“Politico”: ABŞ Dövlət Departamentinin ştatında ciddi ixtisar planlaşdırılır

post-img

ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentinin işçilərinin və diplomatik missiyaların sayını xeyli ixtisar etməyi, həmçinin xarici siyasət departamentinin səlahiyyətlərini azaltmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, "Politico" qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyasının rəhbəri Dövlət Departamentinin diqqətini hökumət sövdələşmələrinin bağlanmasına, Birləşmiş Ştatların təhlükəsizliyinin təmin edilməsinə, həmçinin ölkəyə xarici investisiyaların cəlb olunmasına yönəltmək niyyətindədir.

Qəzetin yazdığına görə, ABŞ dövlət katibi Marko Rubio diplomatik missiyaları “əhəmiyyətli sayda” ixtisar etməyə hazırdır. Plana əsasən, Renn, Lion, Strasburq, Bordo, Düsseldorf, Leypsiq, Hamburq, Florensiya, Ponta-Delqada və Belu-Orizontidəki konsulluqlar bağlana bilər.

Prezidentin bu planı Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) və onun işinə nəzarət edən sahibkar İlon Maskın təsiri altında hazırladığı bildirilir.

Donald Trampın inauqurasiyasından dərhal sonra qurulan DOGE agentliyi ABŞ-ın büdcə xərclərinin genişmiqyaslı auditinə başlayıb. Yeni qurum fəaliyyət göstərdiyi ilk 80 saat ərzində təxminən 420 milyon dollarlıq lüzumsuz dövlət müqavilələrini ləğv etdiyini açıqlayıb. İlon Mask isə hökumət xərclərini ümumilikdə 2 trilyon dollar azaltmağı hədəfləyir.

Respublikaçı Donald Tramp administrasiyasının ABŞ-ın xarici siyasət alətlərindən biri və digər ölkələrə təsir kanalı olan USAID-ə qarşı fəaliyyəti Demokratlar Partiyasının üzvləri arasında etirazlara səbəb olub. USAID formal olaraq müstəqil agentlik olsa da, əslində, Dövlət Departamentinin tərkibində fəaliyyət göstərir. Fevralın 24-də Ağ ev USAID-də kütləvi ixtisarlara başlayıb.

Dünya