Azərbaycan Yazıçılar İttifaqı – 90
Yazıçı və şairlərimizin, tərcüməçilərimizin ən böyük ictimai təşkilatı olan Azərbaycan Yazıçılar Birliyi (AYB) müdriklik çağlarını yaşayır. 1934-cü il iyununda Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmış bu qurumun əsas məramı yazarları bir təşkilatda birləşdirmək, onların yaradıcılıqlarını təbliğ və təşviq etmək olub. Birlik hər zaman söz sənətinə sadiq qalıb, Azərbaycan dilinin qorunub saxlanmasında, inkişafında mühüm rol oynayıb.
Daha əvvəllər dərnək, cəmiyyət, ittifaq şəklində yaradılaraq fəaliyyət göstərən bu təşkilat dəfələrlə sınağa da çəkilib, bağlanmaq təhlükəsi də olub, amma hər zaman mövqeyini qoruyub saxlaya bilib. Yeri gəlmişkən onu da xatırladaq ki, hələ 1925-ci ildə gənc yazıçılar indi 105 illik yubileyini qeyd etməyə hazırlaşdığımız qəzetimizin (o vaxt “Kommunist” adlanırdı) ətrafında birləşərək “Gənc qızıl qələmlər cəmiyyəti”ni təşkil ediblər. Həmin cəmiyyətin başlıca vəzifəsi fəhlə və kəndlilərin zövqünə müvafiq ədəbiyyat yaratmaq idi.
İndiyədək AYB-nin neçə-neçə fədakar rəhbəri olub. İlk sədr Məmmədkazım Ələkbərli millətçi-pantürkist damğası ilə güllələnib. Sonrakı dövrdə Seyfulla Şamilov da repressiyanın qurbanı oldu. Doğrudur, onu güllələmədilər, sürgün etdilər və düz 17 ildən sonra Sibirdən qayıtdı. Ardınca Rəsul Rza (1938–1939), Süleyman Rəhimov (1939–1940, 1944–1945, 1954–1958), Səməd Vurğun (1941–1944, 1945–1948), Mirzə İbrahimov (1948–1954, 1965–1975, 1981–1986), Mehdi Hüseyn (1958–1965), İmran Qasımov (1975–1981), İsmayıl Şıxlı (1986–1987) və hazırkı sədr Anar həm ədəbiyyata layiqincə xidmət edib, həm də qurumun təşkilati işlərini aparıblar.
Birliyin mətbuat xidmətinin rəhbəri şair Xəyal Rza ilə yubileyqabağı söhbətimiz oldu. Müsahibimiz dedi:
– Bu gün AYB-nin “yük”ünü Anar müəllim Çingiz Abdullayev, İlqar Fəhmi, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Rəşad Məcid, Rauf Aslanov və digərləri ilə birlikdə çiyinlərində daşıyır. Regionlarda yaradıcılıq təşkilatının bölmələri fəaliyyət göstərir və ədəbi mühitin qaynar həyatını təmin edirlər. “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan”, “Qobustan” dərgiləri, “Ədəbiyyat qəzeti”, “Mütərcim” və Dünya ədəbiyyatı” topluları müntəzəm nəşr olunur.
Son illərin yaddaşı: Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən “Əbədi ömrün yüz ili”, bir də Böyük Zəfərə aid “Qarabağ dastanı – 30 ilin həsrəti, 44 günün zəfəri” xeyli dərəcədə gərəkli salnamələrdir. Bu kitabların bilavasitə ideya müəllifi, müəyyən konsepsiya quranı məhz birliyin sədri Xalq yazıçısı Anar olub.
