1 dəqiqə 17 saniyəlik çıxışın ABŞ əks-sədası...

post-img

ABŞ liderinin xronometrajı qısa, siyasi çəkisi böyük paylaşımına sözardı

Yaddaşımız bizi aldatmırsa, ən azı, son 15-20 il ərzində dünyanın “super gücü” sayılan Birləşmiş Ştatlar prezidentinin hansısa ölkənin rəhbərinin çıxışından bir parçanı özünün sosial şəbəkədəki profilində paylaşması müşahidə olunmayıb. Baş vermiş hadisə bu qəbildən olan ilk presedent sayıla bilər.

Söhbət ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda lll Şuşa Qlobal Media Forumundakı çıxışından etdiyi paylaşımdan edib (@realDonaldTrump).

D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Forumundakı çıxışından konkret bir hissəni götürüb olduğu kimi paylaşmasının səbəbi və motivləri maraqlı assosiasiyalar yaradır. Bunu bir ölkə liderinin başqa qitədəki, yəni uzaqdakı həmkarının onun haqqında açıqlamasını bəyənməsindən doğan rəğbət hissi kimi də yozmaq olar, çıxışda ortaya qoyulan siyasi mövqeyini dəstəkləmə jestinin nümayişi də saymaq olar. Qeyd edək ki, ABŞ lideri Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin onunla bağlı fikirlərini sosial platformasında bölüşdüyü videonun xronometrajı 1 dəqiqə 17 saniyədir. Bu qısa video-süjetdə forum iştirakçısı olan xarici media qurumlarından birinin nümayəndəsi ABŞ Prezidenti Donald Trampın 2016-cı il seçkilərində qələbəsini düzgün proqnozlaşdırması ilə bağlı sualını Prezident İlham Əliyevin ingilis dilində cavablandırması yer alıb. Dövlətimizin başçısı deyir: “Kiçik bir dəqiqləşdirmə etmək istərdim. Mən ABŞ Prezidenti Donald Trampın qələbəsini proqnozlaşdırmırdım. Demişdim ki, bu, Azərbaycan xalqı üçün daha məqbul olardı. Çünki Azərbaycan xalqı kimi o da fundamental prinsiplərə, ailə prinsiplərinə, bəşəri dəyərlərinə sadiq adamdır”.

Daha sonra dövlətimizin başçısı qeyd edir ki, Tramp müharibə başlatmayan, əksinə, onu sona çatdırmağı bacaran yeganə ABŞ Prezidentidir: “Onun hakimiyyətdə olduğu qısa müddətdə görünür ki, bu insan müharibələri bitirir".

İlham Əliyev suala cavabında onu da vurğulayır ki, Azərbaycan ABŞ-a Cənubi Qafqazdakı proseslərə yaxından diqqət yetirdiyi üçün minnətdardır: “Biz ona şəxsən Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək istəyinə görə çox minnətdarıq. Baxmayaraq ki, o, beynəlxalq təhlükəsizliyin daha qlobal məsələləri ilə məşğuldur. Cənubi Qafqazdakı vəziyyəti də diqqət mərkəzində saxlayır. Biz Azərbaycanda, əlbəttə ki, onun bir çox səbəblərdən seçkilərdə qalib gəlməsinə şadıq və təbii ki, ona işini sona çatdırmağı arzulayırıq”.

Aydın məsələdir ki, Azərbaycan liderinin bu açıqlaması Ağ Ev sahibinin xoşuna gəldiyindən paylaşımın yanında özünün məmnun və təqdiredici pozada fotoşəklini də yerləşdirib. Yəni, ABŞ Prezidentinin əlavə şərhə ehtiyac duymadığı (no komment), ərkyana və dostyana paylaşdığı qısametrajlı audio-video epizodun izləyicilərdə hansı assosiasiyanı doğurduğunu güman etmək o qədər də çətin deyil.

Əlbəttə ki, “supergücün” liderinin belə əlahiddə diplomatik jestinə dövlətimizin başçısınin adekvat reaksiya bildirməsi gözlənilən idi. İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliklə bağlı fikirlərini sosial media platformasında paylaşdığına görə minnətdarlığını bildirib. Özünün “X” sosial şəbəkəsində bununla bağlı etdiyi paylaşımında yazır: “Prezident Donald Trampa Şuşa Qlobal Media Forumunda çatdırdığım ABŞ–Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliklə bağlı fikirlərimi sosial media platformasında paylaşdığına görə minnətdarlığımı bildirmək istəyirəm. Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən bizim regionda sülh və sabitliyin təşviq edilməsi üzrə baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ümumi dəyərləri bölüşürük və onun Prezidentliyi dövründə ABŞ–Azərbaycan münasibətlərinin yeni səviyyəyə çatacağına ümidvarıq. Ona bu məqsədə doğru bütün səylərində uğurlar arzulayırıq”.

