Zəngəzur dəhlizi: yeni dövrdə dayanıqlı iqtisadi inteqrasiya və regional sinerji üçün tarixi imkanlar

post-img

Azərbaycanın təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi Cənubi Qafqazın gələcək inkişafı üçün strateji əhəmiyyət kəsb edən mühüm layihədir. O, regionda iqtisadi inteqrasiyanın, ticarət əlaqələrinin və geosiyasi sabitliyin gücləndirilməsini hədəfləyir. Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda qeyd etdiyi kimi, “Zəngəzur dəhlizi artıq region üçün yeni bir nəqliyyat xətti olmaqdan çox, böyük bir geoiqtisadi və geosiyasi layihəyə çevrilir.” 

Bu dəhliz Azərbaycanın logistik mərkəz kimi mövqeyini möhkəmləndirir, Orta Dəhlizin əsas halqasına çevrilir və Şərq−Qərb ticarət axınında mühüm rola malik olur. Layihə, eyni zamanda, Azərbaycan−Türkiyə−Mərkəzi Asiya iqtisadi əlaqələrini fiziki mühstəvidə birləşdirir.

Nəticə etibarilə, Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi düşüncəsinin iqtisadi strategiyaya çevrilmiş bir manifesti kimi çıxış edir və regionda ortaq rifaha, davamlı sabitliyə və dərin iqtisadi inteqrasiyaya əsaslanan yeni dövrün başlanğıc nöqtəsinə çevrilməkdədir. 

1. Qlobal çağırışlar və geoiqtisadi dəyişikliklər

Yeni geoiqtisadi çağırışlar

Ötən beş ildə baş verən qlobal hadisələr həm ticarət, həm də iqtisadi sistemləri əsaslı şəkildə dəyişdirərək yeni geoiqtisadi reallıqların yaranmasına səbəb olub. Post-pandemiya dövrü geosiyasi gərginliklərin artması, enerji və ərzaq təhlükəsizliyi məsələləri və “yaşıl keçid” çağırışları ölkələri iqtisadi prioritetlərini yenidən nəzərdən keçirməyə vadar etmişdir. Bu dəyişikliklər bir neçə vacib qlobal tendensiya ilə müşayiət olunur:

a)    Qlobal təchizat zəncirlərində pozulmalar: qlobal pandemiya, regional münaqişələr və geosiyasi gərginliklər nəticəsində qlobal təchizat zəncirlərində ciddi pozuntular müşahidə edilmişdir. Xüsusilə Asiya–Avropa marşrutu üzrə konteyner daşımalarının orta müddəti uzanmış, bu isə dünya ticarətinin effektivliyinə mənfi təsir göstərmiş, istehsal zəncirində fasilələr yaranmış və qlobal inflyasiya təzyiqləri güclənmişdir. 

b)    Enerji qiymətlərinin volatilliyi: dünya enerji bazarında qiymət dalğalanmaları baş vermişdir. Pandemiya dövründə neftin qiyməti 20–25 ABŞ dollarına qədər düşmüş, 2022-ci ildən isə geosiyasi böhranlarla əlaqədar artmışdır. Bu, enerji idxal edən ölkələrdə inflyasiyanın artmasına və iqtisadi qeyri-sabitliyə səbəb olmuşdur.

c)    Rəqəmsal iqtisadiyyat və logistik transformasiya: son illər rəqəmsal iqtisadiyyatın sürətli inkişafı nəqliyyat və logistika sahələrində ciddi dəyişikliyə səbəb olmuşdur. Elektron ticarət, blockchain və süni intellekt kimi texnologiyaların tətbiqi, logistika və ticarət sistemlərini daha çevik və effektiv idarə etməyə imkan yaratmışdır.

Nəqliyyat dəhlizlərinin yeni qlobal iqtisadiyyatda rolu

Son qlobal dəyişikliklər nəqliyyat dəhlizlərinin əhəmiyyətini artıraraq onu logistika infrastrukturundan daha geniş iqtisadi alətə çevirmişdir. Bu dəyişiklər həm ticarət, həm də geosiyasi əlaqələrdə dəyişən tələblərə cavab olaraq ölkələrin və regionların qarşılıqlı asılılığını artırmışdır. Nəqliyyat dəhlizləri artıq iqtisadi davamlılıq, regional sabitlik, geosiyasi güc və strateji əməkdaşlıq formalarına çevrilmişdir.

