Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası qurumun prezidenti Tomas Baxın istefasını qəbul edib.
Bu barədə BOK-un rəsmi saytı məlumat yayıb. Qərar iyunun 23-də bütün səlahiyyətlər yeni rəhbərə verildikdən sonra qüvvəyə minəcək. Tomas Bax bundan əvvəl Beynəlxalq Olimpiya Komitəsinin prezidenti vəzifəsinə növbəti seçkidə iştirak etməyəcəyini bildirmişdi. Seçkilər bu ilin martında BOK-un Yunanıstanda təşkil ediləcək sessiyasında keçiriləcək.
Qeyd edək ki, Tomas Bax 1991-ci ildə BOK-un, 1996-cı ildə isə BOK İcra Şurasının üzvü seçilib. 2013-cü ildən BOK-un prezidenti vəzifəsində çalışırdı. O, qılıncoynatmanın rapira növü üzrə komanda yarışlarında 1976-cı il Yay Olimpiya Oyunlarının və 1977-ci il Dünya çempionatının qalibi olub.
L.AZAD
XQ