Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şəhər icra hakiiyyətinin təşkilatçılığı ilə keçirilən möhtəşəm konserti 50 min nəfərdən artıq insan izləyib.
Heydər Əliyev “Park-Xiyaban” Kompleksindəki “Zəfər Tağın”nın önündə təşkil edilən çal-çağırda şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, idarə, müəssisə, təşkilat rəhbərləri, xarici qonaqlar, şəhər sakinləri iştirak ediblər. Şənlikdən əvvəl yubiley şərəfinə veloyürüş keçirilib. Sonra iştirakçılar ulu öndərə həsr edilmiş əl işləri və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Konsert proqramında Gəncə Dövlət Filarmoniyasının ifaçıları – Xalq artisti Şahnaz Haşımova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Vasif Bayramov, İlham Qasımov, Rövşən Məmmədov, Rüstəm Cəfərov ulu öndər Heydər Əliyevə, onun xalqımıza töhfəsi və əmanəti olan müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa ediblər. Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının, həmçinin “Xəmsə” uşaq rəqs ansamblının təqdim etdiyi rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Türkiyədən dəvət edilmiş məşhur müğənni Rafet El Roman yubiley konsertində Gəncə sakinləri üçün öz repertuarında yer alan sevilən mahnılarını ifa edib. Türkiyəli müğənni konsertin sonunda ulu öndərə həsr olunmuş əzəmətli “Sən elə bir zirvəsən” mahnısını təqdim edib. Mahnının sədaları altında səhnədə quraşdırılmış ekranda ümummili lider Heydər Əliyevin həyat yoluna həsr olunan videoçarx nümayiş etdirilib.
Müsiqili şənlik möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Hamlet QASIMOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri
Gəncə


                                