Məsələn, Orta dəhliz üzərində yük daşımalarının müddəti ənənəvi dəniz yolu ilə müqayisədə iki dəfə qısa olur. Bu, Asiya ilə Avropa arasında ticarət edən ölkələr üçün əhəmiyyətli üstünlük deməkdir. Əlavə olaraq, Şimal–Cənub dəhlizi ticarət vaxtını 30%-dən çox qısaldır, bu da yalnız daşımaların sürətini artırmır, həm də ticarət xərclərini azaltmağa və iqtisadi fəaliyyətin səmərəli olmasına imkan yaradır. Bu dəyişikliklər qlobal ticarətin çevikliyini də artırır və xarici bazarlara daha sürətli inteqrasiyanı təmin edir.

2. Zəngəzur dəhlizi: Azərbaycanın iqtisadi inkişafında yeni istiqamət

Heydər Əliyevin “iqtisadi körpü” strategiyası və onun mirası

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanı qlobal enerji xəritəsində mühüm oyunçuya çevirməklə yanaşı, nəqliyyat xəritəsinin yenilənməsini də hədəf götürmüşdü. O deyirdi: “Biz elə etməliyik ki, Azərbaycan regionda iqtisadi və siyasi baxımdan etibarlı körpü rolunu oynasın.” Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi infrastruktur layihələri, dəmir yolu və avtomobil magistralları Azərbaycanın beynəlxalq tranzit sistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirdi. Bu yanaşma məşhur iqtisadçı Albert Hirşmanın “Əlaqələndirmə təsiri” nəzəriyyəsi ilə uzlaşır: iri infrastruktur layihələri yalnız bir sektorla məhdudlaşmır, onlar iqtisadiyyatda zəncirvari təsir yaradır: yeni bazarlar, xidmət sahələri və investisiya imkanları meydana çıxır.

Yeni qlobal dəyişikliyə Azərbaycanın cavabı

Qlobal çağırışlara Azərbaycan tərəfindən verilən strateji cavab Zəngəzur dəhlizi layihəsidir. Bu layihə, ölkənin geoiqtisadi baxışını təcəssüm etdirir və onun regional və qlobal iqtisadiyyatda vacib bir mərkəzə çevrilməsini təmin edir. Zəngəzur dəhlizi ölkəni Türkiyə və Avropa bazarlarına birbaşa çıxışı olan, həmçinin Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirən, Çindən Avropaya uzanan Orta dəhlizin əsas halqasına çevirir. Bununla da, Azərbaycan öz iqtisadi şaxələndirmə siyasətini həyata keçirir və regional əməkdaşlıq təşəbbüslərinin müsbət nəticələrini təmin edir.

Zəngəzur dəhlizinin iqtisadi rolu

Zəngəzur dəhlizi Azərbaycanın coğrafi mövqeyindən istifadə edərək qlobal logistik şəbəkəyə inteqrasiyasını sürətləndirir. Bu layihə ölkəmizin tranzit potensialını daha da artırmaqla qlobal ticarət sisteminə çevik, təhlükəsiz və səmərəli marşrutlar təqdim edir. Asiya ilə Avropa arasındakı ticarət əlaqələrini asanlaşdıran bu yeni nəqliyyat dəhlizi eyni zamanda regionda iqtisadi əlaqələri sürətlə inkişaf etdirir. Bununla da o, ölkənin müxtəlif iqtisadi zonalar arasında əlaqəliliyini gücləndirməyə imkan yaradır.

Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti yalnız ticarət və nəqliyyat marşrutlarının sürətini artırmaqla bitmir. Bu layihə, həmçinin Azərbaycanın daxili iqtisadi məkan birliyinin gücləndirilməsini təmin edir, xüsusilə də Naxçıvanın blokadadan çıxarılması məsələsini mühüm bir strateji addım kimi həll edir. Nəticədə, Zəngəzur dəhlizi həm də ölkənin iqtisadi məkan zəncirini möhkəmləndirir.

Eyni zamanda, Zəngəzur dəhlizinin bu təsiri təkcə Azərbaycanın daxili inkişafına yönəlmiş deyil. Bu layihə regionda iqtisadi sabitliyi artırır və yeni ticarət marşrutları vasitəsilə Azərbaycanın qlobal bazarlara daha sürətli və daha effektiv inteqrasiyasını təmin edir. Beləliklə, Azərbaycanın liderliyi altında həyata keçirilən bu layihə Azərbaycanın qlobal iqtisadiyyatda mövqeyini daha da gücləndirən və onu vacib bir oyunçuya çevirən mühüm bir strateji layihədir.

