb olan əsas məsələ ondan ibarətdir ki, prezident Co Baydenin hakimiyyəti illərində həyata keçirilən miqrasiya siyasəti nəticəsində qeyri-qanuni miqrantlar dalğası ABŞ-ın demoqrafik strukturunu dəyişdirir və təhsil səviyyəsinin kəskin aşağı düşməsinə səbəb olur. 

Nəşr İmmiqrasiya Araşdırmaları Mərkəzinin yeni hesabatına istinadən yazır ki, hazırda ABŞ-da 13,7 milyon qeyri-qanuni mühacir var. Ölkədə miqrantların ümumi sayı 51,4 milyon nəfərə çatıb və bu da Baydenin Ağ evə rəhbərlik etməyə başladığı vaxtdan 6,4 milyon nəfər çoxdur. Hesabatda göstərilir ki, Bayden dönəmində ölkəyə hər ay orta hesabla 172 min yeni mühacir gəlib ki, bu da Donald Trampın dövründəkindən, təxminən, dörd dəfə və Barak Obamanın zamanında olduğundan isə üç dəfə çoxdur.

ABŞ-a yeni gələn miqrantların əksəriyyəti Latın Amerikasından keçib. Onların da 3,7 milyonu qeyri-qanuni yollarla gəlib. Mühacirlərin, təxminən, 44 faizi orta məktəbi bitirib və başqa heç bir təhsili yoxdur. Daha əhəmiyyətli bir hissəsi isə hətta orta məktəbi də bitirməyib.

İndi ABŞ-da 2020-ci ilə nisbətən mühacirlər, təxminən, iki faiz artaraq, əhalinin ümumi sayının 15,5 faizini təşkil edirlər. Əvvəlki rekord 14,8 faiz idi və 1890-cı ildə qeydə alınmışdı.

Amma bu, hazırkı prezidentin nüfuzuna təsir edən və onun rəqibi eks-prezident Trampla müqayisədə reytinqinin aşağı olmasına əsas səbəblərdən biri olsa da, sonuncusu deyil. Ölkənin populyar internet televiziya platformalarından biri olan “Fox News” kanalında aparıcı Qreq Qatfeld bildirib ki, ABŞ amerikalıların gözü qarşısında dağılır və bunun günahı prezident Co Baydenin rəhbərlik etdiyi Demokratik Partiyasının siyasətindədir. Qatfeldin fikrincə, rəsmi Vaşinqton Amerika vətəndaşlarının həyatının ən mühüm aspektləri: ədliyyə sistemi, iqtisadiyyat və təhsillə məşğul olmaq əvəzinə, kimlik siyasətinə və xarici münaqişələrə daha çox diqqət yetirir.

Aparıcı deyir: “Dediklərim haqqında düşünün: şəhərlər, sərhədlər, təyyarələr, qatarlar, avtomobillər, körpülər, gəmilər, ədliyyə sistemi, iqtisadiyyat, biologiya, təhsil, mənzil, qocalmış siyasətçilərimiz. Eyni zamanda, əvvəllər bizim relsdən çıxmayan qatarlarımız; qapıları qopub düşməyən təyyarələrimiz var idi; fırıldaqçılar həbsxanada olardı; boş qalmış evləri zəbt edənlər; məktəbə getməyən pozğunlar olmazdı; ən azından bu günü yaşamaq üçün özlərinə embrional dərman iynəsi vurmayan qanunvericilər olardı”.

 Qatfeld haqlı olaraq qeyd edir ki, bütün diqqətlər başqa bir şeyə cəmləndikdə digər sistemlər çökür və laqeydlik üzündən nəyinsə səhv getməsi ehtimalı daha da yüksək olur. “Mükəmməl işləyən yeganə şey smartfonlarımızdır”.

Şərhçi təəssüf hissi ilə vurğulayır ki, “sosial mediadakı fəalların dərhal körpünün adının dəyişdirilməsi ilə bağlı danışmağa keçməsi də cəmiyyət olaraq nə qədər qeyri-ciddi olduğumuzun bir göstəricisidir. İki nöqtə arasındakı ən qısa məsafə – bədbəxt hadisələrin qurbanları ilə irqçilikdə ittiham olunanlar arasındakı məsafədir”.

