Dünya Azərbaycan dahisinə ehtiramını bildirir

post-img

Planetin müxtəlif ölkələrində, şəhərlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasimlər düzənlənir, maraqlı konsert proqramları təşkil edilir, sərgilər açılır, filmlərə baxış keçirilir. Dünyaca məşhur musiqiçilərin müşayiəti ilə təqdim olunan yubiley tədbirlərinin bəzilərinə Azərbaycanın tanınmış incəsənət xadimləri də öz ifaları ilə xüsusi ovqat bəxş edir, onlara milli kolorit qatırlar. Oxunan, göstərilən və nümayiş etdirilən bütün sənət nümunələrinin ünvanı isə birdir – xalqımızın dahi övladı Heydər Əliyev. 

Moskva

Mayın 15-də Rusiya Dövlət Dumasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubi­leyinə həsr olunmuş “Heydər Əliyev. Əbədi davam edən həyat” adlı sərginin açılışı olacaq. 

Rusiya paytaxtından verilən məlumata görə, sərginin açılışının planlaşdırıldığı mayın 14-15-də Rusiya Federasi­yasında işgüzar səfərdə olacaq Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edəcək. S.Qafarova Rusiya Federasiya Şurasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş ayrıca tədbirə də qatılacaq.

Riqa

Azərbaycanın Latviyadakı səfirliyində xalqımızın Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. 

Səfirliyin məlumatına görə, tədbirdə Latviya Seyminin ka­tibi Armands Krauze, Latviya Prezidentinin xarici məsələlər üzrə müşaviri Solveiqa Silkalna, Latviyanın keçmiş prezi­dentləri Andris Berzinş, Raymonds Veyonis və Valdis Zat­lers, Xarici İşlər Nazirliyinin, diplomatik korpusun nümayən­dələri, eləcə də bu ölkədəki Azərbaycan icmasının üzvləri iştirak ediblər. 

Yubiley tədbirində çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bildirib ki, Heydər Əliyevin bütün hə­yatı Azərbaycan xalqına, dövlətçiliyimizin qurulmasına və möhkəmlənməsinə, bütün sahələrin tərəqqisinə, müstəqil Azərbaycanın dünya birliyinə inteqrasiyasına həsr olunub. Səfir həmçinin ümummilli lider Heydər Əliyevin keçdiyi mə­nalı ömür yolundan, Azərbaycanın azadlıq mübarizəsindəki qətiyyətli fəaliyyətindən, dövlət müstəqilliyimizin gücləndiril­məsi istiqamətində gördüyü işlərdən, müəyyənləşdirdiyi milli inkişaf strategiyası əsasında hazırda ölkəmizin dünya döv­lətləri arasında özünə layiqli yer tutmasından danışıb. 

Latviya Seyminin katibi, Seymdə Azərbaycan parlamen­ti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Armands Krauze, keçmiş prezident, "Heydər Əliyev" ordenli Valdis Zatlers çıxışlarında 100 il əvvəl dünyaya göz açmış bir şəxs zaman­la öz xalqının əvəzolunmaz liderinə və müasir Azərbaycanın qurucusuna çevrildiyini xüsusi olaraq önə çəkiblər. Türkiyə­nin Latviyadakı səfiri Şule Öztunç Heydər Əliyevi böyük döv­lət xadimi, Azərbaycan xalqının lideri və öz əsrinin ən parlaq şəxsiyyətlərindən biri kimi qiymətləndirib, dahi şəxsiyyətin ölkə tarixindəki xüsusi yerindən bəhs edib. Daha sonra musiqi proqramı təqdim edilib. Konsertdə Latviya Milli Simfo­nik Orkestrinin musiqiçilərindən ibarət simli kvartetin ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Aqşin Əlizadə, Emils Dar­zinş və Motsartın əsərləri ifa edilib. 

Praqa

Praqa şəhərinin mərkəzində yerləşən “Lutserna” sa­rayında ümummilli lider Heydər Əliyevin anadan olması­nın 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert təşkil edilib. 

“Çex–Azərbaycan Birliyi” təşkilatının layihəsi əsasında, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Ko­mitəsinin dəstəyi ilə keçirilən tədbirdə Praqa Film Orkestri də yaxından iştirak edib. 400 nəfərlik konsert zalına Çexiya ic­timaiyyəti, Azərbaycan icmasının üzvləri, eləcə də bizə dost icma və təşkilatların nümayəndələri toplanıb. 

Birliyin sədri Eldar Vəliyev bildirib ki, bu il, eyni zamanda, Çexiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunur. Bu əlaqələrin yaranmasında isə Heydər Əliyev böyük rol oynayıb. Burada bu gün belə bir tədbirin ke­çirilməsi hər mənada ibrətamiz haldır. Yəni, yaxşı işlər unu­dulmur və indi iki yubileyi, eyni zamanda, qeyd edə bilirik. 