3. Zəngəzur dəhlizi: geoiqtisadi liderliyə aparan yol

Zəngəzur dəhlizi və regional iqtisadi güc

Zəngəzur dəhlizi Cənubi Qafqazın iqtisadi və nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu layihə Azərbaycanın geoiqtisadi çəkisini və regionda təsir imkanlarını əhəmiyyətli dərəcədə artırır. Əvvəllər qapalı və iqtisadi təcrid vəziyyətində olan bəzi ərazilərin beynəlxalq bazarlara çıxışı təmin olunmaqla, regional iqtisadi dinamizm canlanır. Bununla Azərbaycan Şərq−Qərb və Şimal−Cənub marşrutlarının kəsişdiyi mühüm logistik mərkəzə çevrilir.

Dəhliz təkcə nəqliyyat deyil, həm də iqtisadi siyasətlərə təsir edən geoiqtisadi alətdir. Azərbaycanın bu təşəbbüsü “yumşaq güc” (könüllü iştirak) konsepsiyasına uyğun olaraq, iqtisadi bağlılıq və əməkdaşlıq üzərində qurulmuş təsir nümunəsidir.

Zəngəzur dəhlizinin Avrasiya ticarət sisteminə təsiri

Zəngəzur dəhlizi Avrasiya qitəsində alternativ ticarət və enerji yollarının qurulmasına ciddi təkan verir. Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropanı birləşdirən bu marşrut Çindən Avropaya daşınan yüklərin tranzit marşrutlarının şaxələndirilməsində mühüm rol oynayacaqdır. Bu, təchizat zəncirində dayanıqlığın və təhlükəsizliyin artırılması baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycanın logistika texnologiyalarına, rəqəmsallaşmaya və gömrük prosedurlarının sadələşdirilməsinə yönəlmiş addımları ölkəni etibarlı və proqnozlaşdırıla bilən logistik tərəfdaşa çevirir. Dəhliz vasitəsilə təşviq olunacaq rəqəmsal ticarət platformaları, intermodal daşımalar və gömrük inteqrasiyası isə regionda genişmiqyaslı ticarət infrastrukturunun əsasını qoyur.

4. İqtisadi sülh: Zəngəzur dəhlizinin yeni imkanları

Zəngəzur dəhlizi yalnız bir infrastruktur layihəsi deyil, regionda iqtisadi sülh modelinin tətbiqinin praktik təzahürüdür. İqtisadi sülh ölkələr arasında qarşılıqlı iqtisadi asılılığın və əməkdaşlığın qurulması ilə uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş bir yanaşmadır. Bu modeldə əsas məqsəd ticarət və iqtisadi əlaqələrin inkişafı vasitəsilə regionlar arasında geosiyasi gərginliklərin azalmasına nail olmaqdan ibarətdır. Zəngəzur dəhlizi bu yanaşmanı Cənubi Qafqazda tətbiq edərək ölkələr arasında qarşılıqlı iqtisadi maraqların və resursların ortaq istifadəsinin təmin edilməsi ilə regional etimad mühitini möhkəmləndirir.

İqtisadi inteqrasiya və uzunmüddətli sabitlik

Tarix göstərir ki, iqtisadi inteqrasiya və qarşılıqlı maraqlar uzunmüddətli sabitliyin əsas təminatçısıdır. Avropa İttifaqının yaradılması iqtisadi sülhün uğurlu nümunəsidir. Avropa ölkələri arasında qarşılıqlı iqtisadi asılılıq və əməkdaşlıq onların arasında siyasi gərginliklərin qarşısını alaraq regionda sülhün qorunmasına imkan vermişdir. Zəngəzur dəhlizi də bu cür bir modelin Cənubi Qafqazda tətbiqinə bir addım yaxınlaşdırır. Bu layihə nəqliyyat və ticarət əlaqələrini sürətləndirərək ölkələr arasında qarşılıqlı etimad və əməkdaşlıq əlaqələrini gücləndirir.

Cənubi Qafqazda belə bir iqtisadi inteqrasiya regionun siyasi və iqtisadi sabitliyini təmin etməklə yanaşı, istənilən gərginliyi aradan qaldırmağa da imkan verəcək. Zəngəzur dəhlizi iqtisadi sülhün əsas prinsipinə uyğun olaraq ticarət və resurs mübadiləsi ilə ölkələri bir-birinə daha sıx bağlayır və qarşılıqlı asılılıq yaradır.

