Azərbaycanın bütün sahələrdə, eyni zamanda, təhsildə beynəlxalq qiymətləndirmələrdə mövqeyinin yaxşılaşdırılması qarşıda duran əsas məqsədlərdən biridir və bu istiqamətdə müşüm işlər görülür. Bu baxımdan PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının 2022-ci il üzrə açıqlanmış nəticələri böyük müzakirələrə səbəb olub.
PISA-nın ötən il keçirilən tədqiqatında əsas sahə riyaziyyat olub və 81 ölkədən ümumilikdə 700 minə yaxın şagird qiymətləndirmədə iştirak edib. Bakı məktəbləri ilə təmsil olunan Azərbaycan 81 ölkə arasında 56-cı pillədə qərarlaşıb. Riyaziyyat üzrə nəticələrə görə, cədvəldə lider mövqe Sinqapura məxsusdur. Makau (Çin), Çin Taypeyi, Honkonq (Çin) və Yaponiya ilk beşlikdə yer alıblar.
Təhsil eksperti Elmin Nuri PISA qiymətləndirməsində həm 2018-də, həm də 2022-də Azərbaycanın Bakı məktəbləri ilə təmsil olunduğunu bildirdi:
– Azərbaycanda 4 mindən çox ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan yalnız 329-u Bakıda yerləşir. Qiymətləndirmə isə yalnız paytaxtda təhsil alan şagirdlərin göstəricisi əsasındadır. Bununla belə, o qədər də yaxşı nəticə göstərə bilmədik. Siyahıda yer alan digər ölkələrdəki nəticələr isə təhsil sistemini ümumilikdə əhatə etdiyi üçün, bu, daha real göstəricini üzə çıxarır.
Digər məsələ riyaziyyat üzrə göstəricilərin xüsusən aşağı olmasıdır. Ekspert qiymətləndirmədə iştirak edən şagirdlərin yalnız 38 faizinin 2-ci səviyyə biliyinə nail olduqlarını, bunun isə ümumi PİSA göstəricisinin orta həddindən (69 faiz) aşağı olduğunu dedi:
– Qiymətləndirmədə iştirak edən şagirdlərimizin riyaziyyatdan topladıqları bal 380-dir (2018-ci ildə bu göstərici 420 bal olub). Amma orta bal isə 485 bal hesab olunur. Bu göstəricilərlə, 2018-ci ildəki nəticələrdən də geri qalırıq. 2018-ci ildə bu göstəricilər elan olunanda bu, böyük narahatlıq yaratmışdı ki, biz niyə o durumdayıq. Təhsil ictimaiyyətinin, ekspertlərin iştirakı ilə xüsusi görüşlər keçirildi, müzakirələr aparıldı, media bu barədə dəfələrlə yazdı. Halbuki, PISA-nın 2018-ci ildəki riyaziyyat və oxu üzrə göstəricilərimiz indikini üstələyir. Oxunun qiymətləndirilməsi meyarı baxımından 2018-ə nisbətən 24 bal itirmişik. Bu meyar üzrə ən çox xal itirən ölkələrdən biri də Azərbaycandır.
Elmin Nurinin sözlərinə onu əlavə etmək istəyirik ki, bəzi ekspertlər geriləməyimizə səbəb kimi pandemiyanı göstərirlər. Qeyd edilir ki, iştirakçı ölkələrin nəticələrinin orta göstəricilərində əvvəlki dövr ilə müqayisədə kəskin azalma müşahidə olunub.
Ekspert sözünə davam edərək bildirdi ki, bəzi gerçəkləri ört-basdır etmək işimizə ümumilikdə ziyan vuracaq:
– PISA-nın göstəricilərinə görə riyaziyyat, oxunun məzmun xətlərinə görə geri qalırıq. Hər il buraxılış imtahanından sonra Dövlət İmtahan Mərkəzi (DİM) hesabat xarakterli abituriyent jurnalı buraxır. Orada ciddi statistika özünü göstərir. 2 il bundan əvvəl riyaziyyatdan açıq tipli suallardan böyük əksəriyyət 0-50 bal toplamışdı. DİM-in hesabatları da, PİSA-nın göstəriciləri bunu deməyə əsas verir ki, bu gün məzmun xətləri üzrə dolğun tədris verə bilmirik. Biz daha çox qapalı testlərə üstünlük veririk. Qapalı testlərin cavablandırılması ilə iş bitmir. Açıq tipli suallara cavab verməkdə çətinlik çəkirik. Bəzi ekspertlər PİSA-nın doğru mövqe sərgiləmədiyini deyir ki, bu fikirləri də yanlış hesab edirəm.
PISA-nın hazırladığı siyahıdakı göstəricilər 2018-2022-ci illəri əhatə edir ki, onun da 2 il yarımı “Covıd”in payına düşüb. Əgər biz pandemiyaya hazır ola bilməmişiksə, distant təhsili, tədrisi tam doğru qura bilməmişiksə, o da bizim öz günahımızdır. Çünki bu proses bütün dünyada gedib. Bu, əsas vermir ki, hətta Monqolustan kimi bir ölkədən 9 pillə aşağıda yer alaq. Düşünürəm ki, əsas səbəb tədris prosesinin düzgün təşkil olunmaması, qapalı test psixologiyasının acı nəticələridir. Müasir dünya təhsili insandan analitik bacarıq tələb edir. Ona görə də, hesab edirəm ki, bu gün yüksək təhsil almağımıza mane olan problemlər geriləməyimizin əsas səbəbləridir.
Qeyd edək ki, inkişaf etmiş ölkələrin üzv olduğu İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) və onun tərəfdaş ölkələrini əhatə edən, dünyanın ən böyük şagird qiymətləndirmə tədqiqatı hesab olunan PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini ölçür.
PISA tədqiqatının 2021-ci ildə keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası ilə əlaqədar 2022-ci ildə həyata keçirilib.
Q.LEYLA
XQ

