“Vaqner” qiyamı”: 1917-ci ilin fevralı, yoxsa oktyabrı?

post-img

“Vaqner” Özəl Hərbi Şirkətinin qiyamı kimi qiymətləndirilmiş hadisə ilə bağlı xalqa müraciət edərkən Rusiya Prezidenti Vladimir Putinin 1917-ci ilin Fevral burjua inqilabından söz açması təəccüb doğurdu.

O inqilab hara, hazırkı olay hara, – deyə düşünənlər də tapıl­dı. Axı 1917-ci ildə baş verənlər güclənmiş bir sinfin hakimiyyəti yenmək iddiası idi. Yəni, prinsip etibarilə, o zamankı mübarizənin motivini Rusiyanın ayrı-ayrı təbəqələri arasındakı gərginlik təşkil et­mişdi. Ancaq bir oxşarlıq var ki, onu da Putin dilə gətirdi. Söhbət Birinci dünya müharibəsindən gedir. Rusiya yenə də faktiki olaraq, dünya müharibəsindədir. Amma bu dəfə tam təklənmiş durumdadır. Üstəlik, ölkənin müharibədən çıxmasını, məğlubiyyətə uğramasını istəyənlər daha çoxdur.

1917-ci il hadisələrinə ümumi nəzər salsaq, görərik ki, o vaxt Rusiya burjua­ziyası savaşdan bezmişdi və istəmirdi ki, özünün maddi resurslarını ona xərclə­sin. Nəticədə bu kəsim ayağa qalxdı və üç yüz illik Romanovlar sülaləsini devir­di. Suallar yaranır: “Vaqner” o zamankı burjuaziyasının rolunda çıxış edirdi? Di­gər tərəfdən, bəlkə Putin inqilab dövrü­nü yada salarkən, bu qruplaşmanın rəh­bəri Yevgeni Priqojinin dövlət çevrilişinə cəhd təsiri bağışlayan əməlini nəzərdə tutmurdu? Axı Priqojin Ukraynada mü­haribə edirdi, alınmaz qala sayılan Bax­mutu ələ keçirmişdi. Ölkənin ictimai rəyi onu və dəstəsini qəhrəman sayırdı. Yox­sa, qəhrəman obrazı “Vaqner” rəhbərini hakimiyyətə həvəsləndirmişdi?

Y.Priqojin özlüyündə maraqlı fiqur­dur. O da maraqlıdır ki, ruslar ona “Pu­tinin aşpazı” deyirlər. “Aşpaz” 1961-ci ildə anadan olub. Özü də Sankt-Peter­buqda. O şəhərdə ki, Rusiya liderinin si­yasi karyerası baxımından çıxış nöqtəsi sayılır... “Konkord” şirkətlər qrupunun rəhbəri və sahibi olan Priqojin Ukrayna ilə münaqişəyə qədər Rusiya Preziden­tinin dostlarından hesab olunurdu. Onun restoranları və iaşə obyektləri isə Putinin xaricdən gəlmiş yüksək səviyyəli qonaq­ları üçün şam yeməklərinə evsahibliyi edirdi. Elə “Putinin aşpazı” deyimi də bundan qaynaqlanır.

Əlqərəz, Priqojin 1981-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edilmiş, 1990-cı illərdə həbsdən azad edildik­dən sonra isə doğulduğu şəhərdə res­toran açmışdı. Tədricən sahibkar kimi uğurlar qazanmağa başlamış bu şəxsin 2019-cu ildəki sərvəti 14,6 milyard rubl olmuşdu. Bundan əvvəl isə yəni, 2016-cı ildə Sankt-Peterburqun 30 ən nüfuzlu adamı siyahısına daxil edilmişdi. Priqo­jinin “Vaqner”inə gəlincə, hərbi birləş­mə indiyədək dünyanın müxtəlif böl­gələrindəki münaqişələrə qatılıb. Qrup 2022-ci ildə başlanmış Rusiya-Ukrayna müharibəsinin hücum əməliyyatına cəlb olunub, Donbas uğrunda döyüşlərdə ak­tivliyi ilə seçilib. Priqojin özü isə 2016-cı ildən ABŞ-ın, 2020-ci ildən Avropa İtti­faqının və Böyük Britaniyanın, 2022-ci ildən isə Avstraliyanın, Kanadanın, Yeni Zelandiyanın və Yaponiyanın sanksiya­ları altındadır. 