Ortaq iqtisadi maraqlar: yeni iqtisadi düzənin yaradılması

Zəngəzur dəhlizinin əsas xüsusiyyətlərindən biri qarşılıqlı iqtisadi maraqların toqquşmadığı, əksinə, birləşdiyi yeni bir regional düzənin qurulmasıdır. Bu yeni düzən ölkələr arasında iqtisadi bağlılığın və qarşılıqlı faydanın güclənməsinə xidmət edir. Bu yanaşma həmçinin Cənubi Qafqaz ölkələrinin ticarət yollarını açaraq regional iqtisadi şəbəkələri inteqrasiya edir. Dəhlizin əhatə etdiyi ölkələrin birgə əməkdaşlıq qurması həm də qlobal ticarət axınlarını sürətləndirərək hər bir ölkənin iqtisadi inkişafına təkan verəcək. Qarşılıqlı maraqların birləşməsi isə bu ölkələr arasında müsbət əlaqələrin artmasını təmin edir. Zəngəzur dəhlizi, bir tərəfdən iqtisadi əlaqələri möhkəmləndirir, digər tərəfdən isə, qarşılıqlı etimadın formalaşmasına şərait yaradır.

İqtisadi sülhün uzunmüddətli təsirləri

Zəngəzur dəhlizi təkcə regional iqtisadiyyatı inkişaf etdirmir, həm də bu inkişafı təmin edən iqtisadi sülh modelini həyata keçirir. Bu model qarşılıqlı maraqlara əsaslanan əlaqələrin qurulması və davamlı əməkdaşlıqla sülhü gücləndirir. Zəngəzur dəhlizinin inkişafı regionda sərhəd və iqtisadi blokadaların aradan qaldırılması ilə daha müsbət və konstruktiv əlaqələrin formalaşmasına imkan yaradır.

Cənubi Qafqazda iqtisadi sülhün qurulması, həmçinin region ölkələrinin birgə maraqlar üzərində işləməsini təşviq edir və hər bir tərəfin həm müstəqil, həm də kollektiv şəkildə inkişafına şərait yaradır. Bu, ölkələrin daha güclü regional əlaqələr qurmasına, iqtisadi inkişafı sürətləndirməsinə və xarici məsələlərdə möhkəm mövqelər əldə etməsinə səbəb olacaq.

5. Zəngəzur dəhlizi və Azərbaycanın liderliyi

İlham Əliyev və iqtisadi xəritənin yenilənməsi 

Zəngəzur dəhlizi Azərbaycanın regional liderliyini möhkəmləndirən mühüm vasitədir. Prezident İlham Əliyevin siyasi iradəsi və praqmatik siyasəti nəticəsində bu layihə strateji kommunikasiya baxımından uğurlu nümunəyə çevrilmişdir. Azərbaycan bu prosesdə yalnız tranzit ölkə deyil, təşəbbüskar və əlaqələndirici aktor kimi çıxış edir. Hüquqi çərçivənin yaradılması, regional ölkələrlə razılaşmaların bağlanması və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq ölkənin institusional gücünü nümayiş etdirir.

Bu yanaşma Azərbaycanın çoxvektorlu, balanslaşdırılmış və milli iqtisadi maraqlara əsaslanan liderlik modelinin formalaşmasına imkan verir. Beləliklə, Azərbaycan həm regional, həm də qlobal aktorlar üçün etibarlı və strateji tərəfdaşa çevrilib.

Heydər Əliyevin “güclü iqtisadiyyat – güclü dövlət” strategiyası bu gün Prezident İlham Əliyevin “dayanıqlı, rəqabətədavamlı iqtisadi model” baxışı ilə uğurla reallaşır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası kimi layihələr sayəsində Azərbaycan Avrasiya məkanında strateji tranzit və logistik mərkəzə çevrilməyə başladı. Bu yanaşma Paul Kruqmanın “Yeni iqtisadi coğrafiya” nəzəriyyəsinin real tətbiqi idi – coğrafi üstünlüklərinə və siyasi sabitliyə əsaslanmaqla iqtisadi cəlbediciliyi artırmaq xəttini özündə ehtiva edir.

Zəngəzur dəhlizi – Yeni iqtisadi coğrafiyanın mərkəzi 

Azərbaycanın iqtisadi inkişaf strategiyasında Zəngəzur dəhlizi bütövlükdə regionun gələcək iqtisadi arxitekturasını müəyyən edən əsas transformativ mexanizmdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihə Heydər Əliyevin iqtisadi körpü konsepsiyasının müasir davamı olmaqla Azərbaycanın iqtisadi suverenliyini, milli gəlirlərin şaxələndirilməsini və regional liderlik mövqeyini daha da möhkəmləndirir.

Dəhlizin işə düşməsi Naxçıvan Muxtar Respublikasının blokadadan çıxarılması ilə ölkəmizin iqtisadi məkanının bütövlüyünü və Şərqi Zəngəzur və Qarabağın inteqrasiyası üçün iqtisadi resursların çevik hərəkətini təmin edəcək. Bu isə daxili bazar əlaqələrinin güclənməsi, xərclərin optimallaşması və yeni istehsal və xidmət sahələrinin yaranması baxımından mühüm faktordur. 