Söhbətimizdə dönə-dönə vurğulandı ki, 90 yaşlı “qocaman” Yazıçılar Birliyinin son illərdə var olması, bu qədər nüfuzlu qalması, bunca söz sahibi olması, əlbəttə, xeyli dərəcədə Anarın adı və zəhməti ilə bağlıdır. Elə Anarın ilk baş redaktoru olduğu və bir növ əziz balası saydığı, bu il 55 yaşı tamam olan “Qobustan” dərgisinin Yazıçılar Birliyinin 90 illiyinə həsr olunan yay sayında bu barədə ətraflı və səmimi etiraflar var. Yubiley münasibətilə yazılmış çox sayda məqalə və təbriklər dərgidə yer alıb. Anarla “AYB – 90” mövzulu video-müsahibə də dərginin ilk səhifəsində QR kodda yerləşdirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan Yazıçılar Birliyinin tarixi, taleyi, bu günü və sabahı” məqaləsində 90 illik tarixin mühüm məqamlarını özünəməxsus şərhləri ilə təqdim edib. Həmçinin uzun illər AYB-də çalışmış Xalq yazıçısı Elmira Axundova “Həyatımın xoşbəxt illəri” məqaləsində həm şəxsi xatirələrini, həm də birliyin keçdiyi tarixi mərhələləri bölüşüb. Bu il yubileyləri olan Xalq yazıçısı Çingiz Abdullayev və şair Rəşad Məcidin yaradıcılığını incələyən təbrik məqalələri də dərginin bu sayında yer alıb.
Qeyd edək ki, AYB-nin yubiley tədbirləri hələ yaz aylarından başlayıb və ilin sonuna qədər davam edəcək. May ayında Elmlər parkında təşkil edilən möhtəşəm III Türk Dünyası Kitab və Ədəbiyyat Festivalı çərçivəsində “AYB – 90” paneli xüsusilə yaddaqalan olub. Tədbiri Xalq yazıçısı Anar açaraq AYB-nin ötən 90 ildə keçdiyi şərəfli yola nəzər salıb, rəhbərlik etdiyi qurumun ölkəmizdə ədəbiyyatın və ədəbiyyatşünaslığın inkişafında, eləcə də yazıçılar nəslinin yetişməsində müstəsna xidmətləri olduğunu bildirib.
Sonra çıxış edən akademik İsa Həbibbəyli AMEA ilə AYB-nin Azərbaycanın milli-mənəvi dəyərlərinin, Azərbaycan dili və ədəbiyyatının qorunub saxlanmasında uzun illərdən bəri birgə fəaliyyət göstərdiyini söyləyib. Bildirib ki, Azərbaycan Yazıçılar Birliyi daim azərbaycançılıq ideologiyasına şərəflə və məsuliyyətlə xidmət edib. Sovet rejiminin ən sərt illərində belə bu qurum ədəbiyyatımızı, milli kimliyimizi, ana dilimizi qorumaq üçün əsl qəhrəmanlıq nümayiş etdirib.
Xalq yazıçısı Anarın Azərbaycan Yazıçılar Birliyinə sədrliyini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli onun AYB-ni öz fəaliyyətində yeni mərhələyə qaldırdığını, Azərbaycan ədəbiyyatının keşiyində dayandığını, eləcə də yazıçı və şairlərimizin yeni nəslinin yetişməsində mühüm işlər gördüyünü vurğulayıb. Paneldə, həmçinin AYB sədrinin müavini Elçin Hüseynbəyli, AYB-nin Türkiyə təmsilçisi İmdat Avşar, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, “Qobustan” jurnalının baş redaktoru Pərvin və başqaları çıxış ediblər.
