Orta əsrlərdə Avropada motmotudan şərab hazırlayır, mürəbbə bişirirlərmiş. Giləmeyvələr zümrüd daşlarına bənzədiyinə ona “çar mürəbbəsi” deyirmişlər. Toxumlardan təmizlənən hər giləmeyvənin içinə fındıq qoyulurmuş. Motmotu mürəbbəsi baha başa gəldiyindən yalnız varlıların evlərində bişirilirmiş.
Motmotunun rəngi acıq yaşıldan yaqut rənginə qədər müxtəlif növü var. Güclü antioksidant kimi iltihabları azaldır, immun sistemini gücləndirir. Motmotuda C vitamini moruqdan 2 dəfə çoxdur. Giləmeyvə sinir sisteminin gərginliyini azaldan B6 vitamini ilə də zəngindir. Tərkibində bağırsaqların fəaliyyətinə müsbət təsir edən, orqanizmi zərərli maddələrdən təmizləyən pektin də var.
Motmotu mübadilə proseslərinə müsbət təsir edir, arıqlamağa kömək edir, anemiyadan əziyyət çəkənlər üçün faydalıdır. Giləmeyvəni bişirib suyunu qəbizlikdən əziyyət çəkənlərə verirlər. O, şişkinliyi azaldır, böyrəkləri və sidik kisəsini təmizləyir. Rutinlə zəngin olan bu faydalı giləmeyvə damarların sağlamlığını qorusa da, bəzən allergiyaya səbəb ola bilər.
Z.HÜSEYNLİ
XQ