BMT-nin Baş katibi: Bəşəriyyət ən böyük parçalanma dövrünü yaşayır

post-img

Münxen Təhlükəsizlik Konfransında çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, hazırda dünyamız çox mürəkkəb çağırışlarla üz-üzədir, bəşəriyyət son 75 il ərzində heç vaxt olmadığı qədər parçalanıb və müxtəlif cəbhələrə bölünüb. O, “hər kəs üçün sərfəli olan qlobal nizamın” yaradılmasının zəruriliyini vurğulayıb.

Təşkilatın rəsmi saytı xəbər verir ki, Baş katib üzv ölkələrin BMT Nizam­naməsindən irəli gələn öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Yer kürəsində hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşaya biləcəyini söyləyib. Onun sözlə­rinə görə, təəssüf ki, hökumətlər bu öh­dəliklərə məhəl qoymur, milyonlarla mülki insan bundan dəhşətli dərəcədə əziyyət çəkir, rekord sayda qaçqın meydana çıxır.

Antonio Quterreş “daha şəbəkələş­miş və inklüziv çoxtərəflilik” adlandırdığı üsulla qlobal kollektiv təhlükəsizlik sis­temlərini yeniləməyi hədəfləyən və keçən ilin iyul ayında təqdim edilən Yeni Sülh Gündəliyindən bəhs edib. Bu sənəddə yer alan tövsiyələrə BMT Təhlükəsizlik Şurasında islahatların aparılması, nüvə silahlarının ləğvi ilə bağlı öhdəliklərin gö­türülməsi və münaqişənin qarşısının alın­masında davamlı inkişaf və iqlim fəaliy­yətinə daha çox önəm verilməsi daxildir.

Baş katib bildirib ki, sülh naminə yeni gündəlik bu ilin sentyabrında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək Gələcəyin Zirvə görüşündə müzakirə olunacaq. O, 1940-cı illərdən bəri mövcud olan qlobal maliyyə institutla­rının yaradılmasına istinad edərək “qlobal maliyyə arxitekturasında islahatların apa­rılması üçün Bretton-Vuds proqramının lazım olduğunu” söyləyib. “Bu, xüsusən də borc içində boğulan və inkişaf etməkdə olan ölkələr üçün əsl qlobal təhlükəsizlik şəbəkəsi yaratmağa kömək edərdi”, – deyə BMT-nin rəhbəri bildirib. Onun söz­lərinə görə, Gələcəyin Zirvə toplantısı bu institutları və çərçivələri həqiqətən univer­sal və inklüziv etmək üçün dərin islahatla­ra olan ehtiyacı nəzərdən keçirəcək.

BMT-nin Baş katibi deyib ki, bey­nəlxalq ictimaiyyət problemlərin ədalətə əsaslanan həlli yolları üzərində çalış­malıdır. "Hər kəs üçün sərfəli olan daha əhatəli, mükəmməl və effektiv qlobal nizam yaratmaq imkanı həmişə var", – deyə o vurğulayıb.

XQ

Dünya