Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 1591 işsiz şəxs cəlb edilib. Beləliklə, layihəyə cəlb olunanların sayı 8114-ə çatıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda bildirilib.
Qeyd olunub ki, ümumilikdə, 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi məqsədi daşıyan layihənin iştirakçıları üçün əvvəlcə təlimlər təşkil olunur. Təlimlərin sonunda keçirilən qiymətləndirmədə biznes planlarını müdafiə edən şəxslər istehsal və xidmət sahələri üzrə təsərrüfatlarını yaratmaları üçün avadanlıqla təmin olunurlar.
Layihənin məqsədi işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və s.) özünüməşğulluq üzrə kiçik bizneslərinin yaradılmasıdır.
Məlumatda, həmçinin deyilir ki, “Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində bölgələrdə ictimai dinləmələrin təşkil edilməsi prosesi davam edir. Növbəti ictimai dinləmə Oğuz rayonunda keçiriləcək. Oğuz şəhərindəki Emin Abdullayev adına 2 saylı tam orta məktəbdə təşkil olunacaq tədbirdə iştirakçılara layihənin hədəf və məqsədləri, əhatə dairəsi, icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər barədə məlumat veriləcək.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında 106 min 330 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 18 min 334 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən boş yerlər üzrə işlə təmin edilib.
Həmin dövrdə 1624 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilir.
Yanvar-aprel aylarında 3 min 295 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 83 min 77 şəxsə isə peşəyönümü xidmətləri göstərilib.
Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”