Bakı vaxtı ilə...

post-img

Küçə saatları həm vaxtı göstərir, həm də meqapolis atributu, şəhər memarlığının tərkib hissəsi sayılır. Dünyada nadir dizaynları ilə heyrət doğuran, dəqiq işləyən “qocaman” saatlar məşhurdur. Hindistanda XVIII əsrdən qalma, mərmər və daşdan düzəldilmə “Samrat” günəş saatları, Yaponiyada fəvvarə–su xronometrləri kimi. 

Almaniyanın Berlin şəhərində isə eyni bir vaxtda dünyanın bütün saat qurşaqlarındakı zamanı göstərən nadir saatlar lövhəsi var. Mək­kədə 400 metr ucalıqda ən böyük saatlar qu­raşdırılıb: əqrəblərin uzunluğu 17, 22 metrdir. Londondakı Vestminster sarayının üzərindəki “Biq-Ben” qülləsinin (hazırda Elizabet qülləsi adlanır) saatları 165 ildir ki, dayanmadan zama­nı ölçür. Bir məsələ də var ki, Londonda artıq zərb-məsələ dönmüş deyimə görə, orada yalnız küçə saatları düz işləyir. Bu baxımdan Moskva Kremlinin saatları SSRİ xalqlarını düz 70 il “al­dadıb”. 

Bizim paytaxtımızda da küçə, qüllə, divar, fasad, yer saatları çoxdur. XIX əsrdən üzübəri quraşdırılmış qədim və müasir, kvadratşəkilli və dəyirmi, iri və balaca saatlar... Bakı bu baxım­dan Avropanın bəzi şəhərləri ilə rəqabət apara bilər. Hesabla, paytaxt saatlarının hamısı daim saz olmalı, istidən soyuğa, quraqlıqdan rütu­bətə qədər istənilən havada, necə deyərlər, saat kimi düz işləməlidir. Bəs Bakı siferblat qalere­yasında düz-əməlli işləyən saat varmı?

Sözsüz ki, var. Bakı Şəhər İcra Hakimiyyəti Aparatı binasının, Heydər Əliyev prospektində­ki binanın qüllə saatlarını buna misal çəkmək olar. Bakı bulvarındakı elektron saat qülləsi isə (əvvəlki təyinatına görə – “Paraşüt qülləsi”) gündüzlər fəaliyyətsiz görünsə də, axşamlar işıq saçaraq həm vaxtı, həm də havanın temperatu­runu və küləyin sürətini göstərir. Alt işıqlandır­ma sistemi bu siferblatları gecə Bakısının “nur abidələri”nə çevirir. Amma, belə hallarda deyil­diyi kimi, bir-iki güllə bahar olmaz. İçərişəhərin Qala divarında, qonşuluqdakı Filarmoniya ba­ğında, UNEC binasında, Zabitlər bağında, Bakı Beynəlxalq Avtovağzalında və digər ünvanlar­da neçə-neçə “veteran” və “gənc” saat olsa da, hərəsi vaxtı bir cür göstərir.

Müşahidələrimizə görə, Bakıda tam doğ­ru-dürüst çalışan saatlar çox azdır. Deyəcəksiniz ki, hamının qol saatı və mobil telefonu var, o saatlara kimsə baxmır. Onda cümləni belə interpretasiya edək: deyəsən, o saatlara nə vaxtı bil­mək üçün, nə də təmir məqsədilə kimsə baxmır. 

Elə bizim “Xalq qəzeti”nin yerləşdiyi nadir arxitekturalı binanın ilk tinindəcə (Bülbül və “28 May” küçələrinin tini) yerləşən saat adamı alda­dır. “28 May” boyunca üzüaşağı gedəndə daha bir neçə belə “yalançı” saata rast gəlirik. Cəfər Cabbarlının abidəsinin yanında qərarlaşmış qə­dim binanın üzərindəki saat bir az “insaf”lıdır – cəmi 5-10 dəqiqə geri qalır. Amma o saata inanıb dəmiryol vağzalına, qatara və ya cədvəl üzrə işləyən avtobuslara minməyə arın-arxayın addımlarla gedənlər yolda qalar. 

Oradan geri qayıdıb, Nizami və Səməd Vur­ğun küçələrinin kəsişməsindəki yaraşıqlı bina­nın başında qərar tutmuş saatlara baxınca da təəssüf hissi keçirdik. Burada nə bu, nə də digər küçəyə baxan saatların heç biri işləmir. Yeri gəl­mişkən, nə vaxtsa Nizami küçəsinin mərkəzində fənəri xatırladan qədim saat vardı, görünür, çox “yaşlı” olduğu üçün “istirahət”ə göndərilib. 

Görəsən, Bakıda bütün küçə saatlarının eyni bir vaxtı göstərməsinə nəzarət edən hər hansı bir qurum varmı? Bu saatların bəzisinin “donma­sı”, bəzisinin zaman yürüşündə dayanıb “nəfəs dərməsi”, hər halda, şəhərin gözəlliyi ilə bağlı təəssürata kölgə salır. 

Sual yaranır: bu saatlara ehtiyac yox idisə, niyə quraşdırılıb? Yox, əgər yerlərində qalırsa, niyə onlara baxan, nəzarət edən yoxdur? Bunu kim edəcək? Bakı şəhər İcra Hakimiyyəti, yox­sa saatların vurulduğu binaların sahibləri və ya yaradılmasına ciddi tələbat duyulan hansısa bir xidmət qurumu? 

Əli ƏLİYEV, “Xalq qəzeti”

Sosial həyat