Yusif Vəzirin Mirzə Cəlil sevgisi

post-img

Böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin ulu babası Mirzə Əliməmməd Ağa XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın vəziri olmuşdur. Ədib Çəmənzəminli təxəllüsünü isə hələ uşaq ikən Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən olan sədaqətli dostlarının şəninə götürüb. Yazıçı-naşir Mustafa Çəmənli bu dəfə oxuculara Yusif Vəzirin digər böyük ədibimiz Mirzə Cəlil haqqında qələmə aldığı 2 kiçik xatirəsini təqdim edib. 

“Molla Nəsrəddin” kefimi açdı

1906-cı ildə Şuşada ağır və uzun bir xəstəlik keçirmişdim. Bir gün Haşım bəy Vəzirov (“Tazə həyat” və “Səda” qəzetlərinin müdiri) məni yoxlamağa gələrkən, cibindən rəngli bir jurnal çıxarıb, sevinclə mənə verdi. 

Bu, “Molla Nəsrəddin”in ilk nömrəsi idi. Hər şeyi bəyənməyən, qaradinməz adam olan Haşım bəy bu dəfə olduqca məmnun idi. Məcmuəni vərəqləyərək başdan-başa oxudu, oxuduqca da yazılanların hər sətrini xoş qəhqəhələrlə canlandırdı.

Tezliklə, Molla Nəsrəddin nəinki ilk aylar nəşr olunduğu Tiflisdə, Bakıda, eləcə də bütün Yaxın Şərqdə çox populyarlaşdı. 

Mirzə Cəlilin evində...

1926-cı ilə qədər Mirzə Cəlili qiyabi tanıyırdım. Onun da məni bir ədəbi sima kimi qəbul etdiyini bilirdim. 1926-cı ildə zəng edib, onu ziyarət edəcəyimi bildirdim. Mənim çalışdığım “Bakı işçi nəşriyyatı” idarəsinə gələcəyini və orada görüşəcəyini vəd etdi. 

O biri gün ortaboylu, iri bığlı, narın çopur burunlu, iri əsalı bir şəxs masama yanaşdı. Qalxıb çoxdan həsrətində olduğum Mirzə Cəlilin əlini sıxdım. 

Gülə-gülə:

–Yazılarınızdan sizi çox yaşlı zənn edirdim, cavanmışsınız, – dedi.

Məni evinə çağırdı. Bir axşam getdim, oturduq, beləcə onunla yaxından tanış oldum. Amma, söhbətimiz, nədənsə, alınmadı. Bizim dialoqumuz rabitəsiz ifadələrdən ibarət oldu. “Mənmi yanılıram, Mollamı qocalmış?” – deyə öz-özümə suallar verdim. 

Sonralar küçədə tez-tez ona rast gələrdim. Mehriban görüşər, halımı xəbər alardı. Artıq xəstə idi, yavaş addımlarla yeriyirdi.

Hazırladı:  
Z. HÜSEYNLİ 
XQ

 

Sosial həyat