BRICS – yeni dünya nizamının bir hissəsi

post-img

Bu birlik Qərbin hökmranlığına son qoya biləcəkmi?

Bu gün artıq tarixin gerçəyinə çevrilmiş BRICS “qızıl milyarda” aid olmayan ölkələr üçün, həqiqətən, cazibə nöqtəsinə çevrilib. Doğrudur, “Qlobal Cənub” ölkələri BRICS-ə qoşulmağa tələsir” demək və BRICS-in özünü “Qlobal Cənub”un bir hissəsi kimi təsnif etmək – bu, Qərbin bəşəriyyətin qalan hissəsi üçün təyin etdiyi rolları itaətkarlıqla yerinə yetirməyə davam etməkdən qətiyyən fərqlənməzdi. 

Etiraf etmək lazımdır ki, son illər BRICS və bu formata qoşulmaq istəyən ölkələr dünyanın böyük əksəriyyətini təşkil edir. Qondarma "qızıl milyard" Yer kürəsi əhalisinin yalnız kiçik bir hissəsidir. Onlar tarixən əvvəlcə başqalarının sər­vətindən qeyri-qanuni istifadə etmək və başqa ölkələrin əhalisini istismar etmək kimi “müstəsna hüquqa sahib olmaq”la lovğalanırdılarsa, indi çılğınlıqla “yenilikçi” neokolonializm və özlərinə faydalı olan standartların və qaydaların tətbiqi yolu ilə bu fürsəti qoruyub saxlamağa çalışırlar. 

Son illərdə aydın görürük ki, bir çox həmfikir ölkələrin qeyri-Qərb ittifaqının bir hissəsi olmaq imkanına yiyələnmək kimi çox böyük tələbatı ortaya çıxıb. Sual yarana bilər ki, beynəlxalq münasibət­lərdə təlatümlərin artdığı, Qərb dövlətləri tərəfindən qarşıdurma xarakterli soyuq müharibə düşüncəsinin tətbiqinə, hətta öz milli maraqlarının zərərinə olsa belə, məcburi seçimə baxmayaraq, BRICS-i bu qədər cəlbedici edən nədir?

Doğrudur, BRICS tarixi miqyasda qısa yol qət etsə də, bu yol çox inten­siv olub. Bu müddətdə həm sammit­lər, həm də nazirlər, ekspertlər və işçi qrupları formatları çərçivəsində çoxsaylı tematik məzmunlu iş üçün möhkəm zə­min yaradan, güclü institusional çərçivə formalaşdırılıb. Üstəlik, söhbət təkcə iqtisadiyyatdan deyil, dövlətlərarası qar­şılıqlı fəaliyyətin hər üç sütunundan – si­yasi, sosial-iqtisadi, ticarət və humanitar sahələrdən gedir. Ən parlaq uğur, əl­bəttə ki, BRICS-in yaratdığı Yeni İnkişaf Bankıdır (NDB), lakin elm, texnologiya və innovasiya sahəsində əməkdaşlığın arxi­tekturasını və ikinci planda görülən işləri, BRICS İqtisadi Tərəfdaşlıq Strategiyası və Şəbəkə Universitetinin işə başlaması sahəsində humanitar layihələri, özünün akademik reytinqinin yaradılmasını və bir çox digər sahələri də qeyd etməmək doğru olmazdı. 

2024-cü ildə BRICS-i nə gözlədiyini başa düşmək üçün, ilk növbədə, onun təkcə genişlənməsinin deyil, həm də gələ­cək inkişafının perspektivlərini qiymət­ləndirmək lazımdır: “dialoq forumu”ndan “koordinasiya mexanizminə”.

Əvvəla, yeni üzvlərin qoşulması ilə BRICS öz iqtisadi potensialını və dünya iqtisadiyyatındakı payını artıraraq plane­tin iqtisadiyyatına təsir vasitəsinə və yeni dünya nizamının mühüm tərkib hissəsinə çevriləcək. “Bloomberg”in hesablamala­rına görə, 2040-cı ilə qədər qlobal ÜDM-in 45 faizə qədəri BRICS ölkələrinin payı­na düşəcək. Bu isə G7 ölkələrinin sahib olacaqlarından iki dəfə çoxdur.

