Qusarlılar, siz xoşbəxtsiniz ki, belə bir gözəl diyarda yaşayırsınız, gözəl iqliminiz var. Siz xoşbəxtsiniz ki, bu diyarı siz və sizin ulu babalarınız qurub yaradıb və gözəlləşdiriblər. Siz xoşbəxtsiniz ki, bu cür müstəqil Azərbaycanın vətəndaşlarınız və onun üçrəngli bayrağını daha da yüksəldirsiniz.
Heydər ƏLİYEV,
Ümummilli lider
2023-cü il Azərbaycan dövləti və xalqı üçün əlamətdar tarixdir. Bu il Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 100 illik yubeliyini qeyd edirik. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan olunub.
Heydər Əliyev dünyanın ən qüdrətli tarixi simaları arasına yüksəlmiş nadir şəxsiyyət, azərbaycanlı dahidir. Xalqımızın ümummilli lideri olan bu müdrik, görkəmli dövlət xadimi bütün ömrünü Azərbaycan xalqının xoşbəxtliyinə, ölkəmizin və dövlətimizin inkişafına, tərəqqisinə həsr etmişdir. O, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə titanik fəaliyyəti, nəhəng quruculuq işləri ilə adını çağdaş tariximizə qızıl hərflərlə yazmışdır.
Ulu öndərin 100 illik yubileyi Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da bu dahi insana sevgi və məhəbbətdən doğan qədirbilənliklə qeyd edilir. O böyük dövlət xadiminin idarəçilik və təsərrüfatçılıq məktəbini keçmiş, həyat yollarında onun ideyalarından bəhrələnmiş bir vətəndaş kimi, ümummilli liderin Qusar və qusarlılara xüsusi rəğbəti ilə bağlı öz ürək sözlərimi bölüşmək mənim üçün də olduqca böyük şərəfdir. Vaxtilə iqtisadiyyatı ancaq bağçılığa və maldarlığa söykənən Qusar rayonu həm ümummilli lider Heydər Əliyevin, həm də onun iqtisadi və siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qayğısını, köməyini həmişə görüb, indi də görür.
1998-ci il oktyabrın 3-nü qusarlılar heç vaxt unutmayacaqlar. Məhz həmin gün Qusar rayonuna səfərə gələn ulu öndər hər bir qusarlıya qürur gətirən, indi isə dillər əzbəri olan fikirlərini bizimlə belə bölüşmüşdü: “Bu gün müstəqil Azərbaycanın apardığı bütün quruculuq, yaradıcılıq işlərində qusarlıların öz yeri var. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, qusarlılar Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında xidmətlər göstərmişlər, qan tökmüşlər, milli qəhrəmanlıq zirvəsinə ucalmışlar.
Qusarın kənd təsərrüfatı rayonu kimi inkişafı məhz Heydər Əliyevin dövründə başlamışdır. Keçən əsrin 70-ci illərində rayonda böyük massivlərdə meyvə bağlarının salınması, Qusar və Samur konserv zavodlarının, heyvandarlıq komplekslərinin, aqrar avtoparkın, suvarma sistemlərinin, körpülərin, yolların tikilməsi, təchizat sisteminin qurulması və digər infrastrukturların təməli və istifadəsi məhz Heydər Əliyevin göstərişi, şəxsi köməyi ilə reallaşmışdır. Qusar respublikada meyvəçilik üzrə ikinci rayona çevrilmişdi. Rayonun tarixində meyvəçilik və tərəvəzçilikdə rekord məhsul məhz həmin illərdə toplanıb.
1998-ci ilin oktyabrında Qusar sakinləri qarşısında etdiyi unudulmaz nitqində ulu öndər həmin illəri xatırlayaraq demişdi: “Qusarlılar xüsusi etimada layiqdir. Sizin tarixiniz qəhrəmanlıq tarixidir. Vətənə, torpağa, dövlətə sədaqət göstərmək tarixidir...Adətən, deyirlər ki, mən Qusara 1969-cu ildən diqqət yetirməyə başlamışam. Amma mən hələ 50-60-cı illərdə Qusara dəfələrlə gəlmişəm. Qusarın işləri ilə məşğul olmuşam, Qusarın insanları ilə bir yerdə işləmişəm və Qusarın gözəl mənzərələrinə həmişə heyran olmuşam. Azərbaycana rəhbərlik etdiyim zaman daim Qusarın qayğıları ilə yaşamışam. Qusarın inkişaf etməsi üçün tədbirlər görmüş, onların həyata keçməsinə nail olmuşam.”
Yadımdadır, 1995-ci il fevralın 20-də Heydər Əliyevin respublikada yaşayan ləzgi ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilirdi. Bu görüşdə bir çox məsələlərə aydınlıq gətirildi. “Azərbaycan ləzgilər üçün doğma torpaqdır və onlar heç bir yerdə özlərini bu qədər rahat hiss etmirlər”– deyən ümummilli lider milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların Azərbaycan xalqının tərkib hissəsi kimi qəbul edildiyini, Azərbaycanın bütün azərbaycanlıların vahid və bölünməz Vətəni olduğunu bəyan etdi. Bu müddəalar sonralar onun sədrliyi ilə işlənib hazırlanan, ümumxalq səsverməsi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında təsbit olundu.
Möhtərəm Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərliyinin elə ilk günlərindən ölkəmizin siyasi yolunun dəyişməzliyini qətiyyətlə bəyan etmişdir: “Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”. Həyata keçirilən uğurlu xarici siyasətin nəticəsidir ki, ötən illərdə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanındı və bu yöndə sənədlər qəbul edildi. 44 günlük İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində həmin beynəlxalq sənədlər hüquqi baza rolunu oynadı.
