Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
Mədəniyyət Mərkəzinin Heydər Əliyev Muzeyində keçirilən tədbirdə səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, diasporumuzun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər.
İştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Xocalı faciəsi ilə bağlı fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Xocalıda və Dağlıq Qarabağda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Səfir deyib ki, 34 il əvvəl - fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlıları sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini mühasirəyə alıblar. O vaxt şəhərdə könüllülər, qocalar, qadınlar, uşaqlar olub. O zaman Qırmızı Xaç Komitəsi və başqa beynəlxalq təşkilatlar vasitəsilə razılıq əldə edilmişdi ki, dinc əhali üçün sülh dəhlizi açılsın və onlar mühasirədən çıxa bilsinlər. Lakin ermənilər dinc əhaliyə bu dəhlizdən istifadə etməyə imkan vermədilər. Erməni silahlıları soyuqqanlılıqla qocaları, qadınları, uşaqları atəşə tutdular. Diplomat Xocalıda qəddarlıqla öldürülən insanlar, yaralananlar və itkin düşənlər haqqında məlumat verib.
Hüseyn Quliyev deyib ki, britaniyalı jurnalist Tomas de Vaalın “Xocalıda nə baş verib” sualına Ermənistan prezidenti Serj Sarkisyan lovğalıqla belə cavab verib: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, arxayın idilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Lakin biz bu stereotipi sındırmağı bacardıq. Bax, orada bu baş verib”.
Səfir qeyd edib ki, 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı 2012-ci il yanvarın 30-da Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib. Hazırda 12-dən çox ölkə və Amerika Birləşmiş Ştatlarının 20-dən artıq ştatı Xocalı soyqırımını tanıyıb.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Azərbaycan diasporunun fəalı İsmayıl Məmmədov və başqaları Xocalı soyqırımı barədə məlumatların geniş təbliğ edilməsinin, Azərbaycanın haqq səsinin bütün dünyaya yayılmasının vacibliyinə toxunublar.
Mədəniyyət Mərkəzinin “Xarı bülbül” teatr truppasının üzvləri Xocalı faciəsi ilə bağlı kompozisiyaa nümayiş etdiriblər.
Sonra Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib, şəhidlərin ruhuna dua oxunub.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

