ÜST ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinə yardım edir

post-img

Şamaxı rayonunda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi tərəfindən ilkin səhiyyə xidmətləri ilə bağlı görülmüş işlərlə tanışlıq və bu sahədə təşkilatın ölkənin səhiyyə qurumları ilə gələcək əməkdaşlığına dair müzakirələrin aparılması məqsədilə Şamaxı rayonuna səfər təşkil edilib. Səfərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı iştirak ediblər.

Səfər zamanı ÜST-nin Şamaxı Təlim Mərkəzi, Şamaxı Ailə Sağlamlıq Mərkə­zi (ASM) və Quşçu kəndində yerləşən ASM-də görüşlər keçirilib. Həmçinin ÜST-nin layihəsi çərçivəsində rayona gə­tirilmiş mobil klinikaların fəaliyyəti ilə ta­nışlıq olub. Görüşlərdə ÜST-nin ekspert­ləri və yerli səhiyyə işçiləri rayondakı ilkin səhiyyə xidməti sahəsindəki təcrübələrini paylaşıb və bu sahənin gələcək inkişafı­na dair fikir mübadiləsi aparıblar. 

Səfərin yekununda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məm­mədovun iştirakı ilə ölkənin səhiyyə qurumları və ÜST arasında Şamaxı və digər bölgələrdə ilkin səhiyyə xidmətlə­rinin gücləndirilməsi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edi­lib.

Qeyd edək ki, ÜST Şamaxı rayonun­da “İlkin Səhiyyə Xidmətləri üzrə Nüma­yiş” layihəsi, həmçinin Azərbaycan Tibb Universitetinin 6-cı kurs tələbələrinin iş­tirakı ilə Şamaxı Təqaüd Proqramı və di­gər tədbirlər həyata keçirib. Bu layihənin, eləcə də tədbirlərin məqsədi Şamaxıda əlçatan, keyfiyyətli və hərtərəfli ilkin sə­hiyyə xidməti modeli işləyib hazırlamaq, tibb işçilərinin bilik-bacarıqlarını artırmaq, həmçinin ilkin səhiyyə xidmətləri üzrə kadr potensialını gücləndirməkdir. 

ÜST-nin ölkə ofisi son illər Azərbay­canda səhiyyə sisteminin gücləndirilməsi və universal tibbi təminata nail olunması məqsədi ilə həyata keçirilən islahatları dəstəkləmək üçün yerli səhiyyə tərəfdaş­ları ilə sıx əməkdaşlıq edir. Bu baxımdan ilkin səhiyyə xidmətlərinin gücləndirilmə­sinə dəstək ÜST-nin Azərbaycandakı ən önəmli prioritetlərindən biridir.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”



Sosial həyat