Allaha şükür ki, bu sətirlərdə söz açdığım üç soydaşımızdan biri hələ sıramızdadır
Bəlkə də oxucularımızın hansınınsa yadında olar. Mən bu mövzu barədə xeyli əvvəl sosial şəbəkədə söz açmışdım. Ancaq həm xatirələrin kövrəkliyi, həm də qəzetimizdəki məlum rubrikanın daha da zənginləşdirilməsi istəyi məni bu yazıya yenidən qayıtmağa sövq etdi.
O zaman yazıya belə bir sərlövhə vermişdim: “Taksi sürücüsünün gündə üç dəfə qulaq asdığı mahnı və ... ölməyən xatirələr”. Dostlarımızdan biri demişdi ki, oradakı “ölməyən” sözünü “öləziməyən” sözü ilə əvəz et. Xətrinə dəymədim.
Hər halda əl boyda yazının ikinci variantını Arif Məlikov və Həmid Abbasa min rəhmət, Akif İslamzadəyə isə möhkəm can sağlığı arzusuyla qələmə alıram.
... Gecənin yarısı idi. Özüm taksidə olsam da, fikrim, xəyalım haralarda idi, bir Allah bilirdi. Yolayrıcının qırmızı işığı yolumuzu kəsdi. Dayandıq. Paralel dayanan maşının açıq pəncərəsindən ilk dəfə 30-35 il əvvəl eşitdiyim və sonralar ən çox sevdiyim mahnının səsi gəlirdi: “Sən bizə təbiət oyananda gəl...” Akif İslamzadə ... oxumurdu. Sadəcə, səslə, təranələrlə möhtəşəm bir lövhə yaradırdı. Sarı işıq, sonra yaşıl işıq və “mahnı” sürətlə uzaqlaşıb getdi. Heyf, deyə təəssüf etdim.
Sürücü nəyə təəssüf etdiyimlə maraqlandı. Dedim, o mahnını çox sevmişəm. “İndi də sevirsinizsə, mən də oxudum” – deyə, gülümsündü və oxutdu. Əlavə etdi ki, mən bu mahnıya gündə üç dəfə, günüm pis keçəndə isə dörd-beş dəfə qulaq asıram.
... Mərhum baş redaktorumuz Nahid Hacızadə aşıq mahnılarını çox sevsə də, Mübariz Tağıyevlə Akif İslamzadənin ifalarına böyük önəm və qiymət verir, həmişə dinləyirdi. Bir dəfə mən Akifin həmin ifası barədə kiçik bir yazı qələmə almışdım. Nahid müəllim yazını çox bəyəndi və götürüb Həmid Abbasa zəng elədi ki, ayə, ay eloğlu, burda sənin sözlərinə yazılmış mahnı haqqında bir yazı var. Daha doğrusu, Akif haqqında yazılıb.
Həmid Abbas telefonda nə desə yaxşıdı? Dedi: – O mahnı Arif Məlikovla Akif İslamzadənin yaradıcılığıdır. Mən elə-belə sözlərini qaralamışam.
... Sonra mən radioda işləyəndə Həmid Abbasla bir neçə dəfə görüşdüm. Daha sonra “Xalq qəzeti”ndə Həmid müəllimin oğlu Ayazla birlikdə işlədik. Bəlkə də, həm şairin özüylə, həm də oğlu ilə hər söhbətimizdə o mahnını yada salırdım.
... Lap sonra isə ... Həmid Abbasın cənazəsi “Aktyor evi”nin səhnəsinə qoyulanda – necə oldusa, mən minlərlə insanın arasından Akif İslamzadəni gördüm. Akif ağlayırdı. Elə Həmid müəllimin digər əzizləri də.
İ.QAÇAYOĞLU
XQ



