ABŞ–Ukrayna: “nadir metallar” sövdələşməsi hara aparır?

post-img

ABŞ Prezidenti Donald Tramp fevralın 26-da bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin cümə günü Vaşinqtona səfəri zamanı “nadir metallar və digər məsələlər haqqında” ABŞ–Ukrayna sazişi imzalanacaq. Prezident Zelenski də okeanın o tayına səfər edəcəyini təsdiqləyib. Bəs bu sövdələşmə tərəflərə hansı üstünlüklər qazandıracaq və ümumiyyətlə, ABŞ-ın Ukrayna resurslarına maraq göstərməsinin arxasında hansı amillər gizlənir?

Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib ki, “Ukraynanın bərpası üçün İnvestisiya Fondunun qaydaları və şərtlərinin yaradılması haqqında Saziş” hazırdır. Söhbət minerallara dair qanuni məcburi olacaq “ilkin müqavilə” dən gedir. Eyni zamanda, ukraynalı nazir xəbərdarlıq edib ki, “nə Ukrayna prezidenti, nə də Ukrayna hökuməti bu sazişə və onun imzalanmasına təhlükəsizlik zəmanətlərindən ayrı baxacaq”. Baş nazirin sözlərinə görə, sənədin 10-cu bəndində bildirilir ki, ABŞ hökuməti Ukraynanın uzunmüddətli sülh yaratmaq üçün zəruri olan təhlükəsizlik zəmanətlərini əldə etmək səylərini dəstəkləyir. Şmıqal əlavə edib ki, növbəti addım beynəlxalq hüquqşünasların cəlb edilməsi ilə müqavilənin hərtərəfli işlənməsi olmalıdır. Bundan sonra təhlükəsizlik zəmanətlərinə yanaşmaların tətbiqi və sənədin son variantının hazırlanması işlərinə başlanılacaq.

Prezident Zelenski də öz növbəsində vurğulayıb ki, ilkin razılaşma başlanğıc nöqtəsi olacaq. O əlavə edib ki, sazişin uğuru onun ABŞ Prezidenti Donald Trampla söhbətindən asılı olacaq: “Bu gün beynəlxalq işlər çox olub. Komandalarımız Amerika ilə işləyir, bu cümə danışıqlara hazırlaşırıq...Sülh və təhlükəsizliyin təminatları Rusiyanın artıq başqa xalqların həyatını məhv etməməsinin açarıdır. Prezident Tramp ilə görüşəcəyəm. Mənim üçün və dünya üçün Amerikanın köməyinin dayandırılmaması vacibdir. Sülh yolunda güc lazımdır”. Dövlət başçısı əlavə edib ki, onun komandası tərəfdaşların hər birindən gələn dəstəyin həcmini təhlil edir.

Ukraynalı ekspert Sergey Sidorenko yazır ki, iki ölkə arasında imzalanacaq sənəd bütün suallara cavab vermir. Tərəflərin indi razılaşdıqları yalnız ümumi Ukrayna–Amerika fondunun yaradılmasına dair çərçivə sazişidir, qarşıda onun fəaliyyəti ilə bağlı yeni danışıqlar gözləyir. Bununla yanaşı, mütəxəssis güman edir ki, ilkin razılaşmanın imzalanması Tramp administrasiyası ilə münasibətlərin ən qıcıqlandırıcısı məqamının gündəmdən çıxmasına şərait yaradacaq.

Ukraynanın imzalanacaq sazişdən nə gözlədiyi məlumdur. Kiyevi təbii sərvətlər müqabilində etibarlı təhlükəsizlik zəmanəti istəyir. Bəs ABŞ-ın gözləntiləri nədən ibarətdir? Prezident Trampın sözlərinə görə, Ukrayna bu resursları ABŞ-a verməlidir ki, ölkə rəhbərliyi Rusiyaya qarşı müharibədə ona dəstəyini davam etdirsin. ABŞ lideri “Fox News”a müsahibəsində bildirib ki, Ukraynaya təxminən 500 milyard dollar ekvivalentində nadir metalları əldə etmək istədiyini deyib və Kiyev də buna razılaşıb. Prezident Trampın təklifi Ukraynada yerləşən mineral ehtiyatların ABŞ üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Bəs onlar nə üçün lazımdır və Vaşinqton bunun müqabilində Ukraynaya nə təklif edə biləcək?

Bu suala cavab axtarmaqdan öncə bilmək lazımdır: Ukrayna nə qədər nadir metal ehtiyatlarına malikdir? Qeyd etmək yerinə düşər ki, “nadir metallar” dedikdə müasir texnologiya və sənayedə geniş istifadə olunan 17 kimyəvi oxşar element başa düşülür. Həmin elementlər smartfonların, kompüterlərin, tibbi avadanlıqların və s. istehsalı üçün çox vacibdir. Bu minerallar ona görə “nadir” adlanır ki, onların yataqlarına bütün dünyada rast gəlindiyinə baxmayaraq, saf formada tapmaq asan deyil. Bundan əlavə, nadir metallar tez-tez torium və uran kimi radioaktiv elementlərlə birlikdə tapılır, buna görə də onların çıxarılması böyük miqdarda zəhərli kimyəvi maddələr tələb edir. Bu da mədən prosesini çətinləşdirməklə yanaşı, həm də hasilatı bahalaşdırır.