2023-cü ilin avqust ayına olan məlu­mata görə, 23 ölkə BRICS mexanizminə qoşulmaq arzusunu rəsmən ifadə etmiş­di. Bu ölkələrin ehtiyacları müxtəlifdir: bəziləri ticarət hesablaşmalarında ABŞ dollarından imtina etməyə, digərləri bey­nəlxalq bölgüdə mövcud modelə meydan oxumağa, bir başqaları isə xammaldan asılı iqtisadiyyatdan texnoloji və innovativ inkişaf modeli yoluna keçməyə ümid edir.

Altı yeni BRICS üzvündən beşi Yaxın Şərq və Şimali Afrikadadır. Bunlardan Səudiyyə Ərəbistanı və BƏƏ-nin üzv­lüyü xüsusi əhəmiyyət kəsb edir. Onlar ənənəvi olaraq ABŞ-ın sadiq müttəfiqləri olublar və əlbəttə, BRICS-də iştirakları onların bu ənənəvi mövqedən əl çəkə­cəkləri demək deyil. Lakin bu, onların daha balanslı mövqeyindən xəbər verir. Amma Argentina, məsələn, yeni qərb­yönlü prezident hakimiyyətə gəldikdən sonra üzvlük təklifindən imtina etdi. Bu, elə bir ciddi məsələ deyil, çünki BRICS könüllü təşkilatdır.

Ümumiyyətlə, BRICS-in genişlənmə­si Qərb tərəfindən nə az, nə çox, möv­cud beynəlxalq nizama meydan oxumaq kimi qəbul edilir və bu, inkişafın birləş­dirici tendensiyasını tanımaq istəməyən ölkələrin və təşkilatların qorxu və eti­razına səbəb ola bilər. Lakin BRICS-in genişlənməsinin hazırda Avropa və ABŞ-ın hökmranlıq etdiyi beynəlxalq nizamı sarsıdacağından narahat olmaqdansa, Qərbə sual vermək lazımdır ki, nə üçün 20-dən çox ölkə bu quruma üzv olmağa bu qədər can atır? BRICS-in genişləndi­rilməsi hər hansı qarşıdurma xarakterli anti-Qərb gündəminin formalaşdırılması demək deyil, bu, mövcud qlobal idarəet­mə sistemində islahatların aparılması istəyidir.

BRICS ölkələri özləri də başa düşmə­lidirlər ki, öz sıralarının genişləndirilmə­sinin bədəlini ödəməlidirlər: assosiasiya daxilində daha çox sayda və daha çox müxtəliflik bir çox mühüm məsələlərdə ortaq məxrəcə gəlməyi çətinləşdirəcək. Hindistan və Pakistanın qəbulundan son­ra Şanxay Əməkdaşlıq Təşkilatının təc­rübəsi buna sübutdur.

Bundan əlavə, hələlik, BRICS-i öz ni­zamnaməsi, prosedurları, daimi qərarga­hı və inzibati büdcəsi olan tam hüquqlu beynəlxalq təşkilat hesab etmək olmaz. Birlik daxilində siyasi və ekspert səviy­yələrində əməkdaşlığın dərinləşdirilməsi yolu ilə getmək, yoxsa onu rəqəmsal genişlənmə ilə məhdudlaşdırmaq barə­də müzakirələr davam edir. Siyasi eks­pertlər belə qənaətdədirlər ki, BRICS-in genişlənməsi və dərinləşməsi arasında yekun seçim etməyə ehtiyac yoxdur. 

Rusiyanın P.A. Stolıpin adına İdarəçilik İnstitutunun eksperti Valeri Kuzin sürətlə dünya vətəndaşlığını təsdiq edən BRICS-ə münasibətini belə açıqlayır: “BRICS tərəf­daşları arasında əlaqələr yalnız bütün iştirakçıların qanuni maraqları nəzərə alınmaqla, şəffaflıq və həmrəylik prinsip­ləri əsasında inkişaf edir. Mövcud olduğu müddətdə birlik regional ölkələr qrupundan beynəlxalq arenada nüfuzlu oyunçuya çev­rilib. Birlik ölkələrində artıq dünya əhalisinin 42 faizi yaşayır, dünya ÜDM-nin 23 faizi və ticarət dövriyyəsinin 18 faizi burada cəmlə­nib; BRICS iqtisadiyyatı artıq keçən il G7 qrupundan daha böyük olub və dinamik in­kişafını davam etdirir.

