Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan mühacir ədəbiyyatının dünya bestsellerinə çevrilmiş incisi olan “Əli və Nino” romanını Ukrayna dilində nəşr etdirib.
Bu barədə XQ-yə məlumat verən mərkəzin şöbə müdiri Yadigar Məmmədli bildirdi ki, müəllifliyi Yusif Vəzir Çəmənzəminli və Məhəmməd Əsəd bəy (Leo Nissenbaum) arasında hələ də mübahisəli qalmış, ilk dəfə II Cahan savaşından əvvəl Vyanada “Qurban Səid” təxəllüsü ilə nəşr edilmiş bu əsər kimin tərəfindən qələmə alınmasına baxmayaraq, multikultural bir mühitin parlaq bədii əksi olaraq dünyada məşhurlaşmışdır. Ötən əsrin əvvəllərində Azərbaycan həyatındakı tolerantlığı təcəssüm etdirmiş, müxtəlif dilli və inanclı 2 gəncin qarşısıalınmaz sevgisini yüksək insanlıq dəyərinə çevirmiş bu qiymətli əsər dünyanın hər yerində soydaşlarımıza öyünc yaşadır, onlara ölkəmiz barədə xoş sözlər eşitdirir.
Qardaş Türkiyənin, Avropanın və ABŞ-ın tanınmış ədəbi tənqidçilərinin XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirdikləri “Əli və Nino” bu gün də yeni-yeni xarici dillərə tərcümə edilir, milyonlarla sayılan tirajını çoxaldır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu nəcib fəaliyyətə qoşularaq ukrayna dilində nəşr etdirdiyi bu dünya şöhrətli əsər Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin müraciəti əsasında bu ölkənin Bakıdakı səfirliyinin tərcümə dəstəyi ilə işıq üzü görüb.
Qeyd edək ki, mərkəz yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bunlardan biri də “Əli və Nino” əsərinin Azərbaycanda yaşayan müxtəlif xalqların dillərinə tərcümə edilərək çap olunmasıdır. Layihənin ideya müəllifi BBMM-in Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev, layihəyə məsul şəxs isə mərkəzin icraçı direktoru Rəvan Həsənovdur.
“Əli və Nino”nun Ukrayna dilində nəşri bu seriyanın beşinci kitabıdır.
T.RÜSTƏMLİ
XQ