Söhbət kitab buraxılışı kimi halal işə haramlıq qatmaqdan gedir
Çağdaş dünyada sosial şəbəkələrə, onlayn təmaslara bağlılıq artsa da, ənənəvi kitab mütaliəsi heç də dəbdən düşməyib. “Keçid dövrü”nün üzdəniraq “özününküləşdirmə” və “qamarlama”ları gedişatında axırına çıxılmış kitab mağazalarının bərpası, yeni nəşriyyatların yaradılması və xarici ədəbiyyat nümunələrinin tərcümə edilərək çap edilməsi kitab mədəniyyətinin qorunub saxlanmasını təmin edir.
Vaxtaşırı keçirilən kitab yarmarka-sərgilərində müşahidə olunan izdihamlar, yerlərdə görkəmli şair və yazıçılarla çoxsaylı görüşlər də göstərir ki, oxucuların kitaba marağı sönməyib. Bütün bu meyllər, təbii olaraq, kitab bazarında canlanma yaradır. Amma, eyni zamanda, təəssüf ki, kitab yayımı və ticarətində müəyyən özbaşınalıq və qanunsuzluq halları da baş qaldırıb. Söhbət yeni kitab bumunu fürsət bilərək, “qaz vurub qazan dolqurmaq” istəyən qeyri-peşəkar naşirlərin meydan sulamasından, özəl mətbəələrdə “piratçılıq” (yağmaçılıq ) yolu ilə, ucuz və bəsit surətçıxarma üsulunda bədii və tədris ədəbiyyatını çap edib gen-bol satmasından gedir. Nəticədə, oxucular pul verib aldıqları kitabların keyfiyyətindən narazı qalır və bilmirlər ki, bu kitablar, doğurdanmı, qanuni nəşrlərdir? Min-bir çətinliklə nəfis kitablar buraxan həqiqi naşirlər isə zəhmətlərinin mənimsənilməsindən – “pirat”ların qazanc xatirinə qeyri-leqal fəaliyyətindən ziyan çəkirlər.
Problemlə bağlı narahatlığını sosial şəbəkələrdə bildirmiş “Qanun” Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlu ilə söhbət etdik. “Pirat” kitablar hər zaman olub, – deyə o bildirdi:
– Ancaq ölkəmizdə kitab ticarəti genişləndikcə belə hallara daha çox rast gəlinir. Özü də daha çox tələbat duyulan nəşrlər – populyar müəlliflərin əsərlərinin, bədii tərcümələrin, eləcə də dərslik və dərs vəsaitlərinin klonlarının – oxşarı və törəmələrinin çapı üstünlük təşkil edir. Həm də oğru çapçılar kitabları firma nişanını saxlamaqla tirajlayıb adamları aldadırlar. Qiymət də eyni olur ki, şübhə doğurmasın.
“Qanun”un nəşrləri çox satılan kitablar olduğu üçün belə hallarla biz daha çox üzləşirik. “Pirat” məhsulları ciddi kitab şəbəkələrində və ixtisaslaşmış mağazalarda deyil, əsasən metro stansiyalarının yanında, yeraltı keçidlərdə, zirzəmilərdə “Sədərək” ticarət mərkəzində, bazarlarda və gözdən-könüldən iraq rayon mərkəzlərində görmək olar. Yalnız şəxsi mənfəətini güdən haramxor işbazlar həm alıcıları aldadır, həm də nəşriyyatların kitab ticarətinə zərbə vururlar. Biz bununla bağlı Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişik və hər zaman da müəyyən müsbət nəticələr olub: bəzi kitab mağazalarından “pirat” nəşrləri yığışdırıblar. Düşünürəm ki, bu mübarizə mütəmadi aparılmalı, qanun pozucuları sərt cəzalandırılmalıdırlar.
– Saxta kitab nəşri və satışı qanun pozuntusu olmaqdan əlavə, həm də etik bir məsələdir, yəni özünə hörmət edən ticarətçi kiminsə müəllif hüquqlarını pozmamalıdır...