Söhbət iyunun 24-dəki qiyam ele­mentli hadisədən gedirsə, bildirməliyik ki, Priqojin ondan əvvəl də Ukrayna müharibəsi kontekstində gündəmə gəl­mişdi. Özü də Rusiyanın Müdafiə naziri Sergey Şoyqunu və Baş Qərargah rəisi Valeri Gerasimovu ağır təhqir etmək­lə. Təsəvvür edin, hansısa özəl şirkə­tin rəhbəri ölkənin hərbi elitası sayılan şəxslər haqqında ağzına gələni danışır. Mümkündürmü? Amma Priqojin bunu özünə rəva bilirdi. Xüsusən, onun dəstə­si Baxmutu ələ keçirəndən sonra. 

Elə o zaman da Priqojinin fikirlərin­də dövlət idarəçiliyinə saymazyana mü­nasibət kimi təmayül var idi. O, sanki dövlət içində dövlət, ordu içində ordu idi. Ancaq, “Vaqner” liderinə güldən ağır söz deyilmirdi. Əksinə, işlətdiyi hər sö­yüşdən sonra “hörməti” bir qədər də artırdı. O, sadələrin düşüncələrində qorxmaz rus “boqatır”ı kimi möhkəmlə­nirdi. Nəzərə alaq ki, rus kişisi ruhunun, “mujikliyin” məhsulu olaraq meydana çıxan “boqatır” bütün oyunları pozandır və ölkəni düşdüyü çətinlikdən çıxaran­dır. Beləcə, rus insanı Priqojinin söyüş gəzdirən dilinə, hiddət dolu sifətinə hey­ranlıq duymağa başladı. Diqqət yetirək, “Vaqner”in sahibi tez-tez sosial mediada görünür, sanki onun kultu yaradılırdı. Bu kult Ukrayna ilə müharibəni leqal Rusiya maraqları baxımından sadə dildə izah edir, savaşı ilahi qanunauyğunluq kimi göstərirdi.

Priqojin və “Vaqner” rus ictimai fikrinə hakim kəsilmiş “Velikaya Rossiya” dü­şüncəsinin əməldəki təsdiqi kimi meyda­na çıxmış obrazlardır. Bu obrazlar xarici düşmənlərə, Rusiyanı dağıtmaq istəyən qüvvələrə (belə qələmə verilir – red.) münasibətdə barışmazdır, amansızdır. Deməli, daxildəki düşmənlərə, naxələf­lərə qarşı da çıxılması lazımdır ki, bu iki obrazın, qəhrəmanlıq əfsanələrində­ki kimi, fövqəladə missiyasında məntiqi qanunauyğunluq yaransın. 

Bəli, xarici yadellilərə qarşı barışmaz mövqe tutan “Vaqner” öz missiyasını geniş götürməli, daxili düşmənlərə qarşı da cəbhə açmalı idi. İyunun 24-də bü­tün dünya məhz bu cəbhəni gördü. Sual yaranır: kimdir və ya kimlərdir daxili düş­mənlər? Mövzu ətrafında söz açmazdan əvvəl bildirək ki, daxili düşmənlər olma­sa, V.Putin ilk baxışdan “Vaqner” qiyamı kimi görünən hadisə ilə əlaqədar xalqa müraciətində tarixə – 1917-ci ilə üz tut­mazdı. 

Bəli, Putinin nəzərində Ukrayna mü­haribəsi Rusiyanın məhvini arzulayan qüvvələrə qarşı müqəddəs savaşdır. Kreml lideri dəfələrlə çıxışlarında bunu bildirib və müxtəlif arqumentlərlə fikrini əsaslandırıb. Qərbin Rusiyanın sərhəd­lərinə doğru irəliləməsindən tutmuş, bir çox digər məqamları vurğulayaraq, ge­niş izah da verib. Rusiya lideri öz baxış bucağı nöqteyi-nəzərindən haqlıdır. Hət­ta o qədər haqlıdır ki, Putinin bu mövzu­dakı fikirlərini mütəmadi dinləyən şəxsdə Qərbin hərbə-zorbalığı, bütün mütərəqqi oyun qaydalarını pozmaq mahiyyəti barədə yetkin təsəvvür formalaşa bilər. Elə təəssürat yaranar ki, Rusiya hərbi birləşmələrinin suveren Ukrayna ərazi­sində görünmələri haqqın və ədalətin təntənəsidir. Putin inandırmağı bacaran, auditoriyaya psixoloji təsir gücünə malik dövlət adamıdır. 

Amma görünür, ölkə daxilində Ru­siya liderinə inanmaq istəməyənlər də var. Keçmiş “çekist” isə bundan xəbər­dardır. Diqqət yetirək, hazırda, demək olar ki, bütün dünya Ukrayna cəbhəsin­də Rusiyaya qarşı birləşib. Ancaq gö­rünən budur ki, bu birləşmə gözlənilən nəticəni vermir. Hərçənd, Ukrayna hərbi kampaniyasının Rusiyanı zəiflətmədiyi­ni söyləmək mümkünsüzdür. Ona qarşı döyüşənlərin də böyük enerji tükədib taqətdən düşməyə doğru getdikləri də faktdır və dəfələrlə də etiraf edilib. 