Bu gün birliyin üzvləri təkcə milli val­yutalarda qarşılıqlı hesablaşmaları deyil, həm də öz hesablaşma vahidlərinin ya­radılmasını müzakirə edirlər. Braziliya, Laos və Pakistan kimi ölkələr isə artıq beynəlxalq ödənişlərdə dollardan imtina edib yuana keçməyə hazır olduqlarını bəyan ediblər. Beləliklə, başa düşmək olar ki, bir çox dövlətlər bu perspektiv­li struktura qoşulmaq və eyni zamanda bərabərhüquqlu tərəfdaşlıqdan faydalan­maq istəyirlər”. 

Ekspertlər əmindirlər ki, BRIKS ailə­sinin genişlənməsi birliyi gücləndirəcək və kollektiv Qərbin təzyiqinə məruz qal­mayacaq alternativ maliyyə sisteminin formalaşmasına doğru irəliləməyə im­kan verəcək. Rusiya Prezidenti Vladimir Putinin dediyinə görə, “BRIKS heç kimlə rəqabət aparmır, heç kimə qarşı çıxmır”, lakin nə Rusiya Federasiyası, nə də digər dövlətlər birqütblü dünya nizamına döz­mək niyyətində deyillər.

Mühüm məsələlərdən biri də BRICS-in qeyri-bərabərliyin aradan qal­dırılmasına və iqtisadi inkişafa böyük diqqət yetirməsidir. Bunu prioritetlərin biri kimi seçmənin səbəbi odur ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika­nın ən azı bir ümumi problemi var. Son illərdə, demək olar ki, bütün sahələrdə əldə etdikləri irəliləyişlərə baxmayaraq, bu ölkələrdə hələ də xeyli sayda yoxsul insan var. Buna görə də, ötən ilin so­nunda “Yohannesburq 2” yekun bəyan­naməsinin qəbulu ilə nəticələnən Cənubi Afrikadakı sammitdə dünya səviyyəsində ciddi problem olan qeyri-bərabərlik, bu­nun xüsusilə koronavirus pandemiyasın­dan sonra daha da güclənməsi problemi əsas yerlərdən birini tuturdu.

BRICS-in milli valyutaların beynəlxalq ticarət və maliyyə əməliyyatlarında istifa­dəsinin təşviqinə xüsusi diqqət yetirməsi də diqqətçəkən əsas məsələlərdəndir. Bu məsələnin həllində infrastruktur la­yihələrinin maliyyələşdirilməsi üçün yara­dılmış Yeni İnkişaf Bankının mühüm rolu olacaq. Onun prezidenti Dilma Rousseff Yohannesburqda iki şeyə necə nail ola­cağı qərarını belə açıqlamışdı: “Ameri­ka dollarından asılılığın azaldılması və çoxqütblü beynəlxalq maliyyə sisteminin formalaşdırılması”. Bu da, öz növbəsin­də, BRICS ölkələrinin yeni inkişaf səviy­yəsinə çatmasına imkan verəcək. 

BRICS-in inkişafına təkan verə bilə­cək digər amil assosiasiyanın iştirakçılar fondunun genişləndirilməsidir. Yohan­nesburqda keçirilən sammitdə “beşlik” birdən-birə 6 ölkənin üzvlüyünə yaşıl işıq yandırmışdı. 2024-cü il yanvarın 1-dən Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ assosiasiyanın tam­hüquqlu üzvü olacaqdılar.

Həmin sammitdə Cənubi Afrika Res­publikasının (CAR) Prezidenti Siril Ra­mafosa qeyd etmişdi ki, genişlənmənin ilk dalğasının ardınca yeni dalğa gələcək. Ona görə də CAR-da keçirilən sammit­də BRICS iştirakçılarının sayını daha da artırmaq üçün meyarlar hazırlandı. Yeri gəlmişkən, birliyin abbreviaturası də­yişməyəcək, çünki o, artıq formalaşmış brend hesab edilir. 