Eyni zamanda, Azərbaycan–Türkiyə quru əlaqəsinin bərpa edilməsi ölkənin İpək Yolunun müasir konfiqurasiyasında logistika və tranzit mərkəzinə çevrilməsi prosesini sürətləndirir. Bu, təkcə regional deyil, həm də Avrasiya nəqliyyat dəhlizlərinin gələcək geosiyasi və iqtisadi dinamikasında Azərbaycanın rolunu artırır.

Zəngəzur dəhlizinin iqtisadi vektorları: struktur yanaşma

Zəngəzur dəhlizinin iqtisadi dəyəri təkcə tranzit fəaliyyətin bərpası ilə məhdudlaşmır. O, Azərbaycanın iqtisadi transformasiyasını üç əsas istiqamətdə gücləndirən sistemli təsir mexanizminə çevrilir:

1.     Ticarət dövriyyəsinin genişlənməsi və rəqabət üstünlüyü. Dəhlizin istifadəyə verilməsi yüklərin daşınma müddətini və məsafəsini əhəmiyyətli dərəcədə azaldaraq logistika xərclərinin azalmasına, məhsulların bazarlara çıxışının sürətlənməsinə şərait yaradır. İqtisadiyyatın şaxələndirilməsi və ixracın rəqabət qabiliyyətinin artırılması istiqamətində bu amil həlledicidir. Bu proses Rikardo nəzəriyyəsinin müqayisəli üstünlüklər konsepsiyasına tam uyğun gəlir. İqtisadiyyat daha sürətli bazar çıxışı və aşağı xərc mühitində öz üstün sahələrini daha sərfəli şəkildə reallaşdırır. Rəqəmsal gömrük sistemləri və “yaşıl dəhliz” yanaşması ticarət dövriyyəsinin şəffaflığını artırmaqla, ixrac əməliyyatlarının çevikliyini artırır və hüquqi risklərini isə azaldır.

2.     Tranzit gəlirlərinin artımı və əlavə dəyər zəncirinin formalaşdırılması. Azərbaycanın hazırkı illik tranzit gəliri təxminən 1 milyard ABŞ dollarına yaxın səviyyədə qiymətləndirilir. Orta dəhliz üzrə yük axınının Zəngəzur vasitəsilə artması 2030-cu ilə qədər bu göstəricini ən azı iki dəfə artırmaq potensialına malikdir. Bu yalnız gömrük rüsumları deyil, ətraf regionlarda yaradılacaq logistika, sənaye və xidmət klasterlərinin verdiyi əlavə dəyər, yeni iş yerləri və xidmət ixracı hesabına baş verəcək. Tranzitə bağlı iqtisadiyyatın xidmət sektorlarının inkişafı Azərbaycanın post-sənaye mərhələsinə keçidini sürətləndirir. Endogen artım nəzəriyyəsinə uyğun olaraq, infrastruktur sərmayələri insan kapitalı və texnologiyaların effektivliyini artırmaqla uzunmüddətli iqtisadi artıma transformativ təsir göstərir. Dəhliz boyu yaradılacaq sənaye parkları, logistik hub-lar və s. infrastrukturlar bütövlükdə ölkənin iqtisadi dəyər zəncirini genişləndirəcək.

3.     Xarici investisiya və institusional inkişaf üçün katalizator. Dəhlizin yaratdığı infrastruktur və əlaqəlilik birbaşa xarici investisiya üçün cəlbedici mühit formalaşdırır. Xüsusilə Qarabağ və Naxçıvanda “ağıllı” infrastrukturlar və sənaye parkları beynəlxalq investorlar üçün müasir institusional və texnoloji uyğunluq yaradır. Beynəlxalq nəzəriyyələr də Zəngəzur dəhlizini çoxşahəli qiymətləndirməyə imkan verir. Məsələn, OLI Paradigması çərçivəsində Zəngəzur dəhlizi: a) Azərbaycanın liderlik potensialı (ownership), b) Zəngəzur coğrafiyası (location), c) dəhliz ətrafında dövlət-özəl sektor sinerjisi (internalization) kontekstində qiymətləndirilə bilir.

Sinerji: Zəngəzur dəhlizinin iqtisadi inteqrasiyaya təsirləri

Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türkiyə, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üçün yeni iqtisadi və logistik reallıqlar yaradan strateji layihədir. Bu dəhliz region dövlətləri arasında iqtisadi inteqrasiyanı təşviq etməklə yanaşı, qarşılıqlı asılılıq və əməkdaşlığın dərinləşməsi üçün konkret platforma yaradır.

