Şamaxının “Kolizeyi”

post-img

Şamaxı Azərbaycanın ən qədim elm və mədəniyyət mərkəzlərin­dən biridir.

Heydər ƏLİYEV,
Ümummilli lider

Dünyanın qədim şəhərlərinin əksəriy­yəti daha çox özünün möhtəşəm tikililə­ri ilə diqqəti cəlb edib. Moskva Kremllə, Paris Eyfel qülləsi ilə, Sankt-Peterburq Ermitajla, London Temza çayı üzərindəki asma körpüləri ilə, Roma da öz Kolizeyi ilə məhşur olub. Kolizey demişkən, İta­liyanın bir neçə şəhərində, o cümlədən Pompey və Veronada da antik dünyanın yadigarları olan kolizeylər var. Amma onlardan heç biri Roma Kolizeyi qədər əzəmətli və məşhur deyil. Odur ki, İtali­yada olan hər kəs artıq uzun illərdir ki, bir növ Romanın loqosuna çevrilmiş olan Kolizeyi görmək, ən azı orada bir xatirə fotosu çəkdirmək istəyir. 

Azərbaycanın qədim şəhərlərinin kolizeyləri olmasa da, hər halda hər bi­rinin özünəməxsus memarlıq üslubu ilə seçilən əzəmətli tikililəri olub. Bakı Qız qalası və Şirvanşahlar Saray Komplek­si, Təbriz Göy məscidi, Naxçıvan Mö­münəxatun məqbərəsi, Şuşa və Dərbənd əzəmətli qala divarları, Gəncə İmamzadə kompleksi ilə daha çox tanınıb. Bu sıraya elə ən azı qədim Roma qədər yaşı və parlaq keçmişi olan qədim Şamaxını da əlavə etmək yerinə düşər. Bəli, Şamaxı antik dövrə aid yunan və Roma mən­bələrində adı çəkilən qədim Azərbaycan şəhərlərindəndir. 1939-cu ildə rayonun Xınıslı kəndi ərazisində təsərrüfat işləri zamanı içərisində 300 ədəddən çox sik­kə olan dəfinənin tapılması qədim Şa­maxının tarixinin dərindən və hərtərəfli öyrənilməsi yolunda dönüş mərhələsi oldu. Dəfinədə qeydə alınan Roma de­narisi, Arşaki draxmaları, Afina, Frakiya və Selevki texradmaları, sözsüz ki, Şa­maxının hələ eramızdan əvvəl I əsrdən etibarən antik dünya ilə ticarət və mədəni əlaqələrdə olduğunun göstəricisidir. Ma­raqlıdır ki, həmin dəfinədə başqa ölkələrə məxsus sikkələrlə bir yerdə 72 ədəd qə­dim alban pulları – mis sikkələr də vardı. Bu, Albaniya ərazisində aşkar olunmuş yerli pullara aid ilk tapıntı idi. 

1958-73-cü illərdə professor Cabbar Xəlilovun rəhbərliyi ilə aparılan arxeolo­ji tədqiqatlar zamanı Xınıslı ərazisində qədim Şamaxının şəhər mədəniyyəti ta­rixinə dair çoxsaylı nadir maddi mədəniy­yət nümunələri aşkar olundu. Ötən əsrin 80-90-cı illərində professor Hüseyn Cid­dinin rəhbərliyi ilə şəhər ərazisində da­vam etdirilən tədqiqatlar Şamaxı tarixinə dair bilgilərimizi daha da zənginləşdirmiş oldu. Amma Şamaxı şəhərinin keçmiş ehtişamından xəbər verən ən səs-küylü tapıntı 2009-cu ildə üzə çıxdı. Belə ki, şəhər 1 nömrəli tam orta məktəb üçün yeni tədris korpusu tikmək məqsədilə bü­növrə yeri qazılarkən orada qalınlığı 2,5 m olan qədim divar qalıqları üzə çıxdı. Akademiyanın Arxeologiya və Etnoqrafi­ya İnstitutu tərəfindən ərazidə başlanan ilkin tədqiqatlar zamanı orada oval for­malı nəhəng tikintinin bir hissəsi aşkar edildi. Çox ehtimal ki, binanın üst qatları tam olaraq dağıdılıb, aşkar olunan qa­lıqlar isə binanın bünövrəyə daha yaxın hissələridir. Şamaxının yaşlı sakinlərinin dediyinə görə 1940-cı ildə 1 nömrəli mək­təb üçün bina tikilərkən də onun bünövrə yerindən iri tikinti qalıqları üzə çıxıbmış. 

