Xarici media ulu öndərin 100 illik yubileyindən yazır

post-img

Belarusun “BELTA” dövlət informasiya agentliyi ümummilli lider Heydər Əliyevin və görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyləri ilə əlaqədar məqalə yayıb. 

Məqalədə Heydər Əliyevin və Zərifə Əliyevanın keçdiyi həyat yolu barədə ətraflı məlumat verilib, ulu öndərin nadir şəxsiyyət, böyük siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu olduğu qeyd edilib. Belarus ilə Azərbaycan arasında münasibətlərin yaranmasında Heydər Əliyevin müstəsna xidmətləri vurğulanana məqalədə, həmçinin akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirildiyi bildirilib, onun oftalmologiya sahəsində xidmətlərinə geniş yer ayrılıb.

“O, hüquqi, sivil dövlət modeli yaratdı” 

Ekvadorun “El Vanguardista” və “PrensaEc” portallarında dərc olunan “Heydər Əliyev: Görkəmli şəxsiyyət - müdrik dövlət xadimi” sərlövhəli məqalədə 1969-cu ilin iyu­lunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə ölkədə həyatın ritminin dəyişdiyi və yeni bir dövrün başlandığı qeyd olunur. 

O vaxt keçmiş SSRİ-nin müxtəlif dövlət universitetlərinə ali təhsil almaq üçün göndərilən gənclərin bu gün res­publikanın ixtisaslı kadrlarının əsasını təşkil etdiyi vurğulanan yazıda milli hər­bi kadrların hazırlanmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılışı­nın xüsusi əhəmiyyəti önə çəkilir.

Məqalədə bildirilir ki, dövlət idarəçili­yində zəngin təcrübəyə malik böyük stra­teq Heydər Əliyev ölkəsinin ilk milli Kons­titusiyasını, Azərbaycan dövlətinin sivil, hüquqi modelini yaradıb.

“Müdrik siyasətçi və dövlət xadimi olan Heydər Əliyev yaxşı bilirdi ki, ya­şanan dərin sosial-iqtisadi böhrandan yeganə çıxış yolu neftdir. Buna görə də gərgin səylər bahasına “Amoko”, “BP”, “LUKoil”, “Statoil” və digər nəhəng şirkətlərlə “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın inkişafının, gələcək uğurlarının əsası qoyuldu”, - deyə yazıda vurğulanıb.

Yubiley məqaləsində qeyd olunub ki, sonradan “üç dəniz əfsanəsi” adlandı­rılan Bakı-Tbilisi-Ceyhan neft, ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ərsəyə gəlməsi, dövlətimizin başçısının 1996-cı və 1999-cu illərdə sahibkarlı­ğın inkişafı ilə bağlı imzaladığı sərəncamlar ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayıb.

“Məhəbbət, işıq, fərəhli dostluq”

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mə­dəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin nü­fuzlu mətbu nəşrlərindən sayı­lan “Ədəbiyyat qəzeti” Heydər Əliyevin 100 illik yubileyi müna­sibətilə bir nömrəsini tamamilə Azərbaycana həsr edib. Qəzetin xüsusi buraxılışı “Azərbaycan və Özbəkistan xalqlarının dostluğu əbədidir!” manşeti ilə çıxıb.

Nəfis tərtibatda hazırlanmış xüsusi buraxılışın 2-3-cü səhifələ­rində “Məhəbbət, işıq, fərəhli dostluq” sərlövhəli məqalədə Özbəkistan-Azərbaycan ədəbi, mədəni, siyasi əlaqələrindən söz açılıb. Geniş məqalədə Azər­baycan-Özbəkistan dostluğunun Nizami Gəncəvi və Əlişir Nə­vai yaradıcılığından başlayaraq Heydər Əliyevlə Şərəf Rəşidov arasında davam etdirilərək günümüzdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev ara­sında daha da möhkəmləndiyi bildirilir. 6-cı səhifədə “Şərəf Rəşidovun dos­tu, Azərbaycan xalqının ulu öndəri” adlı məqalədə ümummilli lider Heydər Əliyevə və Azərbaycana həsr edilmiş ədəbi əsərlərdən söz açılıb. “Heydər Əliyevin ucaltdığı şair” sərlövhəli məqalə isə Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkdən bəhs edir. Məqalədə Heydər Əliyevin bu böyük şairin həyatında oynadığı önəmli roldan danışılır. Qeyd olunur ki, Heydər Əliyev vətənpərvərlik, millətçilik, türkçülük ideyalarının carçısı olan şairi müdhiş sovet repressiyasın­dan qoruyaraq müstəqil Azərbaycanın istiqlal şairinə çevirib. 

 

“Xalq qəzeti”





Sosial həyat