Belədə ikincilərin “b” planına keç­mələri zərurəti meydana çıxır. Nəzərə alaq ki, Qərb liderləri dəfələrlə Putinin hakimiyyətinin devrilməsini müharibə­nin başa çatması baxımından həlledici faktor adlandırıblar. Düşünülə bilərdi ki, “Vaqner” qiyamı” həmin “b” planıdır. Amma ilk baxışdan. Hadisələr, tədricən onu göstərdi ki, “Vaqner”in fəaliyyəti qi­yama qarşı qiyamdır. Məhz bu anlamda Putinin xalqa müraciətində 1917-ci ilin Fevral burjua inqilabından söz açması məntiqidir. 

Bəli, Rusiya lideri müraciətində xalqı, vətəni qorumaq barədə pafos saçan fi­kirlərini elə-belə dilə gətirmədi. Əlbəttə, o, Rostovu ələ keçirdiyi, Moskvaya doğ­ru yürüşə başladığı deyilən “Vaqner”i qəhrəman kimi təqdim edə bilməzdi. Hər bir halda, qanuni hakimiyyətə qarşı qəsd ritorikasını işə salmalı idi və saldı da. Cavabı aydınlaşmağa başlayan əvvəlki sualımıza gəlirik: Rusiyadakı mövcud hakimiyyətə qarşı çıxmaq istəyənlər, “burjuylar” kimlərdir? Kimlərdir 1917-ci ilin fevralını təkrarlamaq istəyənlər? 

Əlbəttə, bunu müəyyənləşdirmək, konkret adlar çəkmək çətindir. Əslində, buna heç ehtiyac da yoxdur. Priqojinin dediklərinə diqqət yetirmək kifayətdir. O, nədən danışır? Korrupsiyadan, rüş­vətdən və sair xoşagəlməz hallardan. Belə qənaətə gəlmək olar ki, buna yol verənlər Rusiyanın Ukrayna cəbhəsində uğur qazanmasına maneçilik törədənlər­dir. Onlar qəsdən rus əsgərlərini qırğına verir, ölkənin məğlubiyyəti reallığını do­ğururlar. Priqojin isə Şoyqu və Gerasi­movun timsalında belələrini təhqir edir, alçaldırdı. 

Nəhayət, kuliminasiya anı yeti­şir. Əsəblərinə hakim kəsilə bilməyən Priqojin “vaqner”çilərə havadan raket zərbələrinin endirildiyini bildirib, bunu gerçəkləşdirənləri cəzalandırmaq üçün üzü Moskvaya yürüşə başlayır. Deməli, tipik rus təfəkkürü işə düşür. Yəni, hər­bə-zorbalıq. Ümumiyyətlə, müasir Ru­siya idarəçiliyi üçün xarakterik bir xüsu­siyyətin mövcud müstəvidə də gündəmə gəldiyini görə bilirik. 

Məlumdur ki, bir çox hallarda Mos­kvanın nəzərdə tutduğunu hakimiyyətə yaxınlığı ilə seçilən ayrı-ayrı şəxslər tam çılpaqlığı ilə dilə gətirirlər. Bu mənada koronavirus səbəbindən ölümü ilə tarixə qovuşmuş Rusiya liberal demokratları­nın lideri Vladimir Jirinovskinin əsasını qoyduğu “miras” var. Jirinovski fikirlərin­də, bir növ, basıb-kəsirdi, Rusiya döv­lətinin əzmi qarşısında, necə deyərlər, sərhədlər tanımırdı. Sakit okean hövzə­sindən girib Atlantik okeandan çıxırdı. Ona avantürist kimi yanaşılsa da, əslin­də, Rusiya hakimiyyətinin fəaliyyət tər­zinə diqqət yetirəndə görmək olurdu ki, mahiyyət etibarilə Jirinovskinin söylədik­ləri doğrudur. İndi Priqojin də təxminən həmin siyasi metodologiyanın məhsulu kimi meydana atılmışdı. Sadəcə baş li­beralistin fərqli olaraq, onun əlində güc də var idi. Belə demək mümkünsə, gü­cün və çənənin vəhdəti...