Diqqəti cəlb edən odur ki, indiki halda aşkar olunmuş divar qalıqlarında cəmisi bir yerdə kiçik çat müşahidə olunmaqda­dır. Bu o deməkdir ki, 1132, 1667, 1859, 1872 və 1902-ci illərdə Şamaxıda olmuş dağıdıcı zəlzələlər belə həmin binanı sar­sıda bilməmişdir. Əfsuslar olsun ki, 1940-cı ildə məktəb binası tikilərkən inşaatçılar nəzarətsizlikdən və etdikləri hərəkətin mahiyyətini anlamadıqlarından həmin divar qalıqlarını söküb, dağıdaraq onun daşından yeni tikintidə istifadə ediblər. 

2010-2014-cü illərdə arxeoloq Şirzad Əhmədovun rəhbərliyi ilə davam etdirilən arxeoloji tədqiqatlar nəticəsində qeyd olunan tikintinin bir sıra mühüm konturları tam şəkildə aydınlaşdırılmış oldu. Məlum oldu iki, diametri təqribən 25 m olan bu oval formalı bina ümumilikdə 9 otaqdan ibarətdir. Hər birinin sahəsi təqribən 25-30 kvadratmetr olan otaqlardan beşi düzbucaqlı formada, hər birinin sahəsi təqribən 20 kvadratmetr olan digər dörd otaq isə üçbucaqvarı formadadır. Xatırla­daq ki, binanın şimal-qərb və şimal-şərq, habelə cənub-qərb və cənub-şərq kəna­rındakı otaqların çöl divarları qövsvari olduğundan həmin otaqlar da üçbucaq­vari formadadır. Maraqlıdır ki, otaqlar­dan bəzilərinin içərisi 4 m dərinliyədək təmizlənsə də hələ ki, qapı və pəncərə yerləri üzə çıxmayıb. Əlbəttə ola bilməz ki, həmin otaqlara giriş-çıxış üçün qapı yeri olmasın. Ehtimal ki, binanın içərisinin öyrənilməsi davam etdirilərsə daha aşağı səviyyədə qapı və pəncərə yerləri də üzə çıxacaqdır. 

Binanın çay daşı və tuf daşlardan isti­fadə olunmaqla inşa edilmiş əsas divar­ların qalınlığı 2,5 metr, arakəsmə divarla­rın qalınlığı isə 2 metr təşkil edir. Tikintidə bərkidici material kimi kirəc məhlulundan istifadə olunub. Fikrimizcə, binanın divar­larının bu dərəcədə qalın və möhkəm ol­ması, sözsüz ki, onun yeraltı təkanlara və yükgötürücülük qabiliyyətinə hesablan­mış bir yanaşma kimi dəyərləndirilə bilər. Bu amil həm də bəhs olunan tikintinin ən azı bir neçə mərtəbədən ibarət olduğunu deməyə əsas verir. 

Yeri gəlmişkən orta əsr Avropa səy­yahlarının Şamaxı ilə bağlı rəsmlərində cənubdan baxanda şəhərin nisbətən yuxarı hissəsində hündür qülləyə bən­zər bir bina yer alıb. Maraqlıdır ki, təq­dim olunan rəsmlərdə həmin binanın da çoxmərtəbəli olduğu görünür. Rəsmlər­dən də göründüyü kimi həmin binanın ən üst qatında iki, ondan aşağıdakı qatda isə daha bir pəncərəsi olub. Çox ehtimal ki, məktəbin yanında aşkar olunan oval formalı tikinti məhz Orta əsr Avropa səy­yahlarının Şamaxı ilə bağlı rəsmlərində yer alan həmin qülləyəbənzər çoxmərtə­bəli binanın qalıqlarıdır. Məlum olduğu kimi, Orta əsrlərə aid qülləvari formada olan hündür tikililər Şirvan-Abşeron me­marlıq məktəbi üçün çox xarakterikdir. Bakı Qız qalası, Mərdəkan qalası, Ab­şeron yarımadası boyunca olan çoxsaylı memarlıq abidələri buna əyani misaldır. Bu mənada Şirvanşahların erkən paytax­tı olan Şamaxıda da orta əsrlərə aid belə tikililərin olması təbiidir. 

