Qarabağın Cavanşirlər nəslindən olan pakistanlı qonaqlar Ədəbiyyat Muzeyində

post-img

Pakistandan Azərbaycana gəlmiş əslən Qarabağın Cavanşirlər nəslindən olan Əşrəf Şad və xanımı Fatimə Şad Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Əşrəf Şad görkəmli siyasi fantastika, urdu poeziyası və media təhlili üzrə ixtisaslaşmış Pakistan–Avstraliya yazıçısı, şairi və jurnalistidir. Onun xanımı Fatimə Şad isə Avstraliya, ABŞ, BƏƏ, Bəhreyn, Pakistan və Bruneydə 35 ildən çox tədqiqatların müəllifi olan təcrübəli nevroloq, neyrocərrahdır.

Muzeyin ekspozisiyasını heyranlıqla seyr edən ziyalılar Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına sevgilərini bildirib, poeziyamızdan nümunələri böyük həyəcanla dinləyiblər. Yazıçı Əhməd Şad ulu babalarının Qarabağın şanlı Cavanşirlər nəslindən olduğundan fəxarət hissilə danışıb, bu torpağın onun üçün nə qədər müqəddəs və əziz olduğunu söyləyib.

Əşrəf Şad Muzeyin ən qiymətli eksponatlarından sayılan ulu babası Qarabağ xanı Pənahəli xanın gülləbatmaz köynəyini, 18-ci yüzil Qarabağ xanlarının fərmanlarını görüncə təsirlənib. O, Xurşidbanu Natəvan haqqında məlumatı dinləyib, bu nəslin nümayəndəsi olduğu üçün fərəh və qürur hissi keçirdiyini söyləyib. Qonaq hər zaman ürəyində Qarabağı görmək arzusu olduğunu qeyd edib.

Onun xanımı Fatimə Şad dünyada tanınmış neyrocərrah olsa da, ədəbiyyata, poeziyaya xüsusi sevgisi olduğunu vurğulayaraq, özünün urdu və ingilis dillərində şeirlər yazdığını bildirib.

Qonaqlara Azərbaycanın qadın şairləri – Məhsəti Gəncəvi, Doxtəre-Salar, Doxtəre Gavə, Doxtəre Xətib, Doxtəre Səti, Rəziyyə Gəncəvi, Heyran xanım, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Ağabəyim ağa Ağabacı haqqında ətraflı məlumatlar verilib.

Onlar öz ürək sözlərini Muzeyin Təəssüratlar kitabına yazıblar:

“Tomiris Babanlının bu muzeyin hər dövrünü təsvir etməsini dinləmək heyrətamiz bir təcrübədir. Çox istərdim ki, bu müddət ərzində onun hər zalda danışdıqlarını kimsə qeydə alsın. Əməyi keçən hər kəsə, xüsusilə xanım Tomiris Babanlıya təşəkkürlər.” 

Dr. Fatimə Şad

Karaçi, Pakistan

“Mən Azərbaycan ədəbiyyatının tarixini, bütün dövrlərin böyük şairlərini tanıdığım üçün fəxr edirəm. Mən də əcdadlarımın olduğu Qarabağın tarixi ilə tanış oluram”.

Əşrəf Şad
Pakistanlı Avstraliya jurnalisti

Qabil YUSİFOĞLU
XQ





Mədəniyyət