Maraqlıdır ki, Ukraynada Avropa İttifaqının (Aİ) “kritik xammal” olaraq təyin etdiyi 30 elementdən 21-i var ki, bu da dünya ehtiyatlarının, təxminən, 5 faizini təşkil edir. Bu elementlərin yataqlarının tapıldığı bir çox ərazilər Ukraynanın cənubunda, əsasən, Azov dənizinin aşağısı hissəsində yerləşir. Həmin ərazilərin əksəriyyəti hazırda Rusiyanın nəzarəti altındadır, lakin Ukraynanın hələ də Orta Buq bölgəsində, eləcə də Kiyev, Vinnitsa və Jitomir vilayətlərində perspektivli layihələri var.

Mütəxəssislərin fikrincə, Ukrayna ərazisində bir neçə yüz perspektivli geoloji obyektin müəyyən edilməsinə baxmayaraq, onların işlənməsi iqtisadi cəhətdən məqsədəuyğun hesab edilərsə, onlardan yalnız bəziləri yataqlara çevrilə bilər. “Benchmark Mineral Intelligence” şirkətinin mütəxəssisi Adam Uebbin sözlərinə görə, ehtiyatlar barədə rəqəmlər çox nisbidir: “Bu mineral yataqlarının iqtisadi ehtiyatlar olduğunu sübut etmək üçün daha çox iş görülməlidir”.

“Forbes Ukraine” jurnalının məlumatına görə, faydalı qazıntı yataqlarının, təxminən, 70 faizi Donetsk, Dnepropetrovsk və Luqansk vilayətlərində yerləşir. Belə ki, onların bir çoxu Rusiyanın nəzarəti altında olan ərazilərdədir. Nadir minerallardan başqa, Ukraynada litium kimi mühüm element yataqları da var. Ukrayna hökumətinin məlumatına görə, ölkənin litium ehtiyatları, təxminən, 450 min ton təşkil edir. Litium hasilatı hazırda Ukraynada aparılmır, amma hökumət hasilata başlamaq barədə düşünür. Hazırda Donetsk vilayətində yerləşən Şevçenkovskoye və Berdyansk vilayətindəki Krutaya Balka kompleks filiz yataqları Rusiyanın nəzarətindədir. Ancaq Kirovoqrad vilayətindəki litium filizi yataqları hələ də Ukraynanın nəzarəti altındadır.

Bəs bu metallar ABŞ-ı niyə belə maraqlandırır? Politoloqların sözlərinə görə, ABŞ-ın nadir metalların və bəlkə də kritik mineralların istehsalına nəzarət etmək marağı, əsasən, Çinlə rəqabətdən irəli gəlir. Məsələ ondadır ki, son bir neçə onillikdə Çin nadir mineralların hasilatı və emalı sahəsində liderə çevrilib. ABŞ-ın bu məsələdə Çindən asılı olması Tramp administrasiyasını həm milli təhlükəsizlik, həm də iqtisadi baxımdan narahat edir. Ona görə ki, bu materiallar mürəkkəb texnologiyaların yaradılması üçün lazımdır. Bu minerallar həm də məişət elektronikası, hərbi və naviqasiya avadanlıqları və ən əsası, süni intellekt məlumat mərkəzləri üçün tikinti bloklarıdır. Xatırladaq ki, ötən ay prezident Tramp ölkənin süni intellekt infrastrukturunun kütləvi şəkildə genişləndiriləcəyini açıqlamışdı. Bunun üçün strateji mineralların – əsasən mis, silisium, palladium və nadir elementlərin böyük ehtiyatları tələb olunacaq. Mühüm mineralların tədarükü artıq azalmağa başlayıb və bu da qlobal təmiz enerji artımının ləngiməsinin əsas səbəbi olub.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına görə, onilliklər ərzində mütərəqqi təkrar emal texnologiyasına və təcrübəyə malik olan Çin indi təbii qrafit və disprosium ehtiyatlarının 100 faizinə, kobaltın 70 faizinə və bütün təkrar emal edilmiş litium və manqanın, təxminən, 60 faizinə nəzarət edir. Qrəb mediası yazır ki, Pekin Afrika, Asiya və Cənubi Amerikada iri mədənlərə sahib olmaqla, bütün dünyada əsas metallara ciddi nəzarət edir. Buna görə də, ABŞ-ın Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi sabiq prezident Co Bayden administrasiyası zamanı belə bir açıqlama yaymışdı ki, Çinin qlobal təchizat zəncirinə artan təsirinə qarşı çıxmaq üçün Birləşmiş Ştatlar öz kritik və strateji minerallar tədarükünü təmin etməlidir.

Belə görünür, Tramp administrasiyası Ukrayna və Qrenlandiyaya tədarük zəncirini artırmaq üçün innovativ üsullardan istifadə edə biləcəyi sahələr kimi baxır. Buna görə də Ağ ev təkidlə Kiyevi sənədi imzalamağa çağırır. Amma Vaşinqtonun iqtisadi maraqlarının təmin olunmasının qarşılığında Ukraynanın həyati vacib hesab etdiyi təhlükəsizliyə zəmanət verəcəkmi? Okeanın o tayından o qədər də aydın olmayan bəyanatlar belə deməyə əsas verir ki, ABŞ və Ukraynanı qarşıda ciddi və gərgin müzakirələr gözləyir.

Səbuhi MƏMMƏDOV
XQ

Dünya