Eyni zamanda, dəhliz iqtisadi sinerji yaratmaqla region ölkələrinin bir-birini tamamlayan iqtisadi strukturlarını daha sıx inteqrasiyaya sövq edir. Azərbaycan nəqliyyat və logistika mərkəzi kimi rolunu gücləndirməklə tranzit gəlirlərini artırır, qeyri-neft sahələrini inkişaf etdirir. Türkiyə sənaye məhsulları və texnologiya ixracı ilə regional bazarlarda iştirakını genişləndirir. Mərkəzi Asiya ölkələri isə təbii resurslar və kənd təsərrüfatı məhsulları ilə bu inteqrasiyada strateji rolunu möhkəmləndirir. Nəticə etibarilə, Azərbaycan–Türkiyə–Mərkəzi Asiya iqtisadi üçbucağı üzrə qarşılıqlı asılılıq və əməkdaşlıq yeni mərhələyə keçir. 

Bu qarşılıqlı tamamlayıcı Zəngəzur dəhlizini yalnız fiziki logistik layihə deyil, regional iqtisadiyyatların birləşdirici platformasına çevirir:
§  Logistika və ticarətdə səmərəliliyin artması. Zəngəzur dəhlizi ölkələr üçün nəqliyyat və logistika baxımından ən qısa, etibarlı və iqtisadi cəhətdən səmərəli marşrutlardan birinə çevrilir. Dünya Bankına görə, nəqliyyat xərclərinin hər 1%-lik azalması beynəlxalq ticarət dövriyyəsini orta hesabla 0,8% artırır. Zəngəzur dəhlizi bu baxımdan Azərbaycan və qonşu ölkələr üçün yeni iqtisadi dividendlər yaradır. Azərbaycanın ixrac potensialı genişlənir, məhsullar daha çevik və az xərclə Türkiyə və Mərkəzi Asiya bazarlarına çatdırılır. Bunun nəticəsində ölkənin ixracda rəqabət qabiliyyəti artır. Türkiyə üçün bu dəhliz Mərkəzi Asiyaya birbaşa çıxış imkanı yaratmaqla, onun Avrasiya məkanında logistika və ticarət mərkəzi kimi mövqelərini daha da gücləndirir. Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələr isə Avropa və Türkiyə bazarlarına daha sabit və qısa marşrut əldə edir. Nəticə etibarilə, Zəngəzur dəhlizi ticarətin artması və iqtisadi dövriyyənin sürətlənməsi üçün praktik mexanizmə çevrilir.

§  Alternativ ticarət marşrutları və təhlükəsiz tranzit. Son illər qlobal geoiqtisadi mühitdə baş verən dəyişikliklər, xüsusilə Rusiya-Ukrayna müharibəsi və tədarük zəncirində qırılmalar region üçün alternativ, etibarlı və çevik marşrutların əhəmiyyətini artırıb. Zəngəzur dəhlizi bu baxımdan Gürcüstan üzərindən keçən mövcud marşrutlara alternativ yaratmaqla logistik risklərin diversifikasiyasını təmin edir. Eyni zamanda, daşımalar sahəsində rəqabət mühitini genişləndirir, logistik inhisarların zəifləməsi hesabına yükdaşımaların çevikliyini artırır və regional iqtisadi aktivliyi şaxələndirir. Bu üstünlüklər Azərbaycanın tranzit təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, region dövlətlərinə də yeni iqtisadi nəfəs verir. Bütövlükdə, Zəngəzur dəhlizi regional nəqliyyat sisteminin davamlılığını artıran strateji infrastruktur elementi kimi çıxış edir.

§  İxrac bazarlarına çıxışın genişlənməsi − yeni iqtisadi coğrafiya. Zəngəzur dəhlizi Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin ixrac coğrafiyasını genişləndirməklə, onların dünya bazarlarına çıxışını daha əlçatan və səmərəli edir. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artması, ixrac əməliyyatlarının optimallaşdırılması iqtisadi inteqrasiyanın yeni mərhələsinə yol açır. Türkmənistan üçün bu dəhliz ixracda etibarlı marşrut funksiyasını yerinə yetirir. Qazaxıstan və Özbəkistan isə öz məhsullarını dünya bazarlarına çıxarmaq üçün yeni və daha səmərəli logistik imkanlar qazanır. Bu dəyişikliklər idxal-ixrac xərclərinin azalmasına, yeni tərəfdaşlıq imkanlarının yaranmasına və regionun iqtisadi dinamikasına müsbət təsir edir. 

Beləliklə, Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələr daha sistemli və dayanıqlı formatda inkişaf edir. 

