Avtomobil sükanı arxasında sürücülərin keçirdikləri əsəb, gərginlik... Üstəlik, yanacaq xərcləri, ağır tıxaclar, ətraf mühitin çirkləndirilməsi... Bunlar hamımızı narahat edən məsələlərdir.
Sağlam həyat tərzi keçirən insanlar çıxış yolu kimi velosipedi ən yaxşı nəqliyyat vasitəsi hesab edirlər. Bəziləri isə skuter, moped və digər vasitələrdən istifadəyə üstünlük verirlər.
Bakıda artıq ötən ilin dekabrından bütün hərəkət iştirakçıları üçün bərabər şəraitin yaradılmasına yönələn mikromobillik infrastrukturunun qurulmasına başlanılıb ki, bu da hamımızı sevindirir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hazırlanan layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir.
Qurumdan qəzetimizə bildirildi ki, hazırda müvafiq nişanlanma işləri Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişməsində aparılır. İndiyədək 3 min 300 metr məsafədə müvafiq nişanlanma işləri aparılıb, yol nişanları quraşdırılıb. 13 məntəqədə isə mikromobillik vasitələri üçün parklanma yerləri təşkil edilib. Növbəti mərhələdə avtomobillərlə yarana biləcək mübahisəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq. Ümumilikdə, 7 kilometrə yaxın məsafəni əhatə edən 1-ci mərhələ üzrə işlər yekunlaşandan sonra ilk dövri hərəkət təmin olunacaq.
Bəs bu yollardan necə istifadə olunur? Yol nəqliyyatı eksperti Elməddin Muradlı mikromobillik infrastrukturunun getdikcə genişləndirilməsinin müsbət hal olduğunu vurğulasa da, velosiped zolaqlarında hərəkətin hansı formada həyata keçirilməsi ilə bağlı bəzi məsələlərin açıq qaldığını dedi:
–Zolaqda qayda pozanlara nə kimi cəza tətbiq olunacaq? Velosipedçi ox işarəsinin əksinə hərəkət edərsə, onu hansı cəza gözləyir? Həmin zolağa girən hərəkət iştirakçılarının yaş həddinə nəzarət olunurmu? Bu vasitələrin texniki vəziyyəti nə yerdədir? Bu məsələlər açıq qalır və qanunvericiliklə tənzimlənməlidir.
Ekspert velosiped zolağından hələlik az insanın istifadə etdiyini də diqqətə çatdırdı. E.Muradlının fikrinə əlavə etmək istəyirik ki, bəzi qayda pozuntuları velosiped zolağında hərəkət iştirakçılarına mane olur. Məsələn, avtomobil sürücülərindən kimi mağazadan nə isə almaq, kimi sərnişin gözləmək bəhanəsi ilə zolaqda park edir, kimi də xüsusi salınmış yol ilə hərəkət edir.
Avtomobil sürücülərinin mobillik infrastrukturu ilə bağlı fikirlərini öyrəndik. Aqşin Cavadov adlı sürücü dedi:
–Velosiped zolaqları yolların daraldılması hesabına salınıb, bu avtomobillərin hərəkətində sıxlıq yaradır.
Digər sürücü Elçin Camalov:
– Velosiped, moped, skuterlər qəza halları yaradır. Mobillik infrastrukturunun genişləndirilməsi təhlükəsizliyimiz üçün daha bir zəmanətdir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru Toğrul Nəsirlinin qəzetimizə verdiyi açıqlamasında ötən il ərzində paytaxt ərazisində təkcə velosipedçilərin vurulması ilə nəticələnən 4 yol-nəqliyyat hadisəsinin qeydə alındığı və qəzalar zamanı 3 nəfərin həyatını itirdiyi, 1 nəfərin isə yaralandığı bildirilir.
Gənc velosipedçi Araz Əzimov isə hələlik onların hərəkəti üçün şəraitin olmamasından gileyləndi. Digər hərəkət iştirakçıları da gələcəkdə velosiped zolağının daha çox ərazini əhatə edəcəyinə ümid etdiklərini bildirdilər.
Diqqətimi səkidə skuterlə hərəkət edən gənc qız çəkdi. Söhbətləşdik. Səidə Hüseynova 3 ildir avtomobillə işə gedir.
–Hərdən skuter köməyimə gəlir. Təəssüf ki, velosiped zolağı çox qısa məsafəni əhatə edir. Səkilərlə getmək isə çox çətindir. Həm də utanıram. Ətrafdakılar diqqətlə məni süzürlər – deyə, o əlavə etdi.
Ölkəmizdə mobillik infrastrukturunun mərhələli şəkildə genişləndirilməsi və daha geniş ərazini əhatə etməsi planlaşdırılır. Burada sakinlərin üzərinə də böyük məsuliyyət düşür. Yeniyetməsi məktəbə, böyüyü isə velosipedlə işə gedən danimarkalılar kimi, əvvəlcə velosipedi özümüzə ən yaxşı dost seçməliyik. O zaman velosiped zolağında daha çox yol hərəkəti iştirakçısı görəcəyik.
Leyla QURBANOVA,
Elşən AĞALAR (foto)
XQ