“Missiyamız Azərbaycan–Türkiyə münasibətlərinə böyük töhfələr verməkdir”

post-img

“SOCAR–Türkiyə” şirkətinin baş direktoru vəzifəsini icra edən Elçin İbadovla, “SOCAR-Türkiyə”nin emal və neft-kimya bölməsinin rəhbəri, “Petkim Petrokimya Holding”in baş direktoru Anar Məmmədov Türkiyənin İzmir şəhərinə ezam edilmiş bir qrup Azərbaycan jurnalistləri üçün mayın 12-də geniş mətbuat konfransı keçirmişlər. “SOCAR-Türkiyə”nin İzmir şəhərinin Əliağa bölgəsindəki ofisində keçirilən tədbirdə iştirak edən “Xalq qəzeti”nin müxbiri bildirir ki, şirkət rəsmilərinin mətbuat konfransı bir neçə maraqlı açıqlamalarla yadda qalmışdır.

Qardaş ölkədə fəaliyyət göstərən şirkətin baş direktoru vəzifələrini icra edən Elçin İbadov qeyd etdi ki, SOCAR-ın Türkiyədə investisiya yatı­rımlarının həcmi 18 milyard dollar sə­viyyəsindədir və bu vəsaitin 10 milyard dolları İzmirin Əliağa bölgəsinin payına düşür. Yeri gəlmişkən, bu qardaş ölkə­nin tarixində Türkiyə iqtisadiyyatına yatırılan ən böyük xarici investisiyadır. 

Baş direktor əvəzi Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) fəaliy­yətinə də toxundu və xüsusi vurğuladı ki, TANAP fəaliyyətə başladığı 2018-ci il iyunun 30-dan bugünədək Azərbay­candan ümumilikdə 45 milyard kub­metrə yaxın təbii qaz tədarük edilib. Bunun 23,3 milyard kubmetri Avropa­ya, 21,5 milyard kubmetri isə Türkiyəyə nəql edilib. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqa­rıstandakı istehlakçılara tədarükü isə 2020-ci il dekabrın 31-dən başlayıb.

E.İbadov bildirdi ki, Türkiyəyə əsasən, Azərbaycanın “Şahdəniz” ya­tağından hasil edilən təbii qaz nəql olunur. Xatırladaq ki, hazırda Azər­baycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qa­biliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

“SOCAR–Türkiyə” rəsmisi, həm­çinin qeyd etdi ki, Türkiyə tərəfindən qaz təsərrüfatının inkişaf etdirilmə­si istiqamətində məqsədyönlü işlər Trans-Anadolu kəməri (TANAP) üçün genişləndirmə imkanları yaradacaq. Belə ki, Türkiyədə qaz resurslarının axtarışı, mayeləşdirilmiş təbii qaz stan­siyalarının tikintisi və qaz xətlərinin qurulması istiqamətində məqsədyönlü iş artıq 7 ildir davam etdirilir. Biz Tür­kiyənin bu istiqamətdəki potensialına inanırıq. Bu bizə imkan verəcək ki, TA­NAP-dan daha səmərəli istifadə edək.

Elçin İbadov onu da vurğuladı ki, hazırda TANAP xəttinin genişləndiril­məsi ilə bağlı müvafiq işlər aparılır.

Mətbuat konfransında “SOCAR–Türkiyə” emal və neft-kimya bölmə­sinin rəhbəri və “Petkim Petrokimya Holding”in baş direktoru Anar Məm­mədovun açıqlaması da Azərbaycan jurnalistlərinin böyük marağına səbəb oldu. O ilik olaraq bəyan etdi ki, bu il SOCAR-ın Türkiyədəki STAR Neft Emalı Zavodunda 12 milyon ton neft emalı planlaşdırılır.

Anar Məmmədov bildirdi ki, zavo­dun emal gücünün 10 milyon ton ol­masına baxmayaraq, ötən il müəssisə 11,3 milyon ton neft emal edib. Bu isə zavodda həyata keçirilən əlavə tədbir­lər nəticəsində mümkün olub.

Anar Məmmədovun diqqətçəkən açıqlamalarından biri də 19 okt­yabr 2018-ci ildə fəaliyyətə başlayan SOCAR-ın Türkiyədəki STAR Neft Emalı Zavodunun gələn il fəaliyyətinin müvəqqəti dayandırılacağı ilə bağlı oldu. O qeyd etdi ki, 2019-cu ilin sent­yabr ayından etibarən tam gücü ilə işləməyə başlayan zavodun planlaşdı­rılmış dayandırılması bir neçə məqsəd daşıyır. “Əvvəla, neft emalı zavodu is­tifadəyə veriləndən sonra birinci dəfə dayandırılacaq və bu da ilk növbədə planlaşdırılmış profilaktik işlərin apa­rılması məqsədi daşıyır. Digər məqsəd zavoddakı planlı təmir işlərinin aparıl­ması qrafikində tezliliyin uzadılmasını təmin etməkdir. Zavodda aparılacaq əlavə tədbirlər nəticəsində zavodun dayandırılma tezliyi dörd ildən beş ilə­dək uzadılacaq”. 

