Qarabağ sevdalı qazax bacımız

post-img

Tanınmış qazaxıstanlı şairə-publisist Nəsihə Gumarqızı xalqımıza dərin sevgisi olan ziyalıdır.  Alma-Ata şəhərində yaşayıb-yaradır, ixtisasca mühəndisdir. Amma son onillər daha çox bədii yaradıcılıqla məşğuldur. Tanınmış araşdırmaçı publisistdir. 

Nəsihə xanım Turan sevdalısıdır, dəfələrlə Bakını, Qarabağı və ölkəmizin digər bölgələrini ziyarət edib, bu səfərlərin nəticəsində onun imzası ilə dəyərli yol qeydləri, oçerklər, kitablar ərsəyə gəlib. İki il əvvəl Azərbaycan, qazax və rus dillərində nəşr etdirdiyi “Qarabağ–evə gedən yol” sənədli-publisistik kitabında əsasən Azərbaycan xalqının mərd, igid oğullarının 44 günlük savaşda göstərdikləri qeyri-adi şücaət və qəhrəmanlıqlar təsvir olunub. 

Birinci Qarabağ müharibəsinin şəhid və qaziləri barədə faktlar və bilgilər toplayarkən bəlli olur ki, 1990-cı illərdə Yerbol Barımbetov adlı bir qazax hərbçi könüllü olaraq Qarabağda döyüşərək qəhrəmancasına həlak olub. Məzarı isə İkinci Şəhidlər xiyabanındadır. 

Nəsihə xanım Yerbolun döyüş dostlarını axtarıb taparaq cəsur həmyerlisi barədə maraqlı məlumatlar toplayıb. Sonra isə Yerbolun itkin düşdüyünü zənn edən valideynləri ilə görüşüb, onları övladlarının Qarabağdakı şücaətləri barədə məlumatlandırıb. Bütün bunlar onun “Yerbol – Qarabağ şəhidi” adlanan növbəti parlaq publisistik kitabın yazılması ilə nəticələnib. 

Yerbol haqqında kitabın Azərbaycanın Qazaxıstandakı səfirliyində, Astana və Alma-Atadakı diaspor təşkilatlarında, eləcə də Bakıda təqdimatları keçirilib. Bu sətirlərin müəllifi bir müddət əvvəl Azərbaycan AMEA-nın elmi kitabxanasında keçirilən görüşün iştirakçısı olub. 

Tədbir çox səmimi və işgüzar bir şəraitdə keçdi. Görüşün ən maraqlı məqamlarından biri tanınmış şair Ramiz Qusarçaylının Nəsihə xanımın yaradıcılığından tərcümə etdiyi bir neçə şeiri oxuması olub. Ramiz müəllim dedi ki, qazaxıstanlı şairənin poeziyasında xalqımızın tarixinə, mədəniyyətinə sevgi mövzusu xüsusi bir yer tutur. 

AMEA-nın Tarix və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Şahin Fazil çıxışında məmnunluq hissi ilə belə bir fikri vurğuladı: “Son illər böyük bir coğrafi məkanda yerləşən türkdilli xalqlar arasında mədəni əlaqələr güclənir. Düşünürəm ki, Nəsihə xanım kimi dəyərli ziyalılar Turanın sülh elçiləridir. Bunlar hələlik erkən yazda yurdumuza uçub gələn ilk qaranquşlardır. Zərrə qədər şübhə etmirəm ki, onların sayı getdikcə artacaq”. 

Nəsihə xanım sonda çıxış edərək bir gün əvvəl yenidən Şuşa və Laçında olduğunu, bu unudulmaz səfərdən gözəl təəssüratlarla qayıtdığını söylədi. Bir də onu etiraf etdi ki, nə qədər yazsa da, “Şuşanın sıldırım qayalarına dırmaşaraq şəhəri düşməndən qəhrəmancasına azad edən igidlərin şücaətini təsvir və vəsf etməyə onun qələminin gücü çatmır”. Bu səmimi sözlər tədbir iştirakçıları tərəfindən məmnunluq hissi ilə qarşılandı. 

Yadımdadır, bir neçə gün sonra qazaxıstanlı şairə Alma-Ataya yola düşdü. Lakin o, Bakını, Azərbaycandakı ürək dostlarını, xüsusilə şəhid analarını, ailələrini heç vaxt yaddan çıxarmır, bir qayda olaraq onları ad günlərində, bayramlarda xoş sözlərlə təbrik edir. 

Nəsihə Gumarqızı sosial şəbəkələrdə də çox fəaldır və vaxtaşırı ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən dəyişikliklər barədə maraqlı paylaşımlar edir. “Facebook” səhifəsindəki son qeydləri diqqətimi cəlb etdi. Yazıb ki, “Bu gün (dünən-red) Astana şəhərindəki “Sülh və Həmrəylik sarayı”nda tanınmış qazax müğənnisi Əlişir Kərimovun konserti baş tutub. Tədbirdə Əlişirin böyük şövqlə ifa etdiyi “Laçın” mahnısı onu xəyalən yenidən Qarabağın bu gözəl şəhərinə aparıb. Bəli, Qarabağ Azərbaycandır!” 

XQ

 

Sosial həyat