Avropa İttifaqı Pekini də cəzalandırmaq istəyir

post-img

Aİ ölkələri fevralın 19-da yekunlaşması gözlənilən 13-cü sanksiyalar paketinə Şimali Koreyadan və ən əsası, Çin Xalq Respublikasından olan bəzi hüquqi və fiziki şəxsləri daxil etmək niyyətindədir. Əvvəllər Aİ Rusiya ilə əməkdaşlığa görə Çini cəzalandırmaqdan yayınırdı. Artıq Çin Xarici İşlər Nazirliyi bununla bağlı etirazını bildirib. Bununla belə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel hesab edir ki, bu məsələdə qətiyyətlə hərəkət etmək lazımdır, əks halda, Ukrayna uduzacaq.

Aİ-nin Rusiya ilə Ukrayna arasında münaqişənin ikinci ildönümünə hazırla­dığı yeni anti-Rusiya sanksiyalar paketi çox güman ki, yalnız ayrı-ayrı şəxlərə yönəlmiş fərdi sanksiyalar olacaq, lakin o ilk dəfə olaraq Rusiya–Çin əməkdaşlı­ğına qarşı yönələcək. Qərb mətbuatı ya­zır ki, Brüsselin anti-Rusiya sanksiyaları rejimini pozmaqda şübhəli bildiyi hüquqi şəxslərin “qara siyahı”sına Türkiyə, Ser­biya və Hindistan şirkətləri ilə yanaşı, Honq-Konqdan 4 və Çindən isə 3 şirkətin daxil edilməsi təklif olunur. Bu təklifləri özündə əks etdirən sənəd 91 səhifədən ibarətdir və Aİ diplomatik xidməti tərəfin­dən hazırlanıb. “The Guardian” qəzeti av­ropalı məmurun izahatına istinadən yazır ki, Rusiya Aİ sanksiyalarını aşmaq üçün çox çalışır və Avropa daha çox iş görmə­lidir. “Köhnə qitə” əvvəllər qəbul edilmiş paketlərdəki boşluqları bağlamalı, tətbiq edilən məhdudiyyətlərdən yan keçməyin yollarını müəyyənləşdirməli və Rusiya gəlirlərini daha da azaltmalıdır. Diplo­matik xidmətin təklifləri çərşənbə günü, fevralın 14-də Brüsseldə müzakirə olu­nub. Mətbuatın verdiyi məlumata görə, Aİ ölkələrinin daimi nümayəndələrinin həftəlik toplantısı olub, tədbirdə Böyük Britaniya və ABŞ-ın nümayəndələri də iş­tirak ediblər. Danışıqların nəticəsi barədə məlumat verilməyib. 

Əvvəllər çinlilərin Rusiya ilə əmək­daşlığa görə cəzalandırılması ideyası Brüsseldə dəfələrlə müzakirə olunub. Hələ ötən ilin dekabr ayında Avropa İtti­faqı Şurasının prezidenti Şarl Mişel Çin sədri Si Sinpinlə görüşdən sonra demişdi ki, Aİ Çin şirkətlərinin siyahısını hazır­layıb, həmin şirkətlər Rusiyanın sank­siyalardan yayınmasında müəyyən rol oynaya bilər. Sonradan bu mövzu arxa plana keçdi. Ona görə ki, Aİ Çin hakimiy­yətindən anti-Rusiya sanksiyalarından yayınmağa qarşı mübarizədə əməkdaş­lığa hazır olduqlarına dair təminat almış­dı. Siyasi analitiklərin fikrincə, ola bilsin ki, Aİ diplomatik xidmətinin təkliflərinə Ukraynadakı vəziyyətin təhlili təsir edib. J.Borrell bu yaxınlarda Kiyevə səfərindən sonra Ukraynaya dəstəyi gücləndirmə­yin vacibliyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya bir neçə aydan sonra hücu­ma keçə bilər.

Çin hakimiyyəti Aİ-nin xarici siyasə­tindəki bu dəyişikliyi açıq şəkildə pislə­yib. Çin Xarici İşlər Nazirliyinin verdiyi məlumata əsasən, “Çin ÇXR və Rusiya Federasiyası arasında əməkdaşlığa görə Çinə qarşı qeyri-qanuni sanksiyaların tət­biqinə qəti şəkildə qarşı çıxır”. Çin Xari­ci İşlər Nazirliyi ölkə hakimiyyətinin “Çin müəssisələrinin qanuni hüquq və maraq­larını qətiyyətlə qorumaq üçün lazımi təd­birlər görəcəyini” vəd edir. Bəyanatda bu məsələdə əks-sanksiyadan söhbət getdi­yi göstərilmir. Analitiklərin sözlərinə görə, iqtisadi güc mərkəzlərindən biri olan Aİ ilə mübahisə etmək Pekin üçün asan deyil. Çin və Aİ arasında ticarət 2023-cü ildə bir qədər azalsa da, hələ də çox böyük olaraq qalır. Çinin Baş Gömrük İdarəsinin məlumatına görə, 2022-ci ildə Aİ ilə ticarət dövriyyəsi 1,6 trilyion dollar olub. Bu, Rusiya ilə ticarətlə müqayisədə 8 dəfə çoxdur. 

İqtisadi cəhətdən Pekinlə sıx bağlı olan KXDR-ə qarşı sanksiyalara da qis­mən Çin əleyhinə tədbir kimi baxmaq olar. “Bloomberg”in fevralın 14-də ver­diyi məlumata görə, Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nama və bu ölkənin Baş Raket İdarəsinə qarşı məh­dudiyyətlər tətbiq olunacaq. Onlar Rusiya Federasiyasına ballistik raketlər vermək­də ittiham olunurlar. Qeyd edək ki, həm Rusiya, həm də Şimali Koreya hakimiy­yəti iki ölkə arasında hərbi-texniki əmək­daşlığın qurulmasını rəsmən təkzib edir. Şimali Koreyaya qarşı sanksiyalar sim­volik xarakter daşıyacaq. Məsələn, Kanq Sun-namın Aİ ölkələrinə səfəri qadağan olunacaq, o, onsuz da bunu etmir. Belə görünür ki, Brüssel Pxenyan və Pekinə bir növ xəbərdarlıq edir. “Politico”nun məlumatına görə, Avropa Komissiyasının hazırkı prezidenti Ursula Fon der Lyayen Rusiyaya sanksiya tətbiq edilən malların tədarükü ilə mübarizəyə yönəlmiş tədbir­lərin tez bir zamanda qəbul edilməsində israrlıdır. 

S.ELAY
XQ

Dünya