Regional iqtisadi inteqrasiyanın dərinləşməsi

İqtisadi inteqrasiya nəzəriyyəsində Balassa yanaşması azad ticarət zonası mərhələsini ilkin və ən əsas addım kimi qəbul edir. Zəngəzur dəhlizinin bu mərhələni reallaşdırması ona görə əhəmiyyətlidir ki: ı) ticarət maneələrini azaltmaqla region ölkələri arasında ticarət dövriyyəsini artıracaqdır. ıı) dəhliz ətrafında logistika və nəqliyyat obyektlərinin birgə istifadəsi iqtisadi səmərəliliyin yüksəlməsinə xidmət edəcəkdir. ııı) Balassa nəzəriyyəsinə görə, regional əməkdaşlığın daha yüksək səviyyəyə (dərin inteqrasiya mərhələsi olan birgə bazar, iqtisadi birləşmə) qalxması üçün mühüm əsaslar yaradır. 

Beləliklə, Zəngəzur dəhlizi əsasında formalaşan regional əməkdaşlıq modeli istifadəçi ölkələrdə iqtisadi səmərəliliyin artırılması və sosial sabitliyin möhkəmlənməsi üçün yeni platformaya çevriləcəkdir. Azərbaycan–Türkiyə–Mərkəzi Asiya xətti üzrə logistik xərclərin azalması, region ölkələrin iqtisadiyyatının diverisifikasiyası və Naxçıvanın inteqrasiyası, Balassa nəzəriyyəsində əks olunan iqtisadi inteqrasiyanın ilkin mərhələsini təcəssüm etdirir. Bu model iqtisadi və sosial transformasiyaya səbəb ola bilər, nəticədə dəhliz boyu dayanıqlı inkişaf və əməkdaşlıq şəraiti möhkəmlənəcəkdir.

6. İlham Əliyevin strateji baxışı: geosiyasi strategiyadan geoiqtisadi reallığa

Zəngəzur dəhlizi, marşrut boyunca sabitliyin təmin edilməsi, iqtisadi transformasiyanın sürətlənməsi və regionun qlobal iqtisadi inteqrasiya prosesinə fəal şəkildə cəlbi baxımından strateji əhəmiyyət daşıyan layihədir. Prezident İlham Əliyevin uzaqgörən liderliyi bu dəhlizi həm də yeni iqtisadi modellərin, regional əməkdaşlıq formatlarının və çoxşaxəli ticarət münasibətlərinin təşəkkül tapdığı kompleks geoiqtisadi platformaya çevirir. 

Yeni geoiqtisadi inkişaf modeli: əlaqəlilik və rəqabətlilik

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı siyasəti klassik əmtəə ixracı modelindən əlaqəlilik və tranzit əsaslı dəyər zəncirinə keçidi təşviq edir. Bu model “Regional qoşulma və transformasiya paradigması” kimi səciyyələndirilə bilər. Burada əsas məqam ondan ibarətdir ki, ticarət, enerji və rəqəmsal axınlar şəraitində coğrafi keçid zonasındakı ölkə özünü mərkəzə çevirmək üçün fiziki və institusional infrastruktur qurmalıdır. Zəngəzur dəhlizi məhz bu yanaşmanın təzahürüdür: burada nəqliyyat, “yaşıl enerji”, rəqəmsallaşma və azad iqtisadi zonalar daxil olmaqla kompleks iqtisadi infrastruktur formalaşır. Bu isə Azərbaycanın yalnız tranzit ölkəsi deyil, regional iqtisadi platforma kimi inkişafına xidmət edir.

Qabaqlayıcı transformasiya: təchizat zənciri risklərinə cavab

Son illər pandemiya və qlobal münaqişələr “just-in-time” (vaxtında istehsal və çatdırma) modelinin risklərini üzə çıxardı. Bunun əvəzinə “just-in-case” (təhlükəsizlik əsasında planlaşdırma) və “friend-shoring” (siyasi etibarlı tərəfdaşlarla əməkdaşlıq) modelləri ön plana çıxdı. Zəngəzur dəhlizi bu kontekstdə “təhlükəsiz, etibarlı və dost mühitli dəhliz” funksiyasını daşıyır. Prezident İlham Əliyev bu qlobal dəyişiklikləri vaxtında dəyərləndirərək Azərbaycanın sosial-iqtisadi infrastrukturunu bu yeni reallığa uyğunlaşdırır və ölkəni təchizat zəncirini yeni dövrə tam hazır edir.

