Dedim: “Bizim Yaşarımız ölməz!”

post-img

Onu ötən əsrin 70-ci illərindən – oxuduğum İncəsənət İnstitutundan tanıyırdım. Sonra – 1981-ci ildə İsi Məlikzadənin “Qatarda” adlı əsəri əsasında Ramiz Həsənoğlunun ekranlaşdırdığı televiziya tamaşasındakı Dadaşov və elə həmin il lentə alınmış “Səni axtarıram” (Aslan Qəhrəmanovun bu əsərini Tariyel Vəliyev ekranlaşdırmışdı) teleserialındakı Elçin obrazlarına görə, hamı kimi, mən də onu sevməyə başladım. 

Mədəniyyət saraylarında və çalışdığım təhsil müəssisində dəfələrlə görüşsək də, ən çox təmaslarımız mənim Azərbaycan radiosunda işlədiyim illərdə oldu. Onun radio ilə əməkdaşlığı tele­viziya ilə əməkdaşlığından heç də az deyildi. Üstəlik, kimin hansı verilişə çağırılmasından asılı olmayaraq, bütün dəvətləri qəbul edirdi. İstənilən lentin hazırlanması zamanı bir neçə yaddaqalan məqamlara “müəlliflik” edirdi. Həmkarlarının dediyinin təkrarı ol­masın, həyatda da səhnədəki kimi şux idi. Elə bu xatirə də məhz həmin şuxluqla, yumor hisslərinin zənginliyi ilə bağlıdır.

... 2012-ci ilin yazında görkəmli bəstəkarımız Tofiq Bakıxanov qəflətən xəstələnmiş, təcili yardım maşını ilə Mərkəzi Gömrük Xəstəxanasına aparılmışdı. Səhər tezdən qarmon ifaçısı Zakir Mirzəyev zəng eləmişdi ki, mən Tofiq müəllimin yanına gedirəm, sən də gəlirsənmi? Razılaşıb getmişdik və Tofiq müəllimin ya­nında 10-15 dəqiqə qalandan sonra bizə demişdilər ki, xəstəni görmək üçün başqa adamlar da gəlir, siz çıxın.

Biz palatadan çıxanda Zakir müəllimə dedim ki, Yaşar Nuriyev də burada müalicə olunurdu, indi Türkiyəyə aparıblar. Tibb bacısı astaca dedi ki, onun yanına gələn olmasın deyə həkimlər belə söz çıxarıblar. Yaşar müəllim indi də burada, bu mərtəbədə müa­licə olunur. Zakir Mirzəyev “qır-saqqız oldu” və tibb bacısı bizi ora aparmağa söz verməsə də, istiqamət verdi. 

... Biz palataya daxil olanda Yaşar müəllimin xanımı ona duru yemək verirdi. Orada bildim ki, Zakir müəllimlə dayıoğlu, bibioğ­lu kimi qohumluqları var. Sənətkar gözümə çox üzgün göründü. Bu təəssüratımı gizlətmək üçün “Maşallah, Yaşar müəllim, xeyli yaxşılaşmısınız!” – dedim və dərhal əlavə etdim ki, bir yanınızı qaşıyın, göz dəyməsin. Sənətkar zarafatından qalmayıb yanında əyləşmiş xanımına tərəf çevrilib öz yanını göstərdi:

– Qaşı! 

Xanım utansa da, xəstənin könlünə dəyməyərək Yaşar müəlli­min yanını qaşıdı. Biz güləndə Yaşar müəllim əlavə etdi: 

– O biri tərəfi də. 

Amma gülüş dəqiqələri çox çəkmədi. Sənətkar asta səslə dedi:

– Zakir, ölürəm.

Mən müdaxilə etdim: 

– Bizim Yaşarımız ölməz, Yaşar müəllim.

– Bəs mən kimin Yaşarıyam ki, ölürəm? – deyə yenə zarafat etməyə çalışdı.

Əvvəlcədən Zakir müəllimin təklifi ilə razılaşmışdıq ki, Tofiq Bakıxanovun da xəstələndiyini ona deməyək və özümüzü elə göstərək ki, guya birbaşa onun yanına gəlmişik. Amma...

Biz sağollaşanda Yaşar Nuriyevdən eşitdiyim sual məni çaş­dırdı:

– İndi Bakıxanov orada necədir? Həkimlər nə deyirlər? 

Yaxşıdır, deyə, sağollaşdıq və bir neçə gündən sonra onu, həqiqətən, yenidən Türkiyəyə apardılar. 

Aradan xeyli keçəndən sonra sevimli aktyorumuzu mənim qrup yoldaşım Təranə Balayevanın qızının toyunda gördüm və kaş o gündə görməyəydim. Dostları ilə yenə də şənlənmişdilər…

Həmin il noyabrin 22-də isə dostlarından və hamıdan birdəfə­lik ayrıldı. O, həqiqətən, ssenarisiz də təbəssüm yaratmağın us­tası idi, səhnə və gülüş üçün doğulmuşdu. Allah rəhmət eləsin! 

 

İ.QAÇAYEV, “Xalq qəzeti”



Mədəniyyət