 Ölkənin dumanlı və qeyri-müəyyən bir gələcəyə istiqamət aldığı, ciddi problemlərlə yükləndiyi belə bir vaxtda, yenidən 4 il müddətinə onu yönəltmək səlahiyyətinə yiyələnmək iddiasında olan prezident Co Bayden öz dəbdəbəli və milyonlarla dollar vəsait xərclənən seçki kampaniyasını davam etdirir. “The New York Post” nəşri xəbər verir ki, bu günlərdə Bayden Nyu-Yorkda özünün əsas sponsorları ilə, biletlərin qiymətinin yarım milyon dollara qədər olan möhtəşəm tədbirdə görüşüb. Xəbərdə bildirilir ki, qonaqlar arasında Bill Klinton, Barak Obama, Hanter Bayden və Hollivudun bir çox ulduzları olub. Lakin axşam binanın ətrafına toplaşan etirazçılar Baydenin kefinə soğan doğrayıblar. Əllərində müharibə əleyhinə şüarlar yazılmış plakatlar olan nümayişçilər Baydenin hərbi cinayətkar kimi mühakimə olunmasını tələb ediblər.

Açıqlamalara görə, möhtəşəm tədbiri keçirməkdə əsas məram Baydenin seçkiqabağı kampaniyası üçün vəsait toplamaq olub. Etirazçılar “Radio City Music Hall” binasının qarşısına toplaşaraq, Baydenin İsrailə dəstəyini və onun “Rusiya ilə nüvə müharibəsi” təxribatını pisləyən şüarlar səsləndiriblər. Onlar “Ayıb olsun sənə, Co Bayden”, “Cəhənnəm ol, Co Bayden” və “Sənin əllərin qana batıb” qışqıraraq şəhər sakinlərinin və ictimaiyyətin diqqətini cəlb edə biliblər. Fələstin bayraqlarını dalğalandıran bir çox nümayişçi Demokratlar Partiyasını və Ağ evin hazırkı rəhbərini “müharibə cinayətkarı” kimi mühakimə etməyə çağırıblar.

Nəşrin yazdığına görə, izdiham o qədər səs-küylü olub ki, hətta bir məqamda eks-prezident Barak Obama onların qarşısına çıxaraq deyib: “Xeyr, qulaq asın, siz həmişə danışa bilməzsiniz. Bəzən qulaq asmaq lazımdır”. Etirazçılar onu dinləmək belə istəməyiblər. 

Bu məqamda meydana Senatın demokratları çıxıblar. Əksəriyyətin lideri Çak Şumer gecənin məqsədinin ikili olduğunu izah edərək deyib: “Birincisi, Trampın xaotik, vicdansız, hiyləgər, səmərəsiz rejiminin keçmişdə qalmasını təmin etməkdir. İkincisi isə Baydeni ikinci müddətə seçməkdir”.

Daha sonra Şumer hazırkı dövlət başçısının ətraf mühitin mühafizəsi, baydenomika, nikah bərabərliyi və “190 mütərəqqi hakim”in təyin edilməsi ilə bağlı əldə etdiyi uğurları vurğalayıb.

Buna baxmayaraq, Şumerin dediklərinin Birləşmiş Ştatların iqtisadi illüstrasiyanı gerçək əks etdirmədiyini “Fox News”un qonağı olan ABŞ prezidenti yanında İqtisadi Məsləhətçilər Şurasının keçmiş sədri Kevin Hasset gerçək faktlarla ortaya qoyur. Aparıcının “iqtisadi artım və məşğulluq üzrə aylıq statistik göstəricilərimiz nə dərəcədə özəl sektorun fəaliyyəti ilə deyil, dövlət xərcləri ilə bağlıdır?” sualına Hasset belə cavab verib: “Şəxsən mən baydenomikaya bu prizmadan baxmağa üstünlük verirəm - baxmayaraq ki, ümumiyyətlə, ona baxmaq qətiyyən xoşuma gəlmir: Əgər pandemiyadan əvvəlki 2019-cu ilə geri dönüb və sonra onu məşğulluq baxımından indiki dövrlə müqayisə etsək, o zaman görərik ki, indi o vaxtdakından 2,3 milyon çox insan əmək fəaliyyətilə məşğuldur. Amma bu 2,3 milyon iş yerini əldə etmək üçün biz qeyri-leqal miqrantlar üçün 3,3 milyon iş yeri yaratdıq. Buradan da belə çıxır ki, 2019-cu ildə ölkədə yaşayan bir milyon insan əmək bazarını tərk edib.

Sual oluna bilər ki, biz qeyri-qanuni mühacirlər üçün bu 3,3 milyon iş yerini necə yaratdıq? Biz bunun üçün Çindən borc almışıq: keçən il daha çox borc aldıq – bu da o deməkdir ki, əhalinin əlində olan dövlət borc kağızlarının həcmi nominal ÜDM-in artımından daha çox yüksəlib. Yəni biz qeyri-qanuni mühacirləri işlə təmin etmək üçün çinlilərdən borc alırıq.  Baydenomikanın mahiyyəti də budur”. 

