Ürəklərdə yaşayan yazıçı-jurnalist

post-img

Şamil Fərzəliyev – 90

Tanınmış yazıçı-jurnalist, unudulmaz media təşkilatçısı Şamil Fərzəliyev (Şamil Xurşud) həyatdan vaxtsız getsə də, ədəbi-mədəni aləmdə silinməz izlər qoyub. Onun çoxşaxəli bədii-publisistik irsi ədəbiyyatımızda və jurnalisistikamızda özünəməxsusluğu ilə seçilib və əks etdirdiyi dövrün canlı salnaməsi kimi bu gün də tarixi-estetik önəmini qoruyub saxlayır.

Əslən Qərbi Azərbaycanın Zəngəzur mahalının Ağudi kəndindən olan Şamil Fərzəliyev 1934-cü il fevralın 18-də Ucar rayonunda anadan olmuşdu. Ötən əsrin 50-ci illərində Bakı Dövlət Universitetin­də jurnalistika təhsili aldığı illərdən bə­dii-publisistik yaradıcılığa başlayan gənc qələm sahibinin qəzet-jurnallarda çap olunan müxtəlif janrlı yazıları, televiziya və radio səhnəcikləri onu istedadlı müəllif kimi tanıtmışdı. Ali təhsildən sonra Mos­kva İctimai Elmlər Akademiyasını da bi­tirən Şamil müəllim Azərbaycan KP MK aparatında təlimatçı vəzifəsində çalışsa da, onun yazıb-yaratmaq həvəsi qarşı­sında açılmış ictimai-siyasi karyera yük­səlişinə üstün gəlmişdi. 

1972-ci ildə ölkənin populyar “Azər­baycan gəncləri” qəzetinin baş redakto­ru vəzifəsinə təyin olunan yazıçı-jurnalist yaradıcılıqla daha ciddi məşğul olmağa başlamış, bir sıra sənədli-bədii əsərlər ərsəyə gətirmişdi. Təçrübəli media təşki­latçısı 1980-ci ildə Azərbaycanda “Molla Nəsrəddin” ənənələrini davam etdirən “Kirpi” satirik jurnalının baş redaktoru vəzifəsinə irəli çəkilmiş və 6 il bu nüfuzlu nəşrə bacarıqla rəhbərlik etmişdi. O illər­də yeni kitabları nəşr olunmuş, pyesləri səhnələşdirilmişdi. Amansız xəstəliyin 52 yaşında, yaradıcılığının çiçəklənən vaxtında istedadlı qələm sahibini həyat­dan aparması jurnalistika və ədəbiyyatı­mızın da ağır itkisi olmuşdu. 

O zaman oğlanları – Araz 9-cu sinif­də oxuyurdu, Azər hərbi xidmətdə idi. Qızları Həqiqət və Sədaqət təzə ailə həyatı qurmuşdular. Nəvələri Xəzərlə Orxan hələ yenicə “baba” deməyə baş­lamışdılar. Azərin ailə həyatı qurmağını, Arazın Bakı Dövlət Universitetinin jurna­listika fakültəsini bitirməyini, Həqiqətin oğlu Oqtayın, qızı Nigarın, Sədaqətin oğlu Cavidin, qızı Nərgizin, Azərin oğ­lanları Şamil və Cavadın, qızı Səminin, Arazın qızları Nuray və Fidanın dünya­ya gəlməyini görmək isə Şamil müəllimə qismət olmsa da, onun nakam ruhunu sevindirib, nəslinin davamına sevindirici töhfələr olub. Adı, imzası isə professio­nal jurnalistikamızda və milli ədəbiyya­tımızda unudulmaz yazarların sırasında yer alıb.

Ötən əsrin 70–80-ci illərində ölkəmi­zin ən oxunaqlı qəzetlərindən biri olan “Azərbaycan gəncləri”nin baş redaktoru olması yaşlı nəslin yaddaşında parlaq izlər qoyub. Qəzetin sovet dövrünün mətbu nəşrləri arasında öz mövzuları, dəst-xətti ilə seçilməsi xeyli dərəcədə onun təşəbbüskar, sabitqədəm media rəhbəri olması ilə bağlı idi. Şamil Fərzə­liyev “Kirpi” jurnalına baş redaktorluğu dövründə bu nəşr cəmiyyətdə baş verən neqativ hallara, əliəyriliyə, rüşvətxorluğa və bürokratiyaya qarşı ən fəal mübarizə aparan mətbu orqan kimi daha da popul­yarlaşıb. 