“Qovşaq iqtisadiyyatı” konsepsiyasına inteqrasiya

“Qovşaq iqtisadiyyatı”na görə (Hub Economy) iqtisadi fəaliyyətlər strateji qovşaqlarda cəmləşir və əlaqələndirilir. Müasir dünya iqtisadiyyatında innovasiya, əlaqəlilik və kapital axınları əsasən bir neçə aparıcı iqtisadi qovşaq ətrafında formalaşır və inkişaf edir. Zəngəzur dəhlizi ətrafında yaradılan sənaye zonaları, logistika mərkəzləri və rəqəmsal platformalar məhz bu qovşaq modelinə uyğun iqtisadi infrastrukturun əsasını təşkil edir. Bu, ölkəmizin qlobal iqtisadi şəbəkələrdə mühüm tranzit və iqtisadi mərkəzə çevrilməsinə şərait yaradır. Prezident İlham Əliyevin strateji baxışı isə ölkənin yalnız regional məkanla məhdudlaşmayan, əksinə, qlobal iqtisadi sistemdə fəal iştirak edən, çevik və dayanıqlı aktora çevrilməsini hədəfləyir.

“Yaşıl” tranzit modeli və davamlı inkişaf

Müasir qlobal iqtisadi və ekoloji çağırışlar fonunda Zəngəzur dəhlizi yalnız ənənəvi logistik layihə deyil, həm də innovativ və ekoloji baxımdan dayanıqlı nəqliyyat konsepsiyasının konkret nümunəsidir. İqlim dəyişiklikləri və karbon neytrallığı ilə bağlı beynəlxalq öhdəliklər kontekstində bu dəhlizdə ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsi, bərpa olunan enerji inteqrasiyası və rəqəmsallaşmanın tətbiqi prioritet istiqamətlər kimi müəyyən edilmişdir. Bu yanaşma nəinki tranzit əməliyyatlarının sürətini və şəffaflığını artırır, həm də regionda “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqinə töhfə verir. 

Zəngəzur dəhlizinin bu xüsusiyyətləri onu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə cavab verən müasir iqtisadi infrastruktur nümunəsinə çevirir. Xüsusilə, 9-cu məqsəd (Sənayeləşmə, İnnovasiya və İnfrastruktur), 13-cü məqsəd (İqlim Dəyişikliyinə Qarşı Mübarizə) və 17-ci məqsəd (Tərəfdaşlıqların gücləndirilməsi) baxımından layihənin strateji əhəmiyyəti daha da aktuallaşır.

Siyasi sərhəddən iqtisadi genişlənməyə: yeni geoiqtisadi doktrina

Prezident İlham Əliyevin strateji baxışında Zəngəzur dəhlizi eyni zamanda geoiqtisadi alətlər çərçivəsində nəzərdən keçirilir. Bu layihə Cənubi Qafqazda post-münaqişə dövründə yeni əməkdaşlıq formatını təşviq edir və dəhliz boyunca iqtisadi qarşılıqlı asılılıq vasitəsilə dayanıqlı sabitlik modelini formalaşdırır.

Bununla da dəhliz Azərbaycan–Türkiyə geostrateji tandemi çərçivəsində Mərkəzi Asiya ölkələrinə və Avropaya birbaşa çıxışı təmin etməklə ölkəmizin regional qovşaq və təşəbbüskar ölkə kimi mövqeyini daha da gücləndirir. Bu yanaşma qlobal geoiqtisadi nəzəriyyələrdə “Post-konflikt regional inteqrasiya modeli” kimi tanınan praktiki nümunəyə çevrilir. Burada əsas ideya ondan ibarətdir ki, münaqişədən sonrakı dövrdə iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq sabitlik və təhlükəsizliyin ən effektiv təminat mexanizmi olur. Bu baxımdan Zəngəzur dəhlizi təkcə Azərbaycanın iqtisadi strategiyasının deyil, həm də Cənubi Qafqazın gələcək inkişafında mühüm element kimi çıxış edir.

Beləliklə, Zəngəzur dəhlizi Prezident İlham Əliyevin siyasi iradəsinin iqtisadi nəticəyə çevrilməsinin bariz nümunəsidir. Regionda dayanıqlı iqtisadi əlaqələr, investisiya sinerjisi və sabitlik üçün yeni doktrina formalaşdıran bu layihə eyni zamanda beynəlxalq əməkdaşlıq üçün platforma rolunu oynayır. Azərbaycan bu dəhliz vasitəsilə əməkdaşlıq, çeviklik və dayanıqlılıq modelini dəhliz boyunca praktik formaya çevirir. Bu yol isə sadəcə fiziki yol deyil – iqtisadi dəyərlər, etibar və sabitliyin özülüdür.

Şaiq Adıgözəlov,

iqtisad üzrə fəlsəfə doktoru

Siyasət