Əvvəldə vurğuladığımız məqamın altından bir daha xətt çəkmək istəyirik ki, bu, beynəlxalq təcrübədə görünməmiş presedent olmaqla yanaşı, həm də müasir texnologiyanın konkret fakta siyasi münasibətin bunca operativ bildirməyin nümunəsidir. Əsas odur ki, bu imkan xeyirxah missiyaya xidmət edir.

Sonda onu da qeyd etməyi vacib sayırıq ki, III Şuşa Qlobal Media Forumu təkcə Azərbaycan mediası üçün deyil, siyasi diplomatiyamız üçün də ciddi hadisə kimi tarixə düşdü. Azərbaycan Prezidentinin dünayaya mesajlarını Xankəndidən göndərdiyi Şuşa Forumu, sanki, həm yerli, həm də qlobal media nümayəndələri qarşısında bir növ siyasi-iqtisadi hesabatı idi. Keçilən yola baxış, əldə edilən uğurların nümayişi və perspektivə ünvanlanan nəhəng plan və layihələr bu hesabatın əsas atributları idi. ABŞ və Azərbaycan prezidentlərinin məmnunluqdolu təqdiredici qarşılıqlı onlayn paylaşımları isə Vaşinqtondan və Bakıdan bütün dünyaya ünvanlanan ən möhtəşəm ismarıclar kimi III Şuşa Qlobal Media Forumuna qızıldan vurulan “surğuc möhürü” oldu.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– Donald Trampın hələ birinci prezidentliyi dövründə, baxmayaraq ki, onu hər tərəfdən buna sövq edirdilər, amma o, heç vaxt ermənipərəst mövqedən çıxış etməmişdi. 44 günlük Vətən müharibəsinin gedişində də rəsmi Vaşinqton tərəfindən Azərbaycana hansısa təzyiq edilməmişdi. Sadəcə olaraq, Ağ Ev tərəflərə müharibənin dayandırılması, eləcə də xarici işlər nazirlərinin Vaşinqtonda görüşünün təşkili ilə bağlı Dövlət Departamentinə tapşırıq vermişdi. Amma Tramp bu hərbi qarşıdurmada obyektivliyini və tərəfsizliyini qoruyub saxlamağı bacardı. O, ikinci dəfə prezidentliyə namizədliyini irəli sürəndə liberal dairə adlandırılan qüvvələr demokrat Kamala Harrisin qələbəsindən dəm vururdular. Amma Azərbaycan Prezidenti birmənalı şəkildə Trampı dəstəklədi, onun qələbəsini gözlədiyini bildirdi. Nəticə İlham Əliyevin dediyi kimi oldu.

Bu gün Tramp administrasiyası Bayden administrasiyasından fərqli olaraq Ermənistan–Azərbaycan danışıqlarına müdaxilə etmir. Əksinə, ABŞ Konqresində Azərbaycana qarşı təzyiq, sanksiya çağırışları edənləri susdurdu, Ağ Evin danışıqları dəstəklədiyini, sülhün əldə olunmasına töhfə verməyə hazır olduğunu bəyan etdi. Hamını yersiz müdaxilələrdən çəkinməyə səslədi. Yadımızdadır ki, Baydenin rəhbərliyi dönəmində Konqresdə az qala hər üç aydan bir Azərbaycanla bağlı hansısa dinləmələr keçirilir, ölkəmizə qarşı bəyanatlar verilirdi. İndi susub oturublar yerlərində. Bu, Trampın məsələyə yanaşmasının birbaşa nəticəsidir. Azərbaycan Prezidenti bunu yüksək qiymətləndirir. Vaşinqtonun danışıqlara kənardan dəstək verməsi Azərbaycan üçün də, Ermənistan üçün də məqbul sayılır. Məhz Ağ Evin sağlam və obyektiv mövqeyi nəticəsində ikitərəfli danışıqlara nə Qərbdən, nə Şimaldan, nə də Cənubdan müdaxilə cəhdləri edilir. Bu o deməkdir ki, Donald Tram üçün Azərbaycan rəhbərinin mövqeyi kifayət qədər əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu müsbət impuls Azərbaycanın ABŞ-la qarşılqılı səmimiyyətə və işgüzar maraqlara söykənən əlaqələrini yalnız irəli aparacaq.

İmran BƏDİRXANLI
XQ



Siyasət