Vaxtilə bir yerdə çalışdığı həmkarla­rından biri öz xatirələrində onu “oxucu­larını insanlığa, Vətənə, torpağa məhəb­bətə və bağlılığa çağıran redaktor”, başqa biri “əqidəli, yüksək mənəviyyatlı və fəal vətəndaş mövqeyi olan ziyalı”, di­gəri isə “vicdanlı, zəhmətkeş insan, de­mokratik ruhlu qəzet rəhbəri” adlandırıb. Onun barəsində bir yerdə işlədiyi həm­karlarından Şahin Quliyev, Tofiq Mütəlli­bov, Mürşüd Dadaşov, Piri Məmmədov, Möhbəddin Səməd, Abdül Qəni, Şakir Yaqubov, Elçin Mehrəliyev yüksək sevgi və ehtiramla söz açıblar. 

Ötən əsrin 60-cı illər ədəbi nəslinə mənsub olan istedadlı jurnalist və qə­zet redaktorunun ədəbi yaradıcılığı çox maraqlı və rəngarəng idi. Şamil Xurşud qələmə aldığı obrazların fərdi xüsusiyyət­lərini, psixoloji aləmini açmağı, təsvir etdi­yi hadisələrin mahiyyətini bitkin ifadələrlə dolğun və canlı çatdırmağı sevirdi. Yazıçı və şairlərdən Əli Vəliyev, Məmməd Araz, Qulu Xəlilov, Nəbi Xəzri, Cəmil Əlibə­yov, Qəşəm Aslanov, Yusif Kərimov, Va­hid Əziz, Rəfiq Zəka, Xalid Əlimirzəyev, Şahmar Əkbərzadə, Əmir Mustafayev, İsmayıl Qarayev, Qədir İsmayılov, Flora Xəlilzadə Şamil Fərzəliyevin yaradıcılığı və şəxsiyyəti barədə mötəbər fikirlər söy­ləyiblər. 

Şamil Xurşudun “Sizi unutma­ram”, “İnsan yaşayır”, “Azarkeş nənə”, “Xəstələr”, “Özüm və özün”, “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “Sakitlik ol­mayacaq” kitabları çox böyük maraqla oxunurdu. O, həm də incə zövqlü, ha­disələri inandırıcı, əhatəli təhlil edən, şərh verən dramaturq idi. “Sən tək deyil­sən”, “Məhəbbət novellası”, “Yaz yağışı”, “Qvardiya, irəli”, “Sevinc”, “Yol ayrıcında”, Mirzə Şəfi Vazehin həyatına həsr etdiyi “Bəxtiyar deyil” səhnə əsərləri və televi­ziya tamaşaları bədii məzmunu, milli ko­loriti və üslubu ilə tamaşaçıların rəğbətini qazanmışdı.

İstər jurnalist, istər yazıçı, istərsə də dramaturq kimi Şamil müəllimin qısa öm­ründə qoyduğu izləri, unudulmaz xatirələ­ri saymaqla qurtarmaz. Bütün bunlarla yanaşı, Şamil Fərzəliyev gözəl və alicə­nab insan, hamıya xeyirxahlıq, kömək etməyə, yardım əli uzatmağa hazır olan genişqəlbli insan idi. Onu tanıyan hər kəsin qəlbi sağlığında ürəklərdə özünə heykəl qoyduran istedadlı yazıçı-jurnalis­tin barəsində ən xoş və məhrəm sözlərlə dolu idi. Övladlarına təmizlik, saflıq, xe­yirxahlıq kimi nəcib keyfiyyətlər aşılayan Şamil müəllimin öz həyatı da hekayə kimi maraqlı və unudulmaz idi.

Təkcə yaradıcılığı, əsərləri, səmimiy­yəti deyil, Şamil Fərzəliyevin ailə müna­sibətləri, övladlarına və doğulduğu torpa­ğa olan sevgisi də bir örnək idi. O, vəfat edəndə dəfn üçün Bakıda İkinci Fəxri xi­yabanda yer ayrılsa da, onu öz arzusuna uyğun olaraq Ucardakı Qarabörk məzar­lığında torpağa tapşırıblar. Parlaq xatirəsi isə qədirbilən ürəklərdə yaşayır.

Süleyman QARADAĞLI,
AZƏRTAC-ın aparıcı müxbiri

Mədəniyyət