Mötəbər yaradıcılıq təşkilatının 90 illiyinə həsr edilımiş “Milli ədəbi-bədii, ictimai-siyasi təfəkkür” kitabı da yubileyə layiqli töhfədir. Bu yaxınlarda unudulmaz tarixi toplantıların ünvanı olan Natəvan klubunda kitabın təqdimatı olub. Monoqrafiyanın “Ön söz əvəzi”ndə vurğulandığı kimi, Yazıçılar Birliyi ədəbi-ictimai fikrin əsas inkişaf mərkəzlərindən biridir. Buraya daxil olan kimi müqəddəs məkan ab-havasına düşürsən. Portretlərdən boylanan dahi Nizami, Nəsimi, Vaqif, Sabir, Əhməd Cavad, Müşfiq sanki bunu adama təlqin edirlər. Birliyin otaqlarında kimlər oturmayıb?! AYB hər bir yazar üçün doğma məkandır. Elə dəhliz divarlarındakı portretlər – “Xalq şairləri”, “Xalq yazıçıları”, “Nakam taleli yazarlarımız”, “Şəhid şairlərimiz”, “Alimlər, tənqidçilər” guşələri 90 yaşlı şeir-sənət məbədinin tarixini pıçıldayır...
Təqdimat mərasimində AYB-nin 1-ci katibi Çingiz Abdullayev bütün qələmdaşlarını yubiley münasibətilə təbrik etdi, töhfə-kitabın çapını yüksək dəyərləndirdi. Filologiya elmləri doktoru, professor Asif Rüstəmli AYB-nin onilliklərlə ziyalı ocağı olmasından danışdı, kitab haqqında özəl mülahizələrini bölüşdü. Poeziyamızın ağbirçək şairi Firuzə Məmmədli, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologoya elmləri doktoru Vaqif Yusifli təşkilatda ilk üzvlük sevincindən, hazırda üzvlərinin sayı 3 mini ötən yaradıcılıq təşkilatının mənəvi tərbiyədə rolundan bəhs etdilər. “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə mədəniyyət tariximizə diqqətin vacibliyini qeyd etdi, AYB-nin və dəyərli söz sənəti tribunası olan “Azərbaycan”ın 1 əsrlik xidmətlərini önə çəkdi. Yeni kitabın işıq üzü görməsində fədakarlığı ilə seçilən filologiya üzrə elmlər doktoru Salatın Əhmədli, filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu və başqaları da yubiley və kitabla bağlı ürək sözlərini söylədilər. Kitabın tərtibçisi – şair, ədəbiyyatşünas, publisist Gülxani Pənah yubileyə töhfə kimi hazırladığı toplunun mündəricatı və ayrı-ayrı bölümləri barədə məlumat verdi və söylənən xoş sözlərə görə minnətdarlığını bildirdi. Sonda məclisin iştirakçılarına yeni kitabın nüsxələri hədiyyə edildi.
İki gün sonra – iyulun 14-də daha bir möhtəşəm yubiley tədbiri Beynəlxalq Muğam Teatrında keçiriləcək. Artıq xaricdən qonaqlar da gəliblər. TÜRKSOY-un keçmiş baş katibi, Qazaxıstanın Əməkdar incəsənət xadimi Dusanbay Kaseinov, Türkiyənin görkəmli söz adamları Ataol Bəhrəmoğlu və Ömər Kiçik Mehmetoğlu, “Elm və Ədəbiyyat Əsəri Sahibləri” İctimai Birliyinin (İLESAM) sədri, şair Mehmet Nuri Parmaksız, AYB-nin Türkiyə təmsilçisi İmdat Avşar, Özbəkistan Yazıçılar Birliyinin 1-ci katibi Minxaciddin Xodjimat, Çukurova Ədəbiyyatçılar Dərnəyinin Qırğızıstan üzrə rəhbəri, “Yangi Ovoz” Orta Asiya Yazıçılar Birliyinin sədri Joldoşbek Monoldorov və başqaları yubileyə qatılmazdan öncə Şuşa və Laçına tanışlıq səfərinə yollanıblar.
Xəyal Rza onu da dedi ki, yubiley gecəsində elm adamlarımız, mədəniyyət və incəsənət xadimlərimiz də iştirak edəcəklər. Bir neçə gün sonra isə Şuşada başlanacaq ənənəvi Vaqif Poeziya Günləri çərçivəsində “AJB – 90” adlı panel təşkil olunacaq.
Əli NƏCƏFXANLI
XQ