Artıq regionların sosial-iqtisadi inkişafının dövlət proqramları çərcivəsində həyata keçirilən tədbirlər Qusarın da simasını tamam dəyişib. Xüsusilə son illərdə rayonumuzda tikinti-quruculuq, abadlıq işləri daha intensiv və effektli həyata keçirilir, təhsil, səhiyyə, mədəniyyət sahələrində nəzərəçarpacaq irəliləyiş əldə olunmuşdur. Bu irəliləyişi təmin edən əsas amil dövlət başçısı, möhtərəm İlham Əliyevin Qusara, onun tərəqqisinə, insanlarının rifahına qayğısıdır. Ölkə rəhbəri Qusara on dəfədən çox səfər edib, rayon ictimaiyyəti ilə görüşüb, hər dəfə də neçə-neçə obyektin istifadəyə verilməsində, yeni tikililərin təməlqoyma mərasimlərində iştirak edib.
Qusar ölkəmizin digər rayonları kimi inkişaf və tərəqqi yolundadır. Biz bunları görür, təqdir edir, uğurlarımızla sevinir, fəxr edirik. İndi bizim dağlar diyarımız dünyanın ən gözəl turizm imkanlarına malik bölgələrindən biri kimi tanınır. Nəinki respublikamızda, hətta Qafqazda turizm sektorunun ən böyük tikililərindən biri olan “Şahdağ” Beynəlxalq Qış-Yay Turizm Kompleksinin inşası bölgədə turizmin inkişafına böyük təkan vermişdir. Bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış həmin turizm mərkəzində hər il ölkəmizin müxtəlif guşələrindən və xaricdən gəlmiş minlərlə turist dincəlir, sağlamlığını bərpa edir. Növbəti illərdə Bakı–Yalama yolu ilə “Şahdağ” xizək kurortuna dəmir yolu çəkilməsi nəzərdə tutulmuşdur.
Rayonda turizm ilə yanaşı, kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni meyvə bağlarının salınması, kənd yollarının təmiri, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, tikinti-abadlıq işlərinin görülməsi, sosial obyektlərin tikintisi geniş vüsət alıb. Qusar şəhərinin və kəndlərin tanınmaz dərəcədə dəyişməsi onun hər bir sakinində böyük qürur hissi doğurur.
Rayon mərkəzində küçələrin abadlaşdırılması işləri görülür. Hazırda küçələrdə yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilir. Şövkət Orduxanov adına şəhər mərkəzi stadionda əsaslı yenidənqurma aparılır. Stadionun ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə turulur.
Nəriman Nərimanov adına şəhər parkında əsaslı təmir işləri görülür. Turizmin inkişaf etdriliməsi ilə əlaqədar rayonda çoxlu otellər istifadəyə verilib, o cümlədən Çiləgir kəndində 6014 kvadratmetr sahəsi olan otel binasının tikintisi davam etdirilir. Qusar – İmamqulukənd – Quxur oba avtomobil yolu istifadəyə verilmiş, Bakı –Gəndov – Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Qusar rayonu ərazisindən keçən 16 kilometrlik hissəsində tikinti işləri və 26 kilometrlik 1-ci dərəcəli Samur –Şirvanlı –Xanoba avtomobil yolunun əsaslı təmiri işləri davam etdirilir. Kənd bələdiyyələrinin daxili imkanları hesabına 215 min kvadratmetr kənd yolları cari təmir edilmişdir.
Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması üçün Həzrə, İmamqulukənd kəndlərində və Samur qəsəbəsində şəbəkə yenidən qurulmuş və daha 9 kənddə yenidənqurma işləri görülür. Mucuq, Hil, Xuluq, Qılah, Nəcəfkənd, Yasab oba və Torpaq körpü kəndlərində yeni su xətləri çəkilmiş və ya təmir edilmişdir. Qusar şəhərinin içməli su təchizati və kanalizasiya sistemləri yenidən qurulmuşdur.
Hil kəndində 720 yerlik orta məktəb binası, Heydər Əliyev Fondunun yaxından köməyi ilə Atluxan, Kufoba, Aşağı İmamqulukənd, Əniğ Oba və başqa kəndlərdə yeni məktəblər, Zuxul, Avaranqışlaq, Üzdən oba, Nəcəfkənd və Qılah Oba kəndlərində modul tipli yeni məktəb binaları istifadəyə verilmişdir. Rayonun şəhər, qəsəbə və kənd əraziləri tikinti-abadlıq meydanına çevrilmişdir. Bəli, nə qədər ki, Azərbaycan dövləti yaşayır, Heydər Əliyevin siyasəti də yaşayacaqdır. Heydər Əliyev tərəfindən qurulmuş müstəqil Azərbaycan dövləti əbədi olduqca, onun siyasəti də əbədi olacaqdır.
Beləliklə, Azərbaycan gələcəyə doğru inamla, yeni zəfərlərlə addımlayır. Bu nailiyyətlərin əsasını isə Heydər Əliyev siyasəti təşkil edir. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız bu əsərin müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək .
Mən xoşbəxtəm ki, Heydər Əliyevin dövründə yaşayıb işləmiş, onun varisi İlham Əliyevin dövründə də ictimai-siyasi proseslərin içində olmuşam. Həm də doğma Qusarın son 40 ildəki inkişafı, tərəqqisi daim gözlərim önündə olub. Ümid edirəm ki, qusarlılar və bütün Azərbaycan əhalisi, ölkəmizin tərəqqisindən ötrü əzəmətli işlər görmüş, öz müdrik daxili və xarici siyasəti ilə Azərbaycanı dünyanın qabaqcıl dövlətləri sırasına çıxarmış cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklər.
Mayıl BAĞIROV,
Qusar rayonu, əmək veteranı

