Yeni ilin ilk ayında 75 yaşı tamam olacaq tanınmış satirik Xeyrəddin Qoca uzun illərdən bəri idi ki, “Xalq qəzeti”nin oxucularını Yeni ildə gülüş sovqatı ilə təbrik edirdi. Bu il yazıçı-publisistlə razılaşdıq ki, onun bu çoxillik təbrik ənənəsini Xeyrəddin Qoca gülüşü barədə yazı ilə davam etdirək.
Yazıçı öncəgörməsi, yaxud 2020-ci il
Xeyrəddin Qocanın 1998-ci ildə çap etdirdiyi “Hərə öz payını götürsün” adlı kitabı onun Yeni il arzuları ilə açılırdı. “Marallar” qalereyasının müəllifi hələ 22 il əvvəl ilin ulduz falını belə incələyirdi: “Bu il hərə öz yerini biləcək... Yəni siyasətçi siyasətlə məşğul olacaq, qəzetçi yazısını yazıb qəzetini buraxacaq. Hamı öz halal maaşı ilə dolanacaq. Kasıbçılığın daşı atılacaq... Nazirlər həmişəki kimi hazıra nazir olmayacaqlar!”.
Yazıçının qəlb ağrısına dönən çeşidli problemlərin qətiyyətlə dəf edilməsi prosesi 2020-ci ilin payına düşdü. Ölkəmizin başçısı bu sahədə islahatların dönmədən aparılacağını qətiyyətlə bəyan etdi. Böyük xalq dəstəyi qazanan qərarlar verdi. Hər kəs əmin oldu ki, doğrudan da, “bu il hərə öz yerini biləcək”, hər kəs öz işi ilə məşğul olacaq, bütün sıxıntılar, problemlər geridə qalacaq.
Vətənini, xalqını, dövlətini ürəkdən sevən Xeyrəddin müəllimin bu xoşməramlı arzularının gerçəkləşməyə başladığı 2020-ci il həyatımıza qədəm basdı. Və yazıçı ömrünün 70-ni də özüylə bərabər gətirdi.
“Hərə öz payını götürsün” – deyə...
Bütün publisistik, bədii yazılarını hərə öz payını götürsün istəyilə qələmə alan Xeyrəddin Qoca qısa mətndə bir kitablıq məna ifadə etməyin ustasıdı. Məsələn, belə:
– “Nə vaxt biz dünya mədəniyyətinə çatacağıq?
– Heç vaxt!
– Niyə?
– Çünki dünya mədəniyyəti bir yerdə dayanıb gözləmir”.
Şərhə ehtiyac yoxdu. Yazıçı bu qısa mükalimə daxilində əsl vətəndaş-ziyalı münasibəti ilə mənsub olduğu millətdən, yaşadığı cəmiyyətdən gözlənilən, umulan yeniləşmək, sivil dünyayla ayaqlaşa bilmək istəyini bütün dolğunluğu ilə ifadə edə bilmişdir. Təkcə yumor dolu bu dörd sətirlik qısa mükalimə əsl sənətkar ustalığını ortaya qoya bilmək faktıdı. Qısa yazmağın və böyük mətləblər ifadə etməyin örnəyi belədi.
“Biz bizə bənzərik...”
Uzun-uzadı götür-qoylar, “edim-etməyim”lər məngənəsində sıxıldığımız olur. İç dünyamızı çürüdürük. Dilimizə gələsi söz boğazımıza dirənib qalır. Keçməli olduğumuz ərazinin enini uzununa vura-vura qalır, nəfəsimizin çatıb-çatmayacağını hesablayırıq...
O isə heç nə olmamış kimi gəlir, o sözü deyir, o çayı keçir, o ərazini qət edir, bütün götür-qoylara son verir. Ona görə ki, etdiklərinin qarşılığında umacağı olmur. Gözükölgəli deyil, ürəyinin istədiyini edir.
Bizim belə olmağımız çatmır. Biz bizə bənzəyib qalırıq çox vaxt!
