Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının mədəni mülkiyyətinin qanunsuz dövriyyəsi mövzusunda dəyirmi masa keçirilib.
Ölkəmizdə mədəni mülkiyyətin qorunması ilə bağlı həyata keçirilən işlərdən danışan mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, bu məsələ daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub və bu sahədə qanunverici bazanın təkmilləşdirilməsi üzrə mühüm işlər görülüb.
Bildirilib ki, ölkəmizdə tarixi abidələrin monitorinqi, inventarlaşdırılması, abidələrin bərpa və konservasiyası, tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, mədəni irsin qorunması (qanunsuz müdaxilələrin qarşısının alınması) hər zaman diqqətdədir. Azərbaycan mədəni irsin mühafizəsi məsələlərini tənzimləyən bütün beynəlxalq universal konvensiyalara qoşulub.
Nazir Birinci Qarabağ müharibəsi vaxtı və işğal illərində mənfur ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda daşınar və daşınmaz mədəni irsimizin məhv edilməsi və qanunsuz çıxarılmasından da söhbət açıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun moderatorluğu ilə davam edən tədbirdə Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədova, Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı, Türkiyənin Mədəniyyət Nazirliyinin mədəni irs və muzeylər şöbəsinin müdir müavini Bülent Gönültaş və başqaları çıxış edərək mədəni mülkiyyətin qorunması sahəsində görülən işlərdən danışıblar.
XQ