“Heydər Əliyev” tankerinin və “Zərifə Əliyeva” gəmi-bərəsinin təsviri əks olunmuş poçt bloku hazırlanıb

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə onların adını daşıyan gəmilərin təsviri əks olunmuş iki poçt markasından ibarət blok dövriyyəyə buraxılıb.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin hazırla­dığı orijinal poçt bloku Belarus respublika­sının “Bobruisk İnterated Printing House” çap evində işıq üzü görüb.

Yüksək keyfiyyətlə çap olunmuş poçt blokunun ölçüsü 120x80, markaların öl­çüləri 52x37 millimetrdir. Poçt blokunun bəzi elementləri şəffaf lakla örtülüb, bə­ziləri konqrev edilib.

Azərbaycanın poçt markaları kata­loqunda qeydə alınmış poçt bloku 4 min nüsxədə çap olunub. 400 ədəd poçt blo­ku isə xüsusi hədiyyəlik bukletdə təqdim edilib.

Bu poçt blokunun dövriyyəyə buraxıl­ması dənizçilərin həm Ulu Öndər Heydər Əliyevə, həm də görkəmli oftalmoloq Zə­rifə xanım Əliyevaya sonsuz ehtiramının bariz nümunəsi olmaqla yanaşı, dünya­da filateliyaya marağın yenidən artdığı vaxtda əsl kolleksiyaçılar üçün də böyük töhfədir.

Qeyd edək ki, 165 illik yubileyini qeyd edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi milli filateliyamızın inkişafına daim qayğı ilə yanaşıb. Gəmiçilik 140, 145 və 150 illik yubileylərində də klyasserlərdə (markala­rın saxlanılması üçün şəffaf ciblikli albom) markalar toplusu, 160 illik yubileyində isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il” adlı markalı kitab çap etdirmişdi.

Sosial həyat