Əfsuslar olsun ki, belə bir möhtəşəm abidə hələlik arxeoloji baxımdan tam açılmayıb və yetərincə öyrənilməyib. Başqa sözlə, bizə bəlli olmayan səbəblər ucbatından 2014-cü ildən etibarən abidə­nin arxeoloji tədqiqi yarımçıq saxlanılıb. Tikintinin üçdə birini təşkil edən qərb his­səsindəki üç otaq isə hələ ki, 1№-li mək­təbin altında qalmaqdadır.

Hesab edirik ki, indiki halda abidənin 1 nömrəli məktəbin altına düşməyən his­səsində arxeoloji tədqiqatları davam et­dirmək, Şamaxının loqosu ola biləcək bu abidəni tam olaraq üzə çıxarmaq, onun dərindən və hərtərəfli öyrənilməsi işini bir an belə nə ləngitmək, nə də təxirə sal­maq olar. Çünki bu tikili hələlik Şamaxı­nın uzaq keçmişindən bu günə boylanan ən möhtəşəm abidəsidir. 

Arayış üçün onu da bildirək ki, Şa­maxı şəhər 1 nömrəli orta məktəbin bi­nası divarlarında bir neçə yerdə çox ciddi çatlar olduğundan istifadəyə tam olaraq yararsız vəziyyətdədir. Odur ki, qəzalı məktəb bimasının nə vaxtsa söküləcəyi necə deyərlər artıq gündəmdədir. Təbiidir ki, o zaman qeyd olunan tarixi abidənin qərb kənarı boyunca olan digər üç otağı da daxil olmaqla tam olaraq açılaraq tə­dqiqi mümkün olacaqdır. 

Bəzi tədqiqatçılar qeyd olunan abi­dənin Şirvanşahlara aid saray kompleks olduğunu və XI-XII əsrlərdə inşa edildi­yini bildiriblər. Fikrimizcə, onun Şirvan­şahlara aid saray kompleks, yaxud da hər hansı bir ictimai bina olduğunu söy­ləmək hələ tezdir. Hesab edirik ki, yalnız yeni tədqiqatlar onun dövrü və təyinatı barədə son söz deməyə imkan yarada­caqdır. Amma bu işləri görməzdən öncə belə bəlli olan bir həqiqət var. Həmin həqiqət də ondan ibarətdir ki, şəhərin Qalalar ərazisində, yəni İç qala hesab edilən yerdə göylərə yüksələn bu bina hələlik Şamaxının tarixi keçmişindən xəbər verən ən əzəmətli tikilidir. Əmin­liklə deyə bilərik ki, bu abidə tam olaraq öyrənildikdən və konservasiya edilərək cəmiyyətə təqdim edildikdən sonra Şa­maxıda hər kəsin ilk növbədə görmək arzusunda olduğu ünvana çevriləcək. Romaya gedən insanlar ilk növbədə Ko­lizeyi ziyarət etdiyi kimi, Şamaxıya gələn qonaqlar və turistlər də birinci növbədə haqqında bəhs etdiyimiz bu möhtəşəm tarixi binanı görməyə tələsəcəklər. Yəni, bu da bir növ Şamaxının özünəməxsus “Kolizeyi” olacaqdır. 

Qafar CƏBİYEV,
AMEA Arxeologiya və Antropologiya İnstitutununİslam dövrü arxeologiyası şöbəsinin müdiri, professor





Sosial həyat