Bəs Azərbaycan necə, BRICS-ə üzv­lük haqqında düşünürmü və ümumiy­yətlə, regonun politoloqları və iqtisadçı ekspertlərının buna münasibəti necədir? Doğrudur, hazırda sayı sürətlə artan “Qlobal Cənub” ölkələri üçün BRICS, ilk növbədə, məşvərətçi rol oynayır. 

Azərbaycandakı Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin analitikləri hesab edirlər ki, bölgədə kommunikasiyaların açılması prosesi Bakı üçün yeni imkan­lar yaradır: “İranın BRICS-ə qoşulması və bu birliyin hər iki tərəfdən Azərbaycan sərhədlərinə çatması rəsmi Bakı üçün əl­verişli imkanlar açır: 

Azərbaycan belə böyük iqtisadi poten­siala malik platformaya yaxın olmasından maksimum yararlanmalıdır. Yeri gəlmiş­kən, unutmaq olmaz ki, Hindistan, İran və Rusiya kimi BRICS ölkələrini birləşdirən Şimal–Cənub dəhlizinin qərb marşrutu ölkəmizin ərazisindən keçir. BRICS-in genişlənməsi isə Cənubi Qafqaz, o cüm­lədən Azərbaycan vasitəsilə qrup ölkələri arasında qarşılıqlı ticarətin həcminin artı­rılmasını qaçılmaz edir.

Yuxarıda qeyd etdiyimiz BRICS ölkələrini birləşdirən iki məqam Azərbay­can üçün də aktualdır. Çünki ölkəmiz də Qərblə əməkdaşlıq edir, lakin onun diktə­sini tanımır və bərabərhüquqlu tərəfdaş­lığın tərəfdarıdır. Digər tərəfdən də, Azər­baycan bir çox cəhətdən Cənubi Qafqaz regionunun lideridir. 

Ekspertlərin açıqlamalarına görə, ha­zırda birliyə sədrlik edən Rusiya 2024-cü il yanvarın 1-də BRICS-ə qoşulmalı olan Argentinadan birlik üzvlüyünə imtina barədə rəsmi bildiriş aldıqdan sonra bir neçə ölkə vakant yer üçün müraciət edib.

Xüsusilə, Əlcəzair, Banqladeş, Bəh­reyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Kuba, Honduras, İndoneziya, Qazaxıstan, Küveyt, Mərakeş, Nigeri­ya, Fələstin, Seneqal, Tailand və Pa­kistan BRICS-ə üzlük üçün artıq ərizə verib. Buna baxmayaraq, digər ölkələr, o cümlədən Nikaraqua və Mərkəzi Afri­ka Respublikası da BRICS-ə qoşulmaq istəyindən danışır. Belə ki, Mərkəzi Afrika Respublikası Prezidentinin nümayəndəsi Albert Yaloke Mokpeme rus mətbuatına bildirib ki, onun ölkəsi artıq BRICS ölkələ­rinə birgə layihələrin variantlarını təqdim etməyə belə imkan tapıb.

Venesuelaya gəlincə isə, bu ilin yan­varında ölkə Prezidenti Nikolas Maduro respublikanın 2024-cü ilin oktyabrında birliyin Kazanda keçiriləcək sammitində tamhüquqlu üzv kimi BRICS-ə qoşula­cağına ümid etdiyini bildirib. Karakasın bu istəyinin səbəbləri arasında blokun iqtisadi potensialı əsas yer tutur. Maduro qeyd edib ki, Venesuela “yeni dünyanın, yeni balansın bir hissəsi kimi BRICS-ə üstünlük verir”.

Dünyanın yeni blokunun hansı xarak­ter alacağı dəqiq məlum olmasa da, bir gerçək ortadadır ki, dünya daha əvvəlki kimi olmayacaq. Çünki BRICS-in belə sürətlə genişlənməsi beynəlxalq ictimaiy­yətə aydın mesaj verir ki, “birqütblü dün­ya erası başa çatmaq üzrədir”.

İlqar RÜSTƏMOV
XQ

Siyasət