Zəfərin və intiqamın ünvanı

post-img

Azad şəhərin soyqırımı yaraları sürətlə sağaldılır

Əzəli sakinlərinin işğaldan azad olunmuş ərazilərimizə qayıdışının hər yeni mərhələsi tarixi hadisə, bu müqəddəs torpaqlarımızın hər qarışına üz tutan köç karvanları həsrətin bitməsinin, arzuların reallığa çevrilməsinin təcəssümüdür. Ancaq Xocalıya həyatın qayıtmasının, bu gün külündən yenidən doğulmuş “şəhid şəhər”in evlərinin gur işıqlara qərq olmasının sevinci də, mənası da bir başqadır. 

Qanlı soyqırımının 34-cü ildönümü ərəfəsində əbədi olaraq ata-baba yurdlarına dönmüş xocalılılarla görüşümüzdə bir daha şahidi olduq ki, bu qayıdış XX əsrdə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən olan Xocalı faciəsi qurbanlarının yaxınları, hadisənin şahidləri üçün ən böyük təsəllidir. 
Şəhərə sonuncu, fevralın 16-da həyata keçirilmiş növbəti köç zamanı doğma yurdunda yeni məzilinə qovuşmuş 30 ailədən biri olan Ələkbərovların mənzilində bizi qarşılayanlar arasında hərbi geyimli 2 azyaşı diqqətimizi çəkdi. Söhbətimizə də elə ailənin sonbeşiyi, “polkovnik-leytenant” Məhəmmədlə başladıq. “Niyə hərbi geyimdəsən?” sualımıza qətiyyətlə “çünki böyüyəndə əsgər işləyəcəm” cavabını aldıq. 
Faciə ilə bağlı, özünün dediyi kimi, “bir damcı” məlumatı olan 7 yaşlı Məhəmməd gəldiyi qısa müddətdə Xocalıya əməlli-başlı bağlanıb. Bildirdi ki, pəncərələrindən görünən dağlar da, yeni evləri də, təhsil alacağı məktəb də xoşuna gəlir, həyatındakı bütün bu yeniliklərə görə çox sevinir. Söhbətimizə diqqətlə qulaq asan “baş leytenant” Yusif də başını razılıqla tərpətməklə bibisi oğlu Məhəmmədin sevincinə şərik olduğunu nümayiş etdirdi.
9 yaşı olanda ev-eşiklərindən min bir müsibətlə çıxmağa məcbur olmuş Zəminə Ələkbərova indi geriyə 3 övladı, 6 nəvəsi ilə dönüb. Soyqırımı haqqında danışmaq istədikdə gözlərinin dolduğunu, səhhətinin pisləşdiyini görüb qərara gəldik ki, azad Xocalımızın bu günündən, işıqlı sabahından söhbət edək. Elə Zəminə xanımın qardaşı, insanlıq dramının yaşandığı gecə güllə yarası almış, girov düşmüş qardaşı Ramil də yaşadığı dəhşətləri xatırlamağın onun üçün son dərəcə çətin olduğunu bildirərək söhbətimizə qoşulmadı. 
Öyrəndik ki, 3 gün meşələrdə qalmış Ramil Ağdamın Abdal-Gülablı istiqamətində yaralanıb, atası Bilman, anası Nərminə ilə birlikdə girov düşüb. İtkin düşmüş babaları Əsgərdən isə bu günə qədər xəbər yoxdur. Həmin vaxt Ramilin cəmi 12 yaşı var imiş...
Z.Ələkbərova Xocalının azad edilməsi xəbərini öz ad günündə eşitdiyini, sevincindən ağladığını bildirdi:
– Bir xəbərlə insan necə də xoşbəxt ola bilərmiş! Azad Xocalıda keçirdiyim ilk gecə səhərə kimi yata bilmədim. Onda hələ mən köçməmişdim, qardaşımgilə qonaq gəlmişdim. İndi də hərdən mənə elə gəlir ki, bu qayıdışımızı, sinəmizə çəkdiyimiz təmiz havanı, içdiyimiz suyu, Xocalının daşını-torpağını, dağlarını sanki yuxuda görürəm. Allah şəhidlərimizə rəhmət eləsin! Allah Prezidentimizi qorusun, ordumuzu hər zaman müzəffər etsin!
Çoxmənzilli binada üçotaqlı evlə təmin olunmuş Zəminə xanım dövlətin onların rahat yaşayışı üçün hər cür şərait yaratdığını dedi. Vaxt tapdıqca isə evlərinin həyətində işləyən, əkib-becərən qardaşıgilə köməyə gedir. Söhbətə qoşulan Ramilin həyat yoldaşı Zərifə Ələkbərova Xocalı torpağının bərəkətli, məhsuldar olduğunu dedi. O bildirdi ki, həyətyanı sahələrində iş görmək onlar üçün ən gözəl, qürurverici məşğuliyyətdir. Üstəlik, zəhmətləri də öz bəhrəsini artıqlaması ilə verir. Məsələn, ötən il əkdikləri tərəvəzlərdən yaxşı məhsul götürərək həm təzə-təzə istifadə ediblər, həm də qış üçün lazım olan qədər konservləşdiriblər. İndi də hava imkan verdikcə yeri belləyirlər, torpağı yaz əkininə hazırlayırlar.
Xocalıda daha bir ailənin qonağı olduq. Ailə başçısı Haqverdi Həsənov mənzillərində yaradılmış şəraitdən razılıqla bəhs etdi:
– Dövlətimiz var olsun, bizim üçün yüksək səviyyədə şərait yaradılıb. Ancaq inanın ki, Xocalının quru torpağına qayıtmaq da bizim üçün ən böyük xoşbəxtlik olardı. Çünki Xocalı hamımız üçün müqəddəs ziyarətgahdır. Burada bizim əzizlərimiz şəhid olub. Neçə arzular yarımçıq qırılıb, neçə ümidlər puç olub. İllər boyu neçə-neçə insanımız Vətən həsrətilə dünyasını dəyişib. Arzulayırdıq ki, nə olaydı, tək bircə dəfə o torpaqları görə biləydik. Ona görə də, 34 ildən sonra bura qayıtmışıqsa, mənə daha heç nə lazım deyil. 
Deyirlər, dünyada 7 möcüzə var. Mən müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməyini, bu gün doğma yurdumuza qayıdışımızı 8-ci möcüzə hesab edirəm. 
Həmsöhbət olduğumuz xocalılılar bir məqamı da vurğuladılar ki, soyqırımı qurbanlarının əziz xatirəsini məhz Xocalının özündə anmaq həm onların dərdlərini yüngülləşdirir, həm də şəhidlərimizin ruhu azad Qarabağımızın göylərində dinclik tapır. 
Şükür edirik ki, şəhidlərimizin qisası alınıb, Xocalının günahsız sakinlərinin cəlladları ədalət məhkəməsi qarşısında cavab verərək cəzalarına çatıblar. Şükür edirik ki, torpaqlarımız azaddır və bu azadlıq əbədi olacaq!

Mahir Rəsuloğlu, 
XQ-nin Qarabağ müxbiri
Xocalı



Qan yaddaşı