Türkiyənin Uşak Universitetində Türk Dünyası Araşdırmaları Mərkəzi və Azərbaycan Mədəniyyətini Tanıtma Dərnəyinin birgə təşkilatçılığı ilə “Qarabağ: dünən, bu gün və gələcək” adlı konfrans keçirilib.
Mərasimi giriş sözü ilə açan Uşak Universitetinin rektoru Əkrəm Savaş bildirib ki, tarixdə baş verənləri unutmamaq üçün bu kimi tədbirlərin xüsusi önəmi var. Türk dünyası olaraq güclü olmalıyıq. Biz güclü olmayanda, bizi məhv etməyə, məğlub etməyə çalışırlar. Xocalıda, Qarabağda yaşadıqlarımızı bu gün Fələstində yaşayırıq. Aylardır qadınlar, uşaqlar və günahsız dinc sakinlər qətlə yetirilir. Ona görə də gənclərimizə tövsiyə edirəm: tarixi yaxşı öyrənin, keçmişi unutmayın. Bu gün üçün keçmişdə tökülən göz yaşlarını, qanları, əzabları unutmamalıyıq.
Uşak Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Kamil Uyğun və Azərbaycan Mədəniyyətini Tanıtma Dərnəyi rəhbərinin müşaviri Naib Ələkbərov mövzu ilə bağlı çıxışlarında xalqımızın Qarabağ zəfərinin tarixi əhəmiyyətinə diqqət çəkiblər.
Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun şöbə müdiri, professor Vəfa Qurban isə çıxışına Cənubi Qafqaz regionun tarixi və iqtisadi önəmi ilə başlayıb. O, Qarabağ regionun bütün türk dövlətləri üçün vacibliyini qeyd edib, təqdim etdiyi sənədlər vasitəsi ilə vaxtı ilə bölgədə erməni əhalisini süni surətdə artırmaq üçün aparılan işlərdən, ermənilərin Xocalıda törətdikləri amansız soyqırımından danışıb və Azərbaycanın tarixi qələbəsindən sonra Qarabağda aparılan böyük quruculuq işləri haqqında məlumat verib.
Sonra Qarabağ zəfərinin tarixi əhəmiyyətindən bəhs edən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Xocalı qətliamı haqqında məlumatların dünyaya çatdırılmasında qardaş Türkiyənin böyük rolu olduğunu vurğulayıb. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirən müşavir türk xalqına və dövlətinə təşəkkür edib.
Mərasimdə Uşak Universitetinin prorektoru Kenan Taş, fakültə dekanları, peşə liseyi müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
XQ