 “The New York Post” qeyd edir ki, “Radio City Music Hall”da keçirilən tədbirdə bilavasitə cəmiyyətin qaymaqları iştirak ediblər. Əslində, sıradan bir adamın bura düşməsi də mümkün olmazdı, çünki biletlərin qiyməti 500 min dollara çatırmış. Aparıcılardan birinin zarafatla dediyi kimi, “belə pula dövlət katibi ola bilərsən”. Ən səxavətli “donorlar” ulduz fotoqraf Anna Leybovitsin çəkdiyi üç prezidentin – Bayden, Klinton və Obamanın fotosessiyasını alıblar.

Amerika nəşri fondun təşkilatçısı, Hollivud maqnatı Ceffri Kançenberqdən sitat gətirərək yazır: “Rəqəmlər yalan ­demir: Bugünkü hadisə böyük bir gücün nümayişidir və Baydenlə Harrisin yenidən seçilməsinə doğru həqiqi impulsun real əksidir”.

Belə bir vaxtda, təbii ki, Baydenin əsas rəqibi Tramp da bekar qala bilməzdi. Ağ evin keçmiş sahibi öldürülən Nyu-York polisinin anım mərasimində iştirak edib. O, seçki qərargahının üzvləri ilə bərabər Baydenin dəbdəbəli axşamı ilə bağlı açıqlama verərək bəyan edib ki, o tədbirdə yüzlərlə azğın Hollivud liberalı iştirak edəcək və onlar ölkəmizin məhvini maliyyələşdirmək üçün pul kisələrinin ağzını geniş açacaqlar. Biz birlikdə onların çirkli dollarlarını batıra bilərik, lakin hər şey hazırda birbaşa burada, bilavasitə indi nə qədər dəstək aldığımızdan asılıdır. Unutmayın ki, mənim kampaniyam Hollivud elitası tərəfindən altı rəqəmli çeklər yazmaqla maliyyələşdirilmir. Bu, sizin tərəfinizdən maliyyələşdirilir!”

Qəzet vurğulayır ki, sorğulara əsasən, Baydenin əhəmiyyətli maliyyə üstünlüyünə malik olmasına baxmayaraq, Tramp bu seçki yarışında liderdir. Ağ evin hazırkı sahibinin sərəncamında mart ayına olan məlumata görə, 155 milyon dollar nağd pul var və son bir ayda maliyyə donorlarının kampaniyasında əlavə 53 milyon dollar toplanıb.

Bəli, bu rəqəmlər möhtəşəmdir və bir daha onu göstərir ki, Bayden oliqarx və milyarderlərin dəstəyini təsadüfən qazanmır. Bu üstüörtülü izdivacda “əl əli yuyar” prinsipi istisna deyil. Elə olmasaydı, Baydendən kəskin fərqli olaraq Trampın kampaniya fondunda toplanan vəsait 36,6 milyon dollar olmazdı.

Bütün bunlara baxmayaraq, Baydenin reytinqi Trampla müqayisədə heç də yaxşı bir şey vəd etmir. Bu günlər “Fox News”un aparıcısı Arkanzasın keçmiş qubernatoru Mayk Hakabiyə belə bir sual ünvanlayıb:  “Bilirsiniz, hər yerdə pis xəbərlər gəlir. Gördüyüm sorğular göstərir ki, Co Baydenin böyük problemləri var. Siz nə deyirdiniz?” 

Keçmiş qubernator buna özünəməxsus şəkildə cavab verərək deyib: “Düşünürəm ki, bu, pis xəbər deyil. Elə bilirəm ki, biz Trampın yenidən seçiləcəyini görəcəyik. Bu əla xəbərdir. Pis xəbər budur ki, insanların Co Bayden haqqında deyə biləcəyi ən yaxşı şey onun heç bir şey etməməsidir. Onun gizlədilməsinə və bayıra buraxılmamasına səbəb onun nitqində buraxdığı səhvləri heç kimin eşitməməsi, səhnədən yıxılmaması, pilləkənlərdən aşağı diyirlənməməsi, cinayət qurbanlarının adlarını səhv tələffüz etməməsidir. Belə vaxtlar onun ən yaxşı günləridir”. 

Arkanzasın keçmiş qubernatoru düşünür ki, indi amerikalılar daha ağıllıdırlar və inanır ki, bu seçki artıq təkcə demokratlara və respublikaçılara aid olmayacaq. Bu seçkilər ölkənin qanun, nizam, təhlükəsizlik, sərhəd nəzarəti, iqtisadi reallıq ölkəsi olub-olmayacağı və ya növbəti dörd il ərzində amerikalıların “La La Land” ölkəsində yaşayıb-yaşamayacağı ilə bağlı olacaq.

Gözəl arzudur, təki seçkilər amerikalıların başqalarından tələb etdiyi kimi ədalətli və şəffaf keçsin. Bəlkə onda bu arzular gerçəyə çevrilə...

İlqar RÜSTƏMOV 
XQ

 

Dünya