Diqqət yetirək. Priqojinin gücünə qarşı müqavimət, demək olar, olmadı. Belə qənaətə gəlmək mümkündür ki, “b” planını gerçəkləşdirmək istəyənlər çaş-baş duruma düşdülər. Kreml administ­rasiyası isə əksinə, hazırlıqlı göründü. Yaradılan fon üsyana qarşı mübarizə­nin reallığını aşıladı. Məsələn, Moskva ətrafında səngərlər qazıldı. Priqojin isə saatda 70 kilometr sürətə malik hərbi texnikası ilə Rostovdan Moskvaya təx­minən min kilometrə qədər olan yolu tez bir zamanda qət edərək, şəhərin ət­raflarına yetişməyə müvəffəq oldu (?). Üsyançı kimi qələmə verilən şəxs yolda nə müqavimət gördü, nə də mübarizə. Düşünək görək, belə şey mümkündür­mü? Hər halda “Vaqner” silahlıları da insanlardır. Onlara da güllə dəyəndə, həyatlarını itirə bilirlər. Güllə səsləri isə eşidilmədi. Yalnız fon...

...Əvəzində Priqojin bildirirdi ki, ona qoşulanlar var. Əsil məsələ də elə bun­dadır. Mövcud anlamda “Vaqner” qi­yamı” indiqator rolunu oynadı desək, yanılmarıq. Putinin xalqa müraciətində­ki sərt məntiqə, bağışlamaz ritorikaya rəğmən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dünən bildirdi ki, nə Priqojinə, nə də onun dəstəsindəkilərə cinayət işi açılacaq. Çünki vətən qarşı­sında əvvəlki xidmətləri nəzərə alınır. Belə şey olurmu? Düşünək görək, Pu­tin hakimiyyəti özünə qarşı hədsizliyə biganə yanaşan təbiətdədirmi? Əsla! Deməli, əsas məsələ Priqojinə kimlərin qoşulmasıdır. Bəli, məhz onlar bağışlan­mayacaq.

Deməli, qənaətə gəlmək mümkündür ki, 25 min hərbçilik “Vaqner” Özəl Hərbi Şirkətinin qiyamı kimi dünyanın ictimai rəyində yer tutan fəaliyyət, əslində, daxil­dəki anti-Putin ab-havasını müəyyənləş­dirmək üçün bir test oldu. Necə deyər­lər sadiqlər və xainlər müəyyənləşdi. Eyni zamanda, bu testin Rusiya liderinə daha qətiyyətli davranmaq üçün şərait yaradacağı aşkardır. Bir qədər əvvəl də bildirdik ki, Priqojin çıxışlarında hədəf­ləri müəyyənləşdirirdi. O, Şoyqunun və Gerasimovun adlarını çəkirdi. Yəni, sö­yüşlərini onlara ünvanlayırdı. Ancaq bu iki şəxs, müəyyən mənada, ümumiləşdi­rilmiş obrazlardır. Belə nəticəyə gəlmək olar ki, hədəf Ukrayna müharibəsi üçün resurslarını gizlədənlər, ümumən, ölkənin uğur qazanmasına maneçilik törədənlər, övladlarını hərbidən gizlədənlər, başqa sözlə desək, pullarını yastıqlarının altın­da saxlayıb, xımır-xımır yeməyə üstünlük verənlərdir. Deməli, iyunun 24-də Rusiya­da baş verənlər, 1917-ci ilin fevralındakı yox, oktyabrındakı inqilabdır. “Vaqner”in teleqram kanalı bolşevizmin “İskra” qəze­tinə bənzər bir şeydir. Priqojin isə nəşrin baş redaktorudur. 

Bəli, Priqojinin hədəfi yuxarıda sada­ladığımız kateqoriyaya daxil olanlardır. Elələri ki, “Vaqner”in şefinin fikrincə, Ru­siyanın pulunu qazanıblar, varlanıblar, ancaq ölkənin çətin məqamında əlləri­ni daşın altına qoymaq istəmirlər. “Rus ayısı” Priqojin bildirdikləri, həmçinin, belələrinin, yəni “burjuaziyanın” başının ağrıyacağının kifayət qədər məzmunlu anonsudur. Nəzərə alsaq ki, o, köhnə dostu Prezident Aleksandr Lukaşenko ilə danışıqlardan sonra Belarusa yolla­nıb, deməli, missiyası artıq başa çatıb. 

“Vaqner” rəhbərinin təhqir obyekt­lərini, Ukraynadakı müharibəni Rusiya üçün cəhənnəmə çevirənləri, rus əsgər­lərinin, belə demək mümkünsə, ət ma­şınından keçməsinə şərait yaradanları cəzalandırmaq növbəsi isə Putinindir. Deməli, Kreml rəhbərinin, elə günü sa­bahdan ölkənin Birinci dünya müharibə­sindəki kimi, Ukrayna ilə, daha doğrusu, Qərblə savaşdan da çıxmasını istəyən Rusiya siyasi elitasındakı şərti burjua­ziyanı cəzalandırmağa keçəcəyini, sərt tədbirlərə əl atacağını proqnozlaşdır­maq mümkündür. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət