Ukraynaya hərbi dəstək ABŞ-ın müdafiə gücünü zəiflədir

post-img

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Araşdırma Layihələri Agentliyi (DARPA) yeni inqilabi hərbi texnologiyalar hazırlayan mütəxəssislər işə götürmək niyyətindədir. Bu, gələcəkdə ABŞ-ın hərbi üstünlüyünə dəstək məqsədi daşıyır.

Agentliyin Taktiki Texnologiyalar Bölməsinin qabaqcıl texnologiya­ların inkişaf etdirilməsində maraqlı olduğu bildirilir. Aparılan tədqiqatlar ordunun ən qabaqcıl texnologiyala­ra əsaslanan silahlarla təmin olun­masına, hərbi əməliyyatların uğurla həyata keçirilməsinə xidmət edəcək. Söhbət havada, quruda, dənizdə və kosmosda hərbi əməliyyatlardan ge­dir. 

Artıq Pentaqon mütəxəssislərlə 1 milyon dollara yaxın məbləğdə il­kin müqavilələr bağlamağa hazırdır. Qurumdan bildirilib ki, ABŞ-ın rəqib­ləri Vaşinqtonun cəbbəxanasındakı silahlara malikdirlər. Ölkənin yeni texnologiyalara ehtiyacı yaranıb.

Amerika Birləşmiş Ştatları müa­sir hava hücumundan müdafiə sis­temlərinə (ADS) qarşı mübarizə vasitələrinin yaradılması təkliflərinə müsbət yanaşır. Bu ölkə daha çox havada qalan və dağıdıcı gücü olan yeni nəsil dronlar yaradılmasına ma­raq göstərir. 

Bu günlərdə “American Great­ness” nəşri qeyd edib ki, Ukrayna­nın silah tədarükü üçün müraciətlə­rinin daim artması ABŞ-ın müdafiə qabiliyyətinə və qlobal təsirinə ciddi zərbə vurur. Əgər Ukrayna ABŞ-ın müdafiə sistemi ilə manipulyasiyanı dayandırmasa, amerikalılar “bu do­laşıq Ukrayna düyününü” kəsməli olacaqlar.

Bundan əvvəl, mayın 7-də ABŞ Hərbi Hava Qüvvələrinin veteranı və keçmiş F-16 pilotu Con Venabl qeyd etmişdi ki, ABŞ istehsalı olan F-16 qırıcıları Rusiyanın hava hücumun­dan müdafiə sistemlərindən üstün deyil. Bütün bunlara görə, ABŞ dö­yüş meydanında uğur qazana bilən ən qabaqcıl texnologiya əsasında istehsal olunmuş silahlara üstünlük verməlidir.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya