Rəsmi İrəvanın kursu ilə oxşarlıq nədədir?
“Artsax dünyanın hər yerində yaşayan ermənilərin məsuliyyəti olaraq qalır”. Belə bir sərsəm fikir Los-Ancelesdə fəaliyyət göstərən “Knock LA” internet media orqanında yayımlanmış məqalədə yer alıb. O Los-Ancelesdə ki, orada ABŞ-dakı erməni diasporunun böyük hissəsi məskunlaşıb. Yəni, təxminən, 200 mindən çox erməni.
Əslində, sözügedən məqalədə vurğu məhz bu məskunlaşmanın üzərinə qoyulur. Vurğu, eyni zamanda, “Azərbaycanın Qarabağı ələ keçirməsinin”, guya Los-Ancelesdə yaşayan ermənilərin həyatını ağırlaşdırdığı üzərindədir. Göründüyü kimi, ortada misilsiz həyasızlıq metodu var. Məqalədə daha hansı cəfəngiyyatların yer aldığına diqqət yetirəcəyik. Amma əvvəlcə bir məqama nəzər salaq.
Tam aydındır ki, Azərbaycanı hədəfə alan bu cür sərsəm yazının qələmə alınması Los-Ancelesdəki erməni lobbi və diaspor təşkilatlarının “işidir”. Yəni, məqaləni hazırlayanlar və yayımının sifarişçiləri məlumdur. Məqsəd də həmçinin – ABŞ administrasiyasına təsir göstərmək. Təsir göstərmək ki, rəsmi Vaşinqton ermənipərəst xətt yürütsün.
Belə təmayüllər əvvəllər də qeydə alınıb. Hazırda isə “Knock LA” media orqanının ortaya atılması acizlikdir. Məsələ ondadır ki, bu sayt Los-Ancelesdəki qatı solçulara məxsusdur. Sayta ümumi rəhbərliyi həyata keçirən “Ground Game” şirkəti şəhərdə fəaliyyət göstərən yerli, solçu yönümlü qrupdur.
Araşdırmalarımız nəticəsində məlum olub ki, bu qrup Los-Ancelesdəki hətta LGTB icmalarından da qat-qat aşağı nüfuza malikdir. O zaman onun media orqanının auditoriyasını düşünək. Gözlər önündə olduqca məhdud çevrə canlanır və bu auditoriya “Knock LA”ya da ciddi media orqanı kimi yanaşmağa imkan vermir.
Əsas məsələ budur ki, belə bir qeyri-ciddi media orqanının sərsəm materialını Ermənistanın özünü ciddi adlandıran media orqanları yayımlayırlar. Daha böyük məqam isə “Artsax” cəfəngiyyatının təbliğində Ermənistan dövlətinin də gizli sövdələşmə payının olmasıdır. Gizlilikdən söz düşmüşkən, aşkar faktı diqqətə çatdıraq.
Məlumdur ki, Azərbaycan Milli Olimpiya Komitəsi 2026-cı il Milano-Kortina Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmaninin və Karina Akopovanın yarış proqramında “Artsax” adlı musiqidən istifadə ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə etiraz ünvanlamışdı. Qaydalara əsasən, erməni idmançıların bu musiqi seçimi Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd hesab olunmuş və buna görə erməni idmançılar yarış zamanı istifadə edəcəkləri musiqinin adını dəyişməli olmuşdular.
Belədə sual yaranır: Ermənistanın müvafiq dövlət qurumunun sözügedən musiqidən xəbəri yox idimi? Yəni fiqurlu konkisürənlər qurumun diqqətindən “sürüşmüşdülər”? Əlbəttə, belə bir hal mümkünsüzdür. Nəticəyə gəlirik ki, “Artsax” ritorikası varsa, bunun rəsmi İrəvanın patronajlığına dair şübhələr yerinə düşür. Üstəlik, bu qənaətə gəlmək üçün başqa məqamları da vurğulaya bilərik.
Məsələn, “Knock LA” bildirir ki, 2023-cü ildə etnik təmizləmə və Azərbaycanın Qarabağa müdaxiləsi əsrlər boyu ermənilərin yaşadıqları torpaqlardan bütün əhalinin köçməsinə səbəb olub. Bu tezisin vaxtilə Ermənistan rəhbərliyi tərəfindən gündəmə gətirildiyinin əlavə sübuta ehtiyacı yoxdur. Media orqanı, həmçinin vurğulayıb ki, “Azərbaycan Qarabağa hücum edəndə” beynəlxalq ictimaiyyətin reaksiyası, guya məyusedici olub və durum yenə də eynidir. Nəhayət, sən demə, Qarabağın qorunması getdikcə daha təcili məsələ kimi təqdim olunur. Çünki “Azərbaycan bölgədəki erməni mədəniyyətini və irsini məhv etməyə, mənimsəməyə davam edirmiş”. Bu tezisin də vaxtilə rəsmi İrəvanın kursunun tərkib hissəsi olduğu məlumdur.
Sonda yenidən “Knock LA” üzərinə qayıdaq. Əvvəldə bildirdik ki, bu media orqanı Los-Anceles solçularınındır. O solçular ki, ekstremist təmayüllüdürlər. Elə “Knock LA” adının tərcüməsi (qapını döymək) də zorakılıq mahiyyətinin bu media qurumu üçün etalon olduğunu müəyyənləşdirir. Deməli, hər şey aydındır. Aydın olmayan isə istər ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarının, istər Ermənistandakı revanşistlərin, istərsə də onların dirijor çubuğu ilə hərəkət edən rəsmi İrəvanın bəzən açıq, bəzənsə gizli şəkildə “Artsax” cəfəngiyyatını diri saxlamaq istəyidir.
Görəsən, saman çöpündən yapışdıqlarının fərqinə varmırlar? Yəqin, varmırlar ki, səmimiyyət göstərmir, onlara uzanan sülh əlini tutmurlar. Deməli, obrazlı desək, boğulacaqlarını düşünməyəcək qədər iflic və xəstədirlər. Güman edirik, əlavə şərhə ehtiyac yoxdur.
Ə.RÜSTƏMOV
XQ