Amma onun üçün bu, adi həyat tərzidi. Təsadüfi deyil ki, zamanında çoxları liderlik xəstəliyinə tutulanda, “meydan qəhrəmanı”na dönəndə, gündəmə gəlmək xatirinə yollar, vasitələr axtaranda o, Vətənin, xalqın xilasını ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişində görürdü. Səhv etmirdi. Üstəlik də o zaman Kreml bayquşlarının yaramaz vasitəçiliyilə ümummilli liderə böhtan yağdıranlara qarşı tutarlı cavablar verir, təhdidlərə məhəl qoymadan haqq sözünü deyir, məqalələr yazırdı.
“Satirik olmaq cəsur olmaqdır”
Akademik Nizami Cəfərov X.Qocadan bir yazıçı, ictimai xadim, Azərbaycan cəmiyyətinin inkişafına kifayət qədər böyük zəhmət, mənəvi enerji sərf etmiş, xarakterinə xas olan narahat bir yaradıcılıq həyatı yaşayan şəxsiyyət kimi bəhs edir. Pofessor Pənah Xəlilov haqlıdır ki, “mən Xeyrəddin Qocanın əsərlərini oxuyanda Əbdürrəhim bəy Haqverdiyevin “Marallar”ı yadıma düşür. “Demək istəyirəm ki, Xeyrəddin Qocanın əsərlərində o kişinin ruhu yaşayır...”.
Xalq yazıçısı Anarın fikirləridir: “Satirik olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır. Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək böyük cəsarətdir. Xeyrəddin Qoca heç nədən və heç kimdən qorxmur”.
Bütün bu deyilənlərin əsasında o durur ki, həyatın sosial-mənəvi problemlərinə özünəməxsus münasibəti ilə seçilən yazıçı həmişə öz mövqeyini, sidq-ürəkdən duyduğu narahatlığı açıq-aydın şəkildə ortaya qoyur və öhdəsinə düşən hər bir işi – istedadını, vaxtını, enerjisini qətiyyən əsirgəmədən görür.
Kitabları içində ən çox “Lolita”nı sevən Vladimir Nabokov “Lolita”dan əxlaq dərsi hasil edə bilənlərə eşq olsun” yazırdı.
Eyni sözləri X.Qocanın “Bu da belə həyatdır”, “Filankəslər”, “Hərə öz payını götürsün”, “Marallar”, “Bu dünyadan məktublar...” və s. kitabları haqqında söyləmək olar. Oxuduqca millətini, cəmiyyəti sevməyin əxlaq dərsini almış olursan. Ancaq bu dərs nəsihətçilikdən uzaq bir dərsdi. Daha çox yumor, ironiya, Ezop dilinə hesablanıb. Anladır, oyadır və tərbiyə edir.
Yalnız yazmaya biləndə yazır...
Sənətsevərlərin doğru qənaətidir ki, onun əsərlərində zamanın ahəngi döyünür. Çağdaş ictimai və ədəbi fikir həyatımızda özünəməxsus yeri var. Mövzuları həyati proseslərin axarından gəlir. Onun həyat və fəaliyyəti yolu maarifçilikdən publisistikaya, ictimai fəaliyyətdən rəsmi diplomatik işə, qəzetçilikdən satirik nəsrə qədər geniş bir dairəni özündə cəmləşdirir.
Heç vaxt gülüş xatirinə yazmır. Onun tənqidi də, satirası da insanlara olan hədsiz sevgisindən irəli gəlir. Özünün dediyi kimi, kövrək, hissiyyatlı adamdı. Yalnız yazmaya biləndə yazır. Özünün təqdim etdiyi avtoportretdən seçmələrdi: “Mənə görə ailə hər şeydən üstündür. Bütün həyatımı ailəmə həsr etmişəm... Sadə insanam, şəxsiyyətimi hər şeydən üstün tuturam... İndiki zəmanədə şərəfi qorumaq çox çətindir”.
Həmkarları onun barəsində birmənalı olaraq “yerini bilən adam” – deyə söz açırlar: “Elə bu keyfiyyəti də ömür yolunun hərəkət proyektoriyasını cızıb. Atacağı addımların koordinatlarını əvvəlcədən müəyyənləşdirib... həmişə öz yolu ilə gedir”.
Və bu yol hər kəs tərəfindən arzulanan yoldu.
Sərvaz HÜSEYNOĞLU,
şair-publisist