“SOCAR-Türkiyə”nin emal və neft-kimya bölməsinin rəhbəri, “Petkim Petrokimya Holding”in baş direktoru onu da əlavə etdi ki, əlbəttə, müəssisə­nin təqribən iki aylıq – 45-60 günlük planlı profilaktik işlərinin aparılması üçün dayandırılması şirkət üçün itkilər deməkdir. Zavodun planlı təmirlərə da­yandırılması tezliyinin uzadılması isə maliyyə baxımından müsbət nəticələrə hesablanıb. Belə ki, bu, 40 milyon ABŞ dolları civarında qənaət deməkdir”. 

Baş direktor onu da əlavə etdi ki, “Star” zavodunun 2022-ci ildə illik xam neft emal gücü 10 milyon tondan 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “AzeriLight” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarımız dizel yanacağı, təyyarə yanacağı, nafta təşkil edir. Məlumat verildi ki, “SOCAR–Türkiyə” qardaş ölkənin neft məhsullarına olan ehtiyacının 25 faizini təmin edir.

Anar Məmmədov, həmçinin bil­dirdi ki, Azərbaycana məxsus şirkət Türkiyənin neft-kimya məhsulları üzrə bazarının 12 faizini əhatə edir. SOCAR -ın Türkiyədə investisiya yatırımlarının həcmi 18 milyard dollar səviyyəsin­dədir və bu vəsaitin 10 milyard dolları İzmirin Əliağa bölgəsinin payına düşür. Baş direktorun açıqlamalarına görə, istehsalın həcmi artsa da, neft-kimya kompleksinin və SOCAR-ın neft ema­lı zavodunun payı azalır: “Bu, Türkiyə sənayesinin sürətlə inkişaf etməsi ilə bağlıdır”.

Mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən SOCAR-ın Türkiyədəki törəməsi olan “SOCAR–Türkiyə” şirkətinin alternativ enerji mənbələri hesabına elektrik enerjisi is­tehsalını artırmaq niyyətində olduğu da açıqlandı. “SOCAR Türkiyə” şirkətinin baş direktoru vəzifəsini icra edən Elçin İbadov bildirdi ki, hazırda “SOCAR–Türkiyə”nin ümumi gücü 51 meqavatt olan 17 külək elektrik enerji turbini mövcuddur: “Gələcəkdə biz bu külək enerjisi turbinlərinin sayını və külək enerjisi istehsalının gücünü artırmaq niyyətindəyik. Artıq bununla bağlı mü­vafiq qurumlara rəsmi olaraq müraciət etmişik”.

E.İbadov bununla bərabər, şirkətin günəş enejisindən istifadəyə də xü­susi diqqət ayıracağını bildirdi: “Artıq “SOCAR–Türkiyə”nin köməkçi qurum və müəssisələrində günəş enerjisi pa­nelləri quraşdırılır. Bu panellər müəy­yən qədər enerjiyə olan tələbatı ödəyir. Ancaq bu həcmlər hələlik o qədər də böyük deyil”.

“SOCAR–Türkiyə” emal və neft-kimya bölməsinin rəhbəri və “Pet­kim Petrokimya Holding”in baş direk­toru Anar Məmmədov jurnalsitlərin suallarını cavablandırarkən şirkətin BP ilə birgə həyata keçirməli olduğu yeni neft-kimya layihəsi olan “Mercury” barədə də açıqlama verdi. Bildirdi ki, hazırda “Mercury” layihəsi tamamilə dayandırılıb, lakin bazar şərtlərindən asılı olaraq, başqa bir şirkətlə davam etdirilə bilər. Layihənin dayandırılması səbəbinə gəldikdə isə bunun iki səbəbi var: “İlk səbəbi BP şirkətinin ümumilik­də bütün dünyada neft-kimya istehsa­lına yatırımların dayandırması ilə bağlı qərar verməsi olub. İkinci səbəbi isə neft-kimya istehsalı sahəsində bazar şərtlərinin dəyişməsidir. 5 il əvvəl olan bazar şərtləri artıq bugünün tələbləri ilə uyğun gəlmir. Amma bu, o demək deyil ki, bu layihə bizim gündəmdən çıxıb. Bu layihə yenə də bizim üçün gündəm­dir. Bazar şərtləri uyğun olarsa, biz bu layihəni başqa bir şirkətlə davam et­dirəcəyik”.

Mətbuat konfransının sonunda SOCAR rəsmisi Elçin İbadov bəyan etdi ki, bu gün neft-kimya SOCAR-ın əsas strategiyasında önəmli yer tutur: “Neft-kimyanı və neft-kimya məhsulla­rını əvəz edəcək məhsul hələ ki yox­dur. Bu səbəbdən də bu layihə hər zaman bizim üçün gündəmdə olacaq. Məqsədimiz Azərbaycanla Türkiyə arasındakı münasibətlərə “SOCAR Türkiyə”nin böyük töhfələr verməsidir. Güman edirəm, hələ ki, bu missiyanı uğurla yerinə yetiririk”, – deyə, Elçin İbadov tədbirə yekun vurdu. 

 

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”

Türkiyə, İzmir şəhəri





İqtisadiyyat