İyirmi səkkiz il düşmən tapdağında olan qədim mədəniyyət paytaxtımız Şuşa düşmən əsarətində olduğu dövrdə həm gözəlliyinə, həm də tarixiliyinə həddindən artıq zərər vurulub. Şəhər Vətən müharibəsində parlaq qələbəmizlə azadlığına qovuşandan sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb.
Bu zaman 350 hektarlıq qoruq zonası xüsusilə diqqət mərkəzində saxlanılıb. Malikanələr, yaşayış evləri və inzibati binaların öz köhnə görkəmlərinə qaytarılmasına həssaslıqla yanaşılıb. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Şuşanın əvvəlki vəziyyətinə qaytarılmasının vacibliyini bildirib, qoruq zonasında tarixiliyin mütləq şəkildə qorunmasının, məhəllə, məscid, hamam, bulaq, saray, malikanə və digər maddi-mədəni abidələrin hər birinin özünəməxsus memarlıq quruluşunun saxlanılmasının önəmini diqqətə çatdırıb.
Yeri gəlmişkən, mütəxəssislərin bildirdiklərinə görə, Şuşanın 28 illik işğalı dövründə düşmən tərəfindən şəhərin erməniləşdirilməsinə cəhd göstərilib, tariximizin silinməsinə, pozulmasına çalışılıb. Memarlıq abidələrimiz, görkəmli şəxslərin yaşadıqları evlər, malikanələr, inzibati binalar, demək olar ki, yararsız vəziyyətə salınıb. Hətta deyilənə görə, işğal dövründə Şuşanın erməniləşdirilməsi məqsədilə Ermənistan genişmiqyaslı planlar həyata keçirib və bunun üçün hər il 30 milyon dram vəsait ayrılıb. Hazırda mədəniyyət paytaxtımızın bərpası prosesində düşmənin şəhərə vurduğu ziyan aradan qaldırılarkən, ilk növbədə, tarixilik prinsipi, maddi-mədəni abidələrin ilkinliyi məsələsi önə çəkilir.
Mayın 9-10-da Prezident İlhamƏliyev, birinci xanım Mehriban Əliyeva Şuşada olarkən, ayrı-ayrı tarixi abidələrdə aparılan bərpa işlərindən sonra açılış mərasimlərində iştirak ediblər. Məsələn, Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən gerçəkləşdirilmiş bərpa işləri diqqət çəkdi. Mərasimdə Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binasının ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısına salındığı vurğulandı, bu tikilidə vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşdiyi vurğulandı. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildə başlanan bərpa işləri zamanı binanın ilkin vəziyyətinə qaytarılmasının, ilk növbədə, diqqətdə saxlanıldığı, sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarların sökülərək binanın tarixi formasına qaytarılması işlərinin uğurla yerinə yetirildiyi bildirildi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdikləri Milli Xalça Muzeyinin Şuşa filialının bərpa prosesinə də diqqət yetirək. Burada dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilərək bu tarixi binanın XIX əsrin ikinci yarısında tikildiyi, işğal dövründə yararsız hala salındığı və tarixi görkəminə müdaxilələr edildiyi xatırladıldı. Eyni zamanda, burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanıldığı, binanın daxili divarları, döşəmələri və tavanlarının əvvəlki görkəminə qaytarıldığı vurğulandı.
Şuşada tarixi nümunələrə belə qayğı bəslənilməsi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışında da diqqət çəkib. Dövlətimizin başçısına və birinci xanıma burada görülən işlər barədə məlumat verilərək bu məscidin 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunduğu, XIX əsrin memarlıq abidəsi olan bu dini ibadət ocağının inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binalarının yerləşdiyi xatırladılıb.
Yeri gəlmişkən, Şuşa şəhəri işğal altında olduğu müddətdə digər tarixi abidələr kimi Saatlı məscidi də erməni faşizminin təsirinə məruz qalaraq dağıdılıb tərəfindən dağıdılıb. 2021-ci ilin dekabrından isə məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq reallaşdırılıb. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun möhkəmləndirilməsi həyata keçirilib, məscidin döşəməsi bərpa edilib. Bütün bunlarla bərabər, aparılan analizlər nəticəsində minarənin üzərindəki naxışların ilkin rəngi müəyyənləşdirilib və minarə ona uyğunlaşdırılıb, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanılıb.
Şuşada Yuxarı Gövhər Ağa məscidi də tarixilik prinsipi əsasında əsaslı bərpadan edilib. Dövlətimizin başçısı və birinci xanıma məsciddə görülən işlər barədə məlumat verilərək bu tarixi-mədəniyyət abidəsinin müəllifi məşhur memar Kərbəlayi Səfixan Qarabaği olduğu, bu inanc yeri onun ən yaxşı əsərləri sırasına daxil edildiyi qeyd olunub. Eyni zamanda, məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənildiyi xatırladılıb.
Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi ermənilər tərəfindən dağıdılıb. Şəhər işğaldan azad edildikdən sonra bu tarixi-mədəniyyət abidəsinin konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilib. Məsciddə möhkəmləndirmə işləri görülüb. İşğal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb. Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri aparılıb. Minarələrin boya işləri və qoruyucu qatın tətbiqi yekunlaşıb, məscidin dam örtüyünün qurulması həyata keçirilib.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri, mədəni-dini abidələrimizin bərpası davam edir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub
Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilib. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir.
Heydər Əliyev Fondu hazırda Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırıb. Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir.
V.BİNYƏTOĞLU, “Xalq qəzeti”