– Doğrudur. Biz bir kitabın əlyazmasını alır, müəlliflə müqavilə bağlayır, sonra nəşr edir və satışa çıxarırıq. Bu isə həm böyük əziyyət, həm də maliyyə xərcləri tələb edir. Konkret misallar çəkim: Orxan Pamuk, Gen Brone, Steyn Berk kimi ünlü yazarların əsərləri “Qanun”da tərcümə və çap olunur biz həmin nəşrlərdən onlara ödənişlər edirik. Amma asan qazanc hərisi olan hansısa bir əliəyri müəllif hüquqlarını, çəkilən xərcləri nəzərə almır, həm də kitabları, təbii ki, çox keyfiyyətsiz şəkildə çap edib alıcıya sırıyır. Belə kitabların yazıları pozulub qarışır, vərəqləri dağılır. Oxucular da elə bilirlər, bu keyfiyyətsiz məhsullar bizə aiddir və sosial şəbəkələrdə nəşriyyatlardan narazılıq edirlər.
Şahbaz Xuduoğlu peşəkar nəşriyyatlarda istehsal olunan kitabların “pirat” kitablardan asanlıqla fərqləndiyini də söylədi:
– Bizim nəşr etdiyimiz kitabların üzündəki yazılar qabarıq şəkildə və laklı olur. Təəssüf ki, indi bunu “pirat” kitablarda da etmək olur. Amma saxta nəşrlər bir müddət istifadə etdikdən sonra tez qopur, yazıları silinir, vərəqləri solğunlaşır, çox hissələrinin oxunuşu çətinləşir. Atalar demişkən, ucuz ətin şorbası olmur. Alıcılar bir qədər diqqətli olsalar, fərqi seçə bilərlər. Məsləhətim budur ki, qoy, hamı kitabı rəsmi kitab şəbəkələrindən almağa üstünlük versin. Küncdə-bucaqda satılan kitabları almaq lazım deyil, çünki hardan gəldi, dönər alıb yeyən insan zəhərləndiyi kimi, təsadüfi yerdən kitab əldə edən insan da zərərə düşmüş olur.
Onu da deyək ki, oxucuların kitab alarkən qəbz tələb etməsi də vacibdir. Belə olduqda lazım gələndə müvafiq orqanlara sübut-dəlilli şikayət etmək imkanı olar. Eyni zamanda, heç də hər kəs ürək edib alıcıları keyfiyyətsiz nəşrlərlə aldatmaz.
Sonra nəşriyyat rəhbəri bizə həqiqi və “pirat” kitabların fərqini əyani şəkildə göstərdi. Fikir verincə gördük ki, həqiqi kitablarda qüsur yox idi, digər nüsxələrin, necə deyərlər, əldəqayırma olanların isə qıraqları əzilmiş halda, yazıları solğun, kağızı keyfiyyətsiz idi.
Öyrəndik ki, bir biabırçı məqam da internetdən bəzi əsərlərin PDF variantının köçürülməsidir. Məsələ bundadır ki, hər hansı bir kitabın ingilis dilində PDF formasına rast gəlmək mümkün deyil, çünki xarici naşirlər internetdə də müəllif hüquqlarının qorunması ilə bağlı ciddi tədbirlər görürlər. Elektron kitablar PDF halına salınıb götürülməsin deyə, dünyada məşhur elektron kommersiya platformaları olan “Amazon”da da, “Google”da da ciddi tədbirlər görülür. Bizdə isə hələ ki, belə deyil və oğrular həmin texniki imkandan sui-istifadə edə bilirlər.
Bəli, bəhs etdiyimiz problem ilk baxışda qabarıq nəzərə çarpmır, çünki oyun gizli aparılır. Belə gizlinlər aşkara çıxarılmalı və aradan qaldılmalıdır. Söhbət kitab kimi müqəddəs bir qaynaqdan, ticarət kimi halalıq sevən bir peşədən gedir.
Əli NƏCƏFXANLI,
Ayşən AZADOVA,
XQ


