Azərbaycan Milli Kitabxanasının əməkdaşları “20 Noyabr Ağdam Şəhəri Günü” adlı virtual sərgi hazırlayıblar. Kitabxanadan bildirilib ki, virtual sərgidə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Prezident fərmanı, fotolar, dövri mətbuat səhifələrində Ağdam şəhəri haqqında dərc olunan məqalələr, Qarabağ zəfəri, Ağdam şəhərinin tarixi haqqında kitablar nümayiş olunur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 20 noyabr “Ağdam şəhəri Günü” kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.
XQ