Sonra çıxış edən Praqa Film Orkestrin təmsilçisi Mixaela Ştrausova xalqımızın layiqli övladı Heydər Əliyevin müstəqil dövlətimizin güclənməsi və inkişafı naminə göstərdiyi misil­siz xidmətlərini auditoriyanın diqqətinə çatdırıb. 

Çıxışçıların ardınca Praqa Film Orkestri və Slovakiyadan dəvət olunmuş məşhur violençel ifaçısı Jan Pospişilin çex və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.

Qahirə

Azərbaycanın Misirdəki səfirliyinin təşkilatçılığı ilə bu ölkədə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilib. 

Yubiley tədbirləri Misirin Qalyubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq parkında başlayıb. Ulu öndərin heykəli önündə düzənlənən toplantıda Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Qal­yubiyyə vilayətinin qubernatoru Əbdülhəmid əl-Həccən, Mi­sir parlamentinin Nümayəndələr Palatasında Azərbaycanla dostluq qrupunun rəhbəri, parlamentin Dini məsələlər ko­mitəsinin sədri Əli Cuma, Misir Xarici işlər nazirinin müavini Səlahəddin Əbdül Sadiq, Misir Senatında Azərbaycan par­lamenti ilə dostluq qrupunun sədri Həni Sarı Əl-Din, həm­çinin Türkiyə, Qazaxıstan, Tacikistan, Ukraynanın Misirdəki səfirləri, “Vətənpərvər” - Misirdəki Azərbaycan Diaspor Təş­kilatları Birliyinin üzvləri, azərbaycanlı iş adamları, tələbələr, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Elxan Poluxov Ulu Öndər Heydər Əliyevin Misirlə əlaqələrin qurulmasında müstəsna xidmətlərini diqqətə çatdırıb, dostluq münasibətlərinin bu gün də uğurla davam etdiyini bildirib. O, ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin Misir və digər ərəb ölkələri ilə əlaqələrin inkişafına böyük diqqət yetirdiyini bildi­rib. E.Poluxov bu ilin yanvarında Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin ölkəmizə səfərini münasibətlərin möhkəmlənmə­sində mühüm addım adlandırıb.

Misir parlamentinin Nümayəndələr Palatasında Azərbay­canla dostluq qrupunun rəhbəri Əli Cuma Misir-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. O qeyd edib ki, Azərbaycanın müstəqilliyi dövründə 700-ə yaxın azərbaycanlı tələbə Misirdə böyük uğurlar qa­zanıb, onların əksəriyyəti yüksək ixtisaslı mütəxəssis və alim olub.

Onu da qeyd edək ki, Heydər Əliyevin 100 illik yubile­yi ilə əlaqədar Misirin nüfuzlu mətbuat orqanlarında geniş məqalələr dərc olunub.

Stokholm

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə İsve­çin paytaxtında ulu öndərin həyat yoluna həsr edilmiş filmin nümayişi olub.

Azərbaycanın İsveç Krallığındakı səfirliyi tərəfindən təşkil edilən tədbir Stokholmun mərkəzindəki Sergel kinoteatrında keçirilib. Tədbirdə Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün dünyanın bir çox ölkələrində həmvətənlərimiz tərəfindən dərin hörmət və ehti­ramla qeyd edildiyini bildirib.

“Bu böyük şəxsiyyət öz həyatını doğma xalqına həsr edərək Azərbaycanı daim inamla irəliyə aparmaqla onun tərəqqisinə nail olub. Heydər Əliyev həm sovet dönəmində, həm də müstəqillik illərində xalqımız üçün həlledici anlarda liderlik keyfiyyətləri və siyasi iradə nümayiş etdirərək ölkəmi­zi böyük bəlalardan qurtarıb”, - deyən səfir “Heydər Əliyev İli” çərçivəsində Skandinaviya ölkələrində silsilə tədbirlərin keçirilməsinin planlaşdırıldığını və bu tədbirin onlardan biri olduğunu nəzərə çatdırıb. O, həm də İsveçin məşhur fotoq­rafı və rejissoru Mikael Silkebergin yeni film üzərində işlədi­yini bildirib. Səfirin sözlərinə görə, yeni sənədli film ulu öndər Heydər Əliyevin məşhur norveçli etnoqraf Tur Heyerdalla gö­rüşlərindən və Skandinaviya ilə Azərbaycan arasında tarixi əlaqələrdən bəhs edəcək.

 

“Xalq qəzeti”







Sosial həyat