Daşkənddə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı mərasim keçirilib. Ulu öndərin adını daşıyan parkda onun abidəsi önündə təşkil olunmuş mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ölkə Senatı sədrinin birinci müavini Sadık Səfayev, xarici işlər naziri Bəxtiyar Səidov, mədəniyyət və turizm naziri Azadbek Nazarbekov, Millətlərarası Münasibətlər və Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəm Kurbanov, Özbəkistanda fəaliyyət göstərən səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Rüstəm Kurbanov mərasimi giriş sözü ilə açaraq Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O deyib ki, Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin əsası ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu gün bu səmimi dostluq münasibətləri Azərbaycan və Özbəkistanın dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.
Səfir Hüseyn Quliyev bildirib ki, XX əsrin son 3 onilliyində Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və müdrik siyasət nəticəsində Azərbaycanın suverenliyi və müstəqilliyi tam təmin olunub.
Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq şairi Siracəddin Səyyid Heydər Əliyevin hər zaman Özbəkistanla münasibətlərə xüsusi önəmlə yanaşdığını, bu böyük siyasətçinin ədəbiyyata, şeirə, sənətə yüksək qiymət verdiyini diqqətə çatdırıb.
Mirabad rayonunun Dəmiryolçular məhəllə komitəsinin sədri Mehriban Rəhimova deyib ki, Heydər Əliyev təkcə Azərbaycan xalqı deyil, bütün türk dünyası üçün nadir şəxsiyyət idi. Sırdərya vilayətində yaşayan azərbaycanlı şair Əli Nəsirli Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə diqqət və qayğısından danışıb.
Sonra tədbir iştirakçıları paytaxtdakı Müasir İncəsənət Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıblar.
Qulu KƏNGƏRLİ,
Daşkənd


