Milli Konservatoriyada “Muğam hekayətləri”

post-img

Dünən “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı Azərbaycan Milli Konservatoriyasında təşkil olunub.

“Muğam hekayətləri” layihəsi adlan­dırılan konsertdə Azərbaycanın tanınmış xanəndəsi Xalq artisti Teyyub Aslanov və caz pianoçu Nicat Aslanov çıxış ediblər. Təqdimatda ifaçıları tarda Əliağa Sədiyev, kontrabasda Ruslan Hüseynov, zərb alət­lərində Tofiq Cabbarov və Həsən Bilalov müşayiət ediblər. Proqramda dinləyicilərə Azərbaycan muğamlarının modern caz musiqisi ilə sintezi təqdim olunub. Musiqi nömrələri böyük maraqlq qarşılanıb.

Konsertdən əvvəl media üçün açıqla­ma verən tanınmış xanəndə Teyyub As­lanov festival barədə öz təəssüratlarını bölüşüb: 

– Çox qürurvericidir ki, artıq neçə il­lərdir belə gözəl layihələr həyata keçirilir. Bütün təşkilatçılara, başda Heydər Əliyev Fondu olmaqla, həmçinin Mədəniyyət Na­zirliyinə bu təşəbbüsə görə təşəkkürümü­zü bildiririk. Festival çərçivəsində yüksək səviyyədə muğam müsabiqəsi də keçi­rildi. Bu gün isə burada muğamla cazın möhtəşəm sintezini təqdim edirik.

“Qədim Musiqi Alətləri” Dövlət An­samblının solisti, xanəndə, Xalq artisti Teyyub Aslanov 1995-ci ildən bəri Azər­baycan muğam üçlüyü və müxtəlif an­samblların tərkibində bir çox xarici konsert və festivallarda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univer­sitetinin dosenti, muğam sənəti kafedra­sının müdiridir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin məzunu Nicat Aslanov isə istedadlı caz ifaçısıdır. O, cazın müxtəlif janrlarında maraqlı kompozisiyalar təq­dim edir. İfaçının ilk konserti 2012-ci ildə Bakı Caz Mərkəzində olub. İstedadlı caz­men bir çox yerli, eləcə də xarici konsert və festivallarda uğurla çıxış edib.

Xatırladaq ki, iyunun 18-dən başlayan “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədə­niyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Kon­servatoriyasının dəstəyi ilə keçirilir.

“Xalq